Tanınmış vəkil baş prokurora müraciət etdi
“Kamran Həsənli və himayədarları hüquqa qalib gəlməsi münasibətilə 29 dekabrda Bakının məşhur restoranlarının birində qonaqlıq keçirirlər. Bunlar kimə qalib gəliblər? Nəyi qeyd edirlər? Cinayətkar məsuliyyətə cəlb edilməyib. Himayədarların köməyilə məsuliyyətdən kənar qalmaq qələbədir? Hüququn məğlubiyyəti nə vaxtdan qələbə sayılır? Məgər bu adam hüquqdan bu qədər üstündür? Biz onun cinayətinin sübuta yetirilməsi üçün daha hansı vasitəyə baş vuraq?”
Yenixeber.org: Bunu müğənni Samir Piriyevin vəkili, Ceyhun Yusifov bildirib.
Vəkil Ceyhun Yusifov məsələyə yenidən baxılması üçün baş prokuror Zakir Qaralova müraciət edib:
“Biz, doğrudan da, şahid olduq ki, Kamran Həsənli öz havadarları ilə hüquqa güc gəldilər. Bu, çox məyusedici haldır. Faktlar, səs yazıları təqdim olunur, insan özü etiraf edir. K. Həsənli dələduzluq yolu ilə əldə etdiyi 35 min dollara yaxın vəsaiti qaytarıb. Guya şərik kimi istintaqa təqdim olunan adam Türkiyədə saxlanılır və ifadə verir ki, Samirdən pul almayıb. Pulu Kamran ondan necə alıbsa, ondan da istəsin. Nərimanov rayon Prokurorluğu bunları nəzərə alıb cinayət işi başlasın. Bu qədər fakt ola-ola cinayət işi 2 ilə yaxın uzadılır.
Göstəriş oldu ki, türk Erhan yenidən Bakıya gətirilsin və dindirilsin. İndi türk Bakıya gəlmirsə, iş xitama getməlidir? Erhan əsl həqiqəti Türkiyədə saxlanılanda deyib
Anlamırıq, istintaqa başqa nə lazımdır?! Artıq belə çıxır ki, dələduzluq elə, Bakıda kimdənsə pul al, sonra da istintaqa söylə ki, pul məndə deyil, 3-cü ölkədə filankəsdədir, oradan da heç bir sənəd təqdim etməyən biri desin ki, mənə heç kəs pul verməyib və dələduz cəzasız qalsın?
Kamran Həsənli işi ört-basdır edən şəxslərə tanınmış restoranların birində hər gün qonaqlıq versin, işin bağlanılmasını qeyd etsin”.
Qeyd edək ki, müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı pul qalmaqalı davam edir. Kamran Həsənli Samir Piriyevin 115 min manat pulunu mənimsəyib.