Dustaqlar İlham Əliyevi həbsxanaya dəvət etdilər
"Xeberinfo.com": 12 saylı Cəzaçəkmə Müəssisənin dustaqları İlham Əliyevi həbsxanaya dəvət ediblər.
“Siyasi Məhbuslarsız Azərbaycan” alyansından “Azadlıq”a daxil olan məlumata görə, Ədliyyə Naziriliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən bir qrup məhbus ölkə başçısı İlham Əliyev başda olmaqla bir sıra vəzifəli şəxslərə müraciət ediblər.
“Müəssisə rəhbərliyi məhkumların telefon danışqılarından hər ay 25 min manatdan çox pul qazanır”
Müraciəti imzalayan məhbuslar Tofiq Baxşıyev, Bayram Abdullayev, Ceyhun Hüseynov, Ramil Abdullayev, Arzu Orucov, Tərlan Əliyev, Mübariz Cabbarov və başqaları İlham Əliyevin yolunu gözlədiklərini deyirlər.
“Biz məhkəmənin hökmü ilə məhkum edilib cəza cəkirik. Şəxsi maraqlarına görə Cəzaçəkmə Müəssisəsini açıq bazara döndərən rəis Rauf Məmmədov, onun müavini Qacay Aslanov, işgəncələr “kral”ı Babək İsgəndərov özləri cinayətkar şəbəkə yaradıblar. Bunun qarşısı alınmasa ağır nəticələrə səbəb olacaq. Bu cinayətkar şəbəkənin yaratdığı korrupsiya, özbaşınalıq, işgəncə, narkotika satışı nəticəsində 2 məhkum dünyasını dəyişib, xəsarətli məhkumlar hələ də işgəncədən əziyyət çəkirlər, imkanlı məhkumlara xüsusi şərait yaradılıb, imkansız alçadılır.
Müssisədə açıq-aşkar narkotika satdıran rəhbərliyin bu əməli ölümlə nəticələnsə də qarşısı alınmır. Bu ilin mayın 6-da məhkum Umudov Cavid Cavidan oğlu yüksək doza narkotika qəbul etdikdən sonra dünyasını dəyişib. Məhkumların həftədə 2 dəfə 15 dəqiqə olmaqla doğmaları ilə telefon əlaqəsi yaratmaq nəzərdə tutulur. Ancaq rəhbərlik bazar qanunlarına və qiymətlərinə əsasən həftənin bütün günləri, günün bütün saatlarınada bir çağırışa 5 manat ödəməklə istənilən vaxt telefonla danışmaq olar. Müəssisə rəhbərliyi telefondan hər ay 25 min manatdan çox pul qazanır. İdman zalında məşqə görə ayda 20, nömrə hamamda yuyunmaq 5, camaşırxanada paltar yuduzdurmaq ayda 30 manatdır. Cəzaçəkmə Müəssisəsində 3 kafe fəaliyyət göstərir ki, yeməyin 1 porsiyası 3 manatdan 7 manata kimidir. 1 çaynik çay 2, filmə baxmaq üçün hər məhkum 1, çarpayının birinci yarısında yer almaq 150 manat, məcburi əməyə karantində cəlb edilməmək üçün 200 manat ödəməlisən. Əks halda işləməsən ağır işgəncələrə məruz qalıb karsa salınıb, haqqında tənbeh tədbiri tətbiq ediləcək”, - deyə müraciətdə qeyd edilir.
“Dava edən məhkumlardan müəssisə rəhbərliyi pul alır, imkanı olamayan karsa salınır, işgəncəyə məruz qalır”
Məhbuslar yazırlar ki, Rauf Məmmədov və onun müavini Qacay Aslanov eyni gündə - 29 dekabr 2013-cü il tarixdə bu vəzifəyə təyin ediliblər. Həmin vaxta qədər müəssisədə kompüter tədrisi üçün xüsusi otaq ayrılıb: “13 ədəd kompüterdə məhkumlara pulsuz dərs keçirilirdi. Bu adamların təyinatından sonra dərslər ləvğ edildi və kompüterdə saatı 5 manat olmaqla oyunlar oynamağa çevirdilər. Səhər saat 10-dan axşam saat 21-dək 13 ədəd kompüterdə saatı 5 manata oyun oynanılır ki, bu ayda 20-25 min manat edir”.
Dustaqlar onu da bildirirlər ki, məhkumları tez-tez təxribata çəkib onlardan pul alırlar: “Rəhbərliyin ağır, dözülməz işgəncələrinin nəticəsində müəssisədə çoxlu sayda yaralı-xəsarətli məhkumlar var. Karsda qan su yerinə axır. Hər ay saçlar qırxılır. Saç saxlamaq üçün aya 10 manat pul ödəməlisən. Buna görə ən azından 300 məhkum aylıq ödəyir. Müəssisəyə kənardan daxil olan hər bir kəs bunu aydın görə bilər. Mağazada hər şey beş qat baha satılır. Məhkumlara verilən qidalar yararsız, kalorisiz, keyfiyyətsizdir. Yeməkdən pis qoxu gəlir. Məhkumlara ayrılmış ərzaq mağazada və əldə satdırılır. Çürümüş kartof -soğandan, texniki yağdan, vaxtı ötmüş ərzaqdan hazırlanan yeməyi daimi yeyib sağlam qalmaq mümkünsüzdür. Elə buna görədir ki müayinədən keçirilən zaman 700- yaxın məhkumun ağ ciyərlərində ciddi xəstəliklər aşkar edilib. Yataqxanalarda sıxlıq, antisanitariya, havasızlıq hökm sürür. 1 korpusda 130 nəfərə yaxın məhkum saxlanılsa da 3 tualet, 3 su krantı var ki, bu da uzun-uzadı növbələr yaradır. Bu növbələrə görə, mübahisələr, davalar olur. Davalardan da ancaq müəssisə rəhbərliyi yararlanaraq məhkumlardan pul alırlar. Əks halda karsa salıb, işgəncə verirlər. Tibbi sanitar hissəsində imkanlı məhkumlar 1 aya 300 manat verib uzun müddət orada qalırlar. Məhkumlara həvəsləndirmə tədbiri 150-200 manat rüşvətlə tətbiq edilir”.
“Rəhbərlik 300-dən çox məhkumun əmək haqlarından hər aya 20 min manat əldə edir”
“Bu ilin noyabr ayınadək 400 nəfər məhkumun cəzasının sonudur. Onlar cəzalarının dörddə üç hissəsindən çoxunu çəkiblər, ancaq rəhbərliyin qoyduğu rüşvəti ödəyə bilmədikləri üçün cəzadan şərti olaraq vaxtından əvvəl məhkəmə yolu ilə azad oluna bilmirlər. Çünki məhkəməyə işləri Cəzaçəkmə Müəssisənin rəhbərliyi təqdim edir. Məhkuma qohumunun verdiyi hər 100 manata görə rəhbərlik 30 manat alır. Rəis işə çox vaxt içkili vəziyyətdə gəlib, məhkumların yoxlanılması vaxtı söyüşlər söyür. Müəssisədə 300-dən çox məhkumun adı işə yazılıb. Onların əvəzinə rəhbərlik imza edib, əmək haqlarını mənimsəyirlər ki, bu hər aya 20 min manat edir. Cəmi 60-70 nəfər işləyir. Müəssisədə istehsal olunan nərdtaxtalar, təsbehlər, evciklər və başqa əşyalar satışa çıxarılıb əldə edilən pulları rəhbərlik mənimsəyir. Dövlətə heç bir vergi ödənilmir. Ümumiyyətlə, burada dövlətin heç bir qanunları işləmir”, - müraciət müəllifləri bildirirlər.
Mətbuat vasitəsi ilə İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Milli Təhlükəsizlik naziri Eldar Mahmudova, Baş prokuror Zakir Qaralova, Penitensiar Xidmətinin rəisi Mədət Quliyevə, Ombudsmana, deputatlara, İctimai Komitənin üzvlərinə, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə, hüquq müdafiəcilərinə müraciət edən məhkumlar müəssisə rəhbərliyi barəsində qanunu tədbirlərin görülməsini xahiş edirlər.
Pentensiar Xidməti yazılanların cəfəngiyyat olduğunu deyir
Məsələylə bağlı Pentensiar Xidmətində mövqeyini öyrəndik. Qurumun rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov xeberinfo.com-a açıqlamasında bildirdi ki, müraciəti mətbuata göndərən “Siyasi Məhbuslarsız Azərbaycan” təşkilatı qeydiyyatdan keçməyən ictimai birlikdi: “Biz onların bundan öncədə yaydıqları məlumatlar barədə mətbuata məlumatlar vermişik. Müraciətə qalanda isə biz araşdırma apardıq. Məlum oldu ki, müraciəti imzalayan məhbuslardan bir qismi nəinki 12 saylı Cəzaçəkmə Müəssisəsində məhkumdurlar, ümumiyyətlə belə adda-soyadda məhbus yoxdur”.
Yaşar İsakov müraciətdə qeyd edilən məlumatların yanlış olduğunu, özünü “Siyasi Məhbuslarsız Azərbaycan” naminə Alyans adlandıran qeydiyyatdan keçməmiş qurum üzvlərinin uydurduğu cəfəngiyyat olduğunu bildirdi: “Həmin müraciətdəki guya 12 saylı Cəzaçəkmə Müəssisəsində 700 nəfərdən çox məhkumda ağciyər xəstəliyinin aşkar olunması barədə gülünc iddianı göstərmək kifayətdir ki, yazılanların əsassız olduğu aşkar olunsun. Məhz penitensiar sistemdə vərəmə qarşı mübarizədə Azərbaycan təcrübəsinin bütün dünyada model kimi qəbul olunduğunu hamı bilir”.