Qüds İslam Dünyasının Gənclik Paytaxtı elan olundu
Yenixeber.org: Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun İstanbul baş qərargahında beynəlxalq təşkilatlar və media nümayəndələri üçün keçirilən tədbirdə “Qüds İslam Dünyasının Gənclik Paytaxtı - 2018” beynəlxalq proqramının işçi planı üzrə Fələstin Dövlətinin Gənclik və İdman Naziri Cibril Rəcub və İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov arasında müvafiq protokol imzalanıb.
Qeyd etmək lazımdır ki, protokolun imzalanması Fələstin xalqının son həftələr ərzində Əl-Aqsa məscidində məruz qaldığı hüquq pozuntularına cavab olaraq bu ilin 25 iyul tarixində İƏT Gənclər Forumu İdarə Heyətinin, Qüdsü 2018-ci il üçün“İslam Dünyası Gənclik Paytaxtı” elan etməsi ilə bağlı qəbul etdiyi qərarın icrası çərçivəsində baş tutub.
Qeyd edilməlidir ki, 2017-ci il, 1 avqustda İstanbulda baş tutan İƏT Xarici İşlər Nazirlərinin Qüdslə bağlı fövqəladə iclasında qəbul edilən yekun bəyannamədə də Qüdsün İslam dünyasının Gənclik Paytaxtı Seçilməsi ilə bağlı sözügedən qərar öz əksini tapıb.
İstanbulda tərəflər arasında imzalanan protokoldan sonra keçirilən mətbuat konfransında çıxış edən İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov bildirmişdir: “Əl-Aqsa məscidində zülmə uğrayan tək qardaş Fələstin xalqı deyil, bütün müsəlmanlar, bütün insanlığın sahib olduğu ortaq dəyərlərdir. İƏT Gənclər Forumu olaraq, 2018-ci il üçün Qüdsü Gənclik paytaxtı elan etməyimiz tarix qarşısında fələstinlilərin haqq mübarizəsi üçün məsuliyyət daşıdığımızın təcəssümüdür”.
Tədbirdə çıxış edən Fələstinin Gənclik və İdman Naziri Cibril Rəcub qərarla bağlı İƏT Gənclər Forumuna öz xalqı adından təşəkkürünü bildirərək bunları qeyd edib: “Bu qərarın qəbul edilməsindən dərhal sonra işçi planın imzalanması müsəlman dünyasına və dünya ictimaiyyətinə bir çağırış olmaqla yanaşı, fələstinlilər və Qüdslə həmrəyliyin praktik sahədə həyata keçirilməsini əks etdirən dəyərli və vacib bir addımdır”. Nazir çıxışında eləcə də BMT və İƏT qərarlarına istinadən Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olması faktına da öz diqqətini yönəldib.
İƏT Gənclər Forumunun sədri E.İskəndərov proqram çərçivəsində bir il ərzində Qüds şəhərində rəhbəri olduğu təşkilatın və Fələstin Gənclik və İdman Nazirliyinin koordinasiyası ilə dünyanın müxtəlif ölkələrindən olan gənclərin iştirakı ilə bir sıra tədbirlərin həyata keçiriləciyindən bəhs edərək bildirilib ki, akademik, mədəni və könüllü yardımlaşma prinsipləri əsasında baş tutacaq tədbirlər müsəlmanların ilk qibləmizin olduğu Qüdsü həm də ziyarət etmələri üçün mühüm vasitə rolunu oynayacaq. Tək Qüdsdə deyil, bütün islam coğrafiyası və dünyanın bir çox yerində həyata keçiriləcək tədbirlər ilə bu şəhərin müsəlman identikliyi, Fələstin xalqının təməl haqları və Qüdsün 3 dinin ortaq müqəddəs şəhəri olması kimi mövzular dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq.
Qeyd etmək lazımdır ki, “İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramı İƏT Gənclər Forumunun təşəbbüsü və koordinasiyası ilə ilk dəfə 2015-ci ildən həyata keçirilməyə başlamış, 2016-cı ildə İstanbul, 2017-ci ildə isə Malayziyanın Putracaya, Mərakeşin Fəs və İranın Şiraz şəhərləri İslam dünyası gənclər paytaxtı elan olunub.