Alçaldıcı ifadələrə məruz qalıram -ÜSYANKAR MÜSTƏNTİQ
Bu gün sabiq müstəntiq Rüfət Səfərovun valideynləri onunla görüşüb.
Xeberinfo.com: Bu haqda Gununsesi.info-ya R.Səfərovun atası Eldar Sabiroğlu məlumat verib. O bildirib ki, keçmiş müstəntiq Rüfət Səfərov bir neçə gündür ki, istintaq təcridxanasından 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bundan sonra müəyyən dəyişikliklərin baş verəcəyinə ümid bəsləmək olardı.Əfsus ki, vəziyyət yenə də pisliyə doğru gedir. Rüfətə qarşı psixoloji təzyiqlər və təqiblərdən əl çəkilmir. Hər an ciddi təxribat yaradıb onun vəziyyətini mürəkkəbləşdirməyə səylər göstərilir: “Özümə söz vermişdim ki, bir daha şikayətlərə,olacaq hər hansı problemi ictimailəşdirməyə yol verməyim. Lakin mümkün olmur və oğlumun həyatı məni ciddi surətdə narahat edir. Bu gün anası Tahirə xanımla birlikdə cəzaçəkmə müəssisəsində övladımızla görüşdük. Məlum oldu ki, o ciddi sıxıntılar altındadır. 1 saylı Bakı istintaq təcridxanasında saxlanılarkən yanına xüsusi təhlükəli residivisti salmışdılar. Burada isə tamam başqa formada Rüfət Səfərova psixoloji təsirlər göstərilir ki, bundan da məqsəd onun əsəbləri ilə oynayıb nəticədə də xoşagəlməz hadisələr yaratmaqdır. Belə ki, Rüfəti karantin hissəsinin kamerasında epilepsiyanın ağır tərzindən əziyyət çəkən, ruhi problemləri olan bir xəstə dustaqla bərabər saxlayırlar. Rüfət gecələr xəstənin səs-küyündən,bağırtısından da yata da bilmir. Bu azmış kimi, sabiq müstəntiqin Cəzaçəkmə Müəssisəsinin Elnur adlı kapitan rütbəli zabiti tərəfindən şəxsiyyəti alçaldılmış və o təhqirə məruz qalıb. Mən ədliyyə naziri Fikrət Məmmədova bildirirəm ki, müəssisənin əməkdaşı tərəfindən təhqir edilməsi barədə onun müraciəti bir kənara atılaraq əvəzində rəsmi töhmətə layiq bilinməsi nə ilə izah olunur? Budurmu ölkə ədliyyəsinin funksional fəaliyyəti?! Artıq məndə belə bir şübhə yaranır ki, günlərin birində Rüfətin həyatı ilə əlaqədar acı bir xəbərlə qarşılaşar və bunu da sınaqdan keçirilmiş intihar hadisəsi kimi qələmə verib işi bitmiş hesab edərlər. Bəli, deyə bilərlər ki, Rüfət ya kəməri ilə, ya da yatacağındakı mələfə ilə özünü asıb. Və burası da çox maraqlıdır ki, bir valideyn olaraq Rüfətin başına gətirilən əməllərə etiraz etməyim təqibin şiddətini nəinki azaldır,əksinə, getdikcə daha da artırırlar. Mən məsələnin ədliyyə naziri Fikrət Məmmədov tərəfindən nəzarətə götürülməsini tələb edirəm.
Görüş zamanı Rüfət onun bir neçə kəliməsini olduğu kimi çatdırmağımı xahiş etdi: “ Əziz xalqım,əziz bacı və qardaşlarım! Məcbur qalıb sizlərə müraciət edirəm. Mənə,müdafiəçimə,hüquqlarımı müdafiə edən komitə üzvlərinə dəstəyinizi əsirgəməyin. Təzyiqlər kəskin xarakter alıb. Residivstlə,ruhi xəstə ilə bərabər saxlamaları azmış kimi, təhqir olunur,alçaldıcı ifadələrə məruz qalıram. Lakin əmin olun ki, möhkəməm,iradəliyəm,despotik rejimlə savaşdayam!”