Fariz Nəcəfov:Mən danışsam...
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov "Zirə" oyunundan (1:2) sonra sualları cavablandırıb
Yenixeber.org: Apasport.az-a istinadən həmin müsahibəni təqdim edir:
- Tribunalarda nə baş vermişdi?
- Azarkeşlərlə polislər arasında anlaşmazlıq yaranmışdı, danışdıq, polislər sağ olsunlar, bizi başa düşdülər, bir neçə azarkeşimizi götürmüşdülər, onları da buraxdılar. Problem yoxdur.
- Hakimlərin ikinci hissədəki idarəçiliyini necə dəyərləndirirsiniz?
- Mən danışsam, obyektiv olmaz, çünki maraqlı tərəfəm. Siz qiymət verin ona. Mənə gəlincə isə, penalti epizodunun təkrarına baxdım, mənə elə gəlir ki, simuliyasiya yox idi.
- Hesab eləmirsiniz ki, ötənilki ssenari yenidən başlayıb? Hansı ki, baş məşqçiniz Roman Qriqorçuk tez-tez deyirdi ki, hakimlər bizə imkan vermirlər...
- O barədə danışmaq üçün hələ çox tezdir. Bir oyunla belə fikirləşmək olmaz. Özümüzdə də günah axtarmalıyıq. İkinci hissədə 10 nəfərlə göstərdiyimiz oyunu ilk hissədə göstərməli idik. Müəyyən səbəblərdən alınmadı oyun. Bizdə də günah var, hər şeyi hakimin üstünə atmaq da düzgün deyil.
- Cavid Hüseynovun qovulması ilə bağlı tədbir olacaqmı?
- Mənə elə gəlir ki, Cavid orada oyunçunu vurmaq istəmirdi. Təkrara baxacağıq. Düşünürəm ki, o, narazılığını kobud şəkildə bildirərkən, əli oyunçuya toxundu. Özündən də soruşarsınız, məncə, vurmaq məqsədilə atmadı əlini.
- Bənzər epizod ikinci hissənin sonunda Təmkinlə Xəlilovla Stankoviç arasında yaşandı. Təmkin sanki vurdu serb oyunçunu...
- Maraqlıdır, niyə onlar vuranda "sarı" olur, biz vuranda "qırmızı"? Niyə eyni vəziyyət bizim qapıya penalti olur, onların qapısına olmur? Çox müəmmalıdır, ona görə də təkrara baxmaq lazımdır. Fariz Yusifov təcrübəli hakimdir. Son vaxtlar bizim çox oynumuzu idarə edib, demək olar ki, nöqsansız olub. Belə oyunlarda, belə səhvlər gərək olmasın.
- Belə səhvlərdən sonra komandanı toparlamaq nə dərəcədə mümkündür?
- Hər uduzduğumuz oyundan, hakim səhvindən sonra ruhdan düşmək olmaz. Bu, yaddan çıxmalıdır, növbəti matça köklənmək lazımdır.