“Oğlumu öldürüb orqanlarını satıblar”
xeberinfo.com: “Orxan 2013-cü il, dekabrın 10-dan 11-nə keçən gecə saat 1 radələrində öldürülüb. Bundan 10 dəqiqə əvvəl qardaşı Rövşənlə telefonda danışıb. Orxanın əsgər yoldaşlarının hamısı ilk ifadələrində onun yatdığını deyiblər. Biz sübut edəndə ki, oğlum həmin vaxt qardaşı ilə danışıb, bundan sonra əsgərlərin ifadəsi dəyişdirilib. İkinci ifadədə əsgərlər Orxanın həmin zaman yatmadığını, telefonla danışdığını deyiblər” – bunu dünən RATİ-də 2013-cü ildə hərbi xidmətdə müəmmalı şəkildə dünyasını dəyişən Orxan Əliyevin atası Şirazi Əliyev oğlunun ölümüylə bağlı başlanmış cinayət işinə xitam verilməsi ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.
Oğlunun əsgər yoldaşlarını susdurulduğunu deyən Şirazi Əliyevin fikrincə eyni sözü hamıya əzbərlədiblər: “Bütün əsgərlər eyni sözləri deyirlər. Guya Orxan yatdığı yerdə ölüb. Orxan alayda qaçış üzrə birinci yeri tutub və komandiri də onu mükafatlandırılıb. Oğlum fiziki cəhətdən tam sağlam, idman yarışlarının qalibi, pəhləvan cüssəli idi. İndiyə kimi bir nəfər belə tutulmayıb. Amma söz vermişdilər ki, araşdırma aparacaqlar. Amma heç bir nəticə yoxdur. Hamısı biri-birinin üzərinə atır. Mən oğlumu vətənə xidmətə yollamışdım, amma özünü yox, meyitini geri aldım. Heç kim də maraqlanmadı”.
Şirazi Əliyevin sözlərinə görə, Orxan Əliyev məzuniyyətdən qayıtdıqdan sonra peyvənd vurulmayıb: “Oğlum məzuniyyətdən qaytıdıqdan sonra - 2013-cü il, noyabrın 1-də əsgərlərin kütləvi peyvənd edilməsi zamanı peyvənd edilməyib. Onu bilərəkdən peyvənd etməyiblər. Oğlumu orqanlarına görə qətlə yetirəcəklərini bildikləri üçün peyvənd etməyiblər. Çünki orqanları satılacaq şəxsə peyvənd vurulması onun orqanlarının zəifləməsinə səbəb olur. Oğlum digər 32 əsgərdən fərqli olaraq içki içməyən, siqaret çəkməyən uşaq idi”.
Oğlu vəfat edəndən bir neçə dəqiqə sonra hərbi hissə komandiri Nəsib Ramazanovun göstərişi ilə morqa aparıldığını deyən ata bildirir ki, Orxanın orqanları çıxarılıb: “Onun orqanları hərbi hissə komandirinin göstərişi ilə çıxarılıb. Hadisə baş verən zaman əsgərlər tibbi işçilərini çağırsalar da heç bir yardım göstərilməyib. Bizə hadisə baş verən vaxt xəbər verilməyib. Ailə üzvlərindən heç kim olmadan onun orqanları çıxarılıb. Bu isə qanun pozuntusudur. Orxan vəfat edən zaman Hərbi Prokurorluqdan da heç kim çağırılmayıb. Hərbi Prokurorluqdan nümayəndələr gələndə Orxan artıq morqda olub və onun orqanları çıxarılıb”.
Orxanın atası onun əsgər yoldaşları ilə görüşdüyünü, onların məcburən belə bir ifadə verməyə məcbur edildiklərini söylədi: “Orxanın əsgər yoldaşları mənə dedilər ki, hədə-qorxu gəldikdən sonra biz belə bir ifadə vermişik. Orxan buna layiq deyildi”.
Ş.Əliyev hərbi prokuror Xanlar Vəliyev başda olamaqla bir çox rəsmilərlə görüşdüyünü, rəsmilər tərəfindən cinayət işinin araşdırılacağı ilə bağlı vəd aldığını, ancaq heç bir tədbir görülmədiyindən və günahkarların cəzalandırılmamasından narazılığını bildirdi.
Tərtər hərbi prokuroru Fuad Məmmədov əsgər Orxan Əliyevin ölümü ilə bağlı cinayət işinin başa çatması haqda Ş.Əliyevə məlumat verib.
Ş.Əliyev belə bir qərarın çıxarılmasının səbəbini Hərbi Prokurorluqla Müdafiə Nazirliyi arasında olan birgə fəaliyyətdə görür: “Cinayət işinə xitam verildi. Bu da onu sübut edir ki, Hərbi Prokurorluq yalnız Müdafiə Nazirliyinin qayda pozuntularına yol vermiş bir neçə zabitinin cəzalandırılması işinə baxır”.
Ş.Əliyev oğlunun ürək xəstəliyindən vəfat etmədiyini söylədi: “Əgər oğlum ürək xəstəliyindən ölübsə, onun ürək xəstəliyi varsa, onu niyə əsgər aparırdılar?”.
Əsgər ailəsi Müdafiə Nazirliyi tərəfindən göstərilən laqeyd münasibətdən də narazılığını dilə gətirdi: “Orxan öldükdən sonra cənazəsini evə gətirdilər. Amma sonra bir dəfə də olsun maraqlanmadılar. Onlardan yardım gözləmirdik. Heç Müdafiə Nazirliyindən bizi qəbul edən də olmadı ki, dərdimizi danışaq”.
Orxan Əliyevin atası maraqlı bir faktı da açıqladı: “Oğlumun öldürüldüyü hərbi hissənin komandiri Nəsib Ramazanov Bərdə korpusuna yeni vəzifəyə göndərilib. O, korpus komandirinin müavini vəzifəsinə təyin edilib. Cinayət işinin davam etdirildiyi bir vaxtda onun yeni yüksək vəzifəyə təyin edilməsi də qanun pozuntusudur”.
Orxan Əliyevin qardaşı Rövşən Əliyev qardaşının öldüyü gün onunla telefonda danışdığını söylədi: “Biz Orxanla danışarkən o, kiminləsə mübahisə edirdi. Söyüş söyürdülər. Mən Orxandan təmkinli olmasını xahiş etdim, 6 ayının qaldığını dedim. Sonradan onun öldürüldüyü xəbərini eşitdik”.