"Tərəf müqabilim Fazil Mustafa deyil, Fətullah Güləndir" - Deputatla jurnalist arasında QALMAQAL
Millət vəkili Fazil Mustafa tanınmış jurnalist Aqil Ələsgəri məhkəməyə verir.
"Xeberinfo.com": Məlumata görə, bu barədə deputat öz facebook səhifəsində yazıb.
F.Mustafanın sözlərinə görə, jurnalist Aqil Ələsgər rəhbərlik etdiyi saytda deputatı təhqir edib: Həmin statusu təqdim edirik: “Haqqımda təhqiramiz yazı yazmış Aqil Ələsgər və onu yerləşdirmiş Azerinfo.org saytını məhkəməyə vermək barədə qəti qərara gəldim. Buyurub yazdıqlarını sübut etsinlər, əsas məqsəd odur ki, kimsə evində olan problemin səbəbini başqa yerdə bundan sonra daha axtarmasın. Adam haqqında jurnalist çevrəsindən maraqlandım, elə bir obrazını təqdim etdilər ki, inanın ki, əl verib görüşməyə utanarsınız. Çox zaman məhz bu kimliklər üzərimizə utanmadan gəlirlər.
Maraqlıdır ki, Aqil Ələsgərin adı Ergenekon davasında da Türkiyə hakimiyyətinə qarşı komplolarda yer alır. İndi birdən-birə Türkiyə hakimiyyətinin müdafiəçisi kimi çıxış edərək Azərbaycanlıların əleyhinə mövqe sərgiləməsi düşündürücüdür. Təbii ki, Ergenekon da siyasi bir dava idi və hüquqi əsası olmadığına görə dayandırıldı. Ancaq bütün hallarda Ərdoğan hakimiyyətini devirmək üçün qurulduğu iddia olunurdu və maraqlıdır ki, Azərbaycanda da əsasən bu şəxsin adı hallanırdı. İndi qatı Ərdoğan kursunun müdafiəçisinə çevrilməsi və onların gözündə bəraət alması üçün Azərbaycanın millət vəkillərinə, litsey məzunlarına böhtan atması anlaşılandır”.
Hazırda Türkiyədə olan araşdırmaçı-jurnalist Aqil Ələsgər isə Qaynar.info-ya açıqlamasında bildirib ki, deputatı təhqir etməyib: "Fazil Mustafa özünü elə aparır ki, guya məni tanımır və haqqımda araşdırma aparır. Biz ən azı 15 ildir bir-birimizi tanıyırıq və ən azından dəfələrlə "Әbu Bəkr" məscidində, süleymançıların "Quran" kursunda bərabər namaz qılmışıq. O, hansısa deputata yarınmağa adət etmişlərdən soruşana qədər mənim özümdən maraqlandığı sualları soruşsaydı, bütün suallarını cavablayardım. Çox təəssüf ki, Azərbaycan hakimiyyətini zaman-zaman söz azadlığını boğmaqda suçlayanaların özləri haqqında kiçik bir söz dedikdə, məhkəməyə qaçırlar. Şükür Allaha ki, mən Fazil Qəzənfəroğlunu təhqir etməmişəm. Lakin diqqət edirsinizsə, o, özündən daha çox Gülən litseylərinin davasını aparır və mənim bu liseylərlə bağlı fikirlərimi təkzib etməyə çalışır. Faktiki olaraq, o, mənimlə Gülən liseylərinin vəkili kimi çıxış edir və o şəbəkə ilə bağlı yazdıqlarımı və şəxsiyyətimi hədəf seçir".
Jurnalist bildirib ki, əgər deputat onu məhkəməyə versə, eyni zamanda o da F.Mustafanı məhkəməyə verəcək: "Biz istərdik ki, hər hansısa məhkəmə-dava olmasın. Etirazı varsa, gəlsin, fikirlərini bizimlə bölüşsün. Ancaq o, məhkəmə yolunu tutursa, biz də qarşılıqlı olaraq, onun aşağılayıcı münasibətinə görə məhkəməyə müraciət edəcəyik. Biz hesab edirik ki, böyük dahilər yetişdirmiş Azərbaycan təhsilini təhqir edib, fətullahçı yuvalarının bağlanmasını faciə kimi qələmə vermək Azərbaycan deputatına yaraşan hal deyil. Ergenekon məsələsinə gəlincə, o məsələ fətullahçılar əleyhinə yazdığım yazılara görə, məhz bu şəbəkənin iftirası idi və təəssüf ki, əli hər şeydən üzülən Fazil Mustafa fətullahçı yalanına sarılıb. Bu mənim Türkiyə hökuməti və mühafizəkar medianın nəzərində gözdən salınmağıma hesablanmış addımdır. Mən 10 ildir ki, hər il işlərimlə əlaqədar ən az bir neçə ay Türkiyədə oluram. Ergenekon ilə yaxından-uzaqdan əlaqəm olsaydı, mənim başım çoxdan getmişdi. Mən neçə illərdir ki, Türkiyədə erməni məsələsi ilə bağlı çalışıram, müxtəlif konfranslara qatılıram. Fətullahçıların hədəfində də məhz hər şeydən öncə Fazil Mustafanın Azərbaycanda lisey açmasını arzuladığı ermənilərə qarşı mübarizə aparanlar olub. Nə yazıq ki, Fazil Mustafa bu gün bilərəkdən və ya bilməyərəkdən Fətullah Gülənin əlinə oynayır. Bu səbəbdən mən hesab edirəm ki, məhkəmədə tərəf müqabilim Fazil Mustafa deyil, məhz Fətullah Güləndir".