“Lotu Quli”yə sui-qəsd cəhdi:“Lənkəranski”nin qardaşının deportasiyası gözlənilir - FOTOLAR
Yenixeber.org: Həbsdən buraxıldıqdan sonra İstanbulda mənzillənən məşhur kriminal avtoritet “Lotu Quli”ni öldürmək üçün gedən killerlər qrupunun bəzi üzvlərinin, o cümlədən “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyevin Azərbaycana deportasiyası gözlənilir. Bu barədə virtualaz.org-a İstanbuldakı mənbələr bildiriblər.
Xəbər verdiyimiz kimi Namiq Canıyev də daxil olmaqla sui-qəsd planı hazırlayan qrupun üzvləri ötən axşam İstanbulun Baxçalıevlər məhəlləsindəki “Ömür” tiarət mərkəzinin restoranında keçirilən xüsusi əməliyyatda saxlanılıb.
Əməliyyatı antiterror polisi keçirib və silahlı qrupa qarşı əməliyyat zamanı küçədə hərəkət dayandırılıb, ticarət mərkəzinə giriş-çıxış kəsilib. Əməliyyatda Namiq Canıyevlə birlikdə tutulanlar bunlardır: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.
Döyüş qumbaraları ilə “Lotu Quli”nin malikanəsinə basqın planı
Saxlanılanların üzərindən tapançalarla yanaşı döyüş qumbaraları da aşkar edilib. Mənbələrimiz bildirir ki, söhbət adi sui-qəsd əməliyyatından deyil, “Lotu Quli”nin mənzilləndiyi malikanəyə silahlı hücumdan və əsl döyüş əməliyyatı planından gedir. Həmin qrup malikanəyə basqın edərək kriminal avtoriteti və ətrafındakıları öldürməyə hazırlaşırdı. İstisna deyil ki, tutulanlar həmin planda iştirak etməli olan qrupun üzvlərinin ancaq bir qismidir.
Türkiyə mətbuatı da bu xüsusi əməliyyat barədə yazır. Hərçənd Türkiyə KİV-lərinin xəbərlərində “Rövşən Lənkəranski”nin qardaşının və onunla birlikdə tutulan Azərbaycan vətəndaşlarının adları keçmir.
Bildirilir ki, polis əməliyyat məlumatı əsasında hərəkətə keçib. Polisə daxil olan məlumatda deyilirdi ki, “Ömür” ticarət mərkəzində silahlı şəxslər var. Bu məlumat əsasında əməliyyata başlayan xüsusi təyinatlı polislər ticarət mərkəzinin ətrafında təhlükəsizlik tədbirləri görüb, nəqliyyatın hərəkəti dayandırılıb, təcili tibbi yardım maşınları səfərbər olunub.
Mehmet Sabri Şirin-heroin kralı, qəddar mafioz
Ticarət mərkəzinə giriş-çıxışı bağlayan xüsusi təyinatlılar içəri daxil olaraq Türkiyənin ən qəddar kriminal qruplaşmalarından biri olan “Şirinlər” mafiyasının lideri Mehmet Sabri Şirin də daxil olmaqla 8 nəfəri saxlayıb. Onların üzərindən çoxlu sayda silahlar və bu silahlara aid patronlar çıxıb. Ticarət mərkəzinin avtoparkında həmin şəxslərə aid avtomobillər də nəzarətə alınıb.
Polis qaynaqları tutulan şəxslərin terror təşkilatları ilə bağlantılarının olmadığını açıqlayıblar. Lakin məlumatlara görə xüsusi təyinatlı polislərin mülki geyimdə ticarət mərkəzinə daxil olaraq mafiya üzvlərinə qarşı əməliyyat keçirdiyini görənlər onların terrorçular olduğunu zənn ediblər və həyacanla polisin qaynar xəttinə zəng vuraraq “silahlı terror basqını” barədə məlumat veriblər. Bildirilir ki, mafiya üzvləri bir müddətdir polis tərəfindən izlənilirmiş.
Türkiyə mənbələrinin məlumatlarına görə Mehmet Sabri Şirinin lideri olduğu “Şirinlər” mafiyası heroin ticarəti də daxil olmaqla mütəşəkkil cinayətkarlıq fəaliyyətinə nəzarət edən ən güclü qruplaşmalardan biridir. Son vaxtlar bu qruplaşma ilə “Sarallar” adlı mütəşəkkil qruplaşma arasında əsl müharibə gedir. Müharibənin səbəbi iki qruplaşma arasında heroin ticarətindən əldə edilən gəlirlərin bölüşdürülməsi üstündə yaranan mübahisədir.
İstanbulda atışma: “Şirinlər” itki verir...
Məsələn, bu ilin iyun ayında İstanbulun Göngörən məhəlləsində “Sarallar” qruplaşmasının silahlıları “Şirinlər” qruplaşmasının üzvlərinə hücum edib. Menderes küçəsi ilə hərəkətdə olan avtomobildəki silahlılar düşmənlərinə “Kalaşnikov” avtomatlarından yaylım atəşi açıblar. Bu zaman “Sarallar” qruplaşmasının üzvləri də onlara cavab atəşi açıb. Atışmada “Sirinlər” qruplaşmasının 1 üzvü öldürülüb, 3 üzvü yaralanıb. Habelə təsadüfən küçədən keçən 7 nəfər güllə yarası alıb. Həmin atışmadn sonra əməliyyat keçirən polis “Sarallar” mafiyasının basqında iştirak edən üzvləri də daxil olmaqla 11 üzvünü həbs edib.
Həmin silahlı basqının sifarişçisi, “Sarallar” mafiyasının qollarından birinin lideri Ümit Saralın barəsində axtarış elan olunub.Bildirilir ki, Ümit Saralla Mehmet Sabri Şirin arasında heroin ticarətindən əldə edilən pulların bölüşdürülməsi ilə bağlı münaqişə hökm sürür. Bu münaqişənin nəticəsi olaraq hər iki tərəfdən xeyli ölən və yaralanan var. Ümit Saral 2016-cı ildə Mehmet Sabri Şirinin qardaşı Kenan Şirinin öldürülməsini təşkil edib.
Bir ucu Abdullah Çatlıya gedib çıxan mafiya hesablaşması
“Şirinlər” mafiyası habelə bir ucu məşhur Susurluk qalmaqalının qəhrəmanı, əfsanəvi mafiya lideri Abdullah Çatlıya bağlı olan “Tarzanlar” qruplaşması ilə də müharibə vəziyyətindədir. “Tarzanlar” mafiyasının lideri İskender Gürler 1998-ci ildə “Şirinlər” mafiyası tərəfindən “Kalaşnikov”la öldürülüb.
Həmin qətli həyata keçirən killer Mehmet Yılmaz ömürlük həbs cəzası alsa da 8 il sonra əfv edilib və azadlığa çıxıb. Lakin azadlığa çıxdıqdan qısa müddət sonra öz oğlu, 19 yaşlı Salih Can Yılmaz tərəfindən Adanada güllələnib. Oğlu məhkəmədəki ifadəsində deyib ki, atasını anasını illər əvvəl döyüb şikəst etdiyi, onun özünü isə 6 yaşında olanda zorladığı, hadisədən əvvəl təkrar zorlamağa cəhd etdiyi üçün öldürüb.