Deputatlara ev veriləcək? -Rəsmi açıqlama
"Əksər saytlar bu barədə məlumat yayıb. Amma bizdə belə bir məlumat yoxdur".
Xeberinfo.com: Bu sözləri Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bir neçə deputata mənzil verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, adıçəkilən millət vəkilləri mənzillə təmin olunmayıb:
“Əgər millət vəkillərinə mənzil verilsəydi, bizim məlumatımız olardı və bu barədə mətbuata məlumat verərdik. Belə bir şey yoxdur. Hətta saytlardan biri yazıb ki, keçmiş millət vəkili Əliməmməd Nuriyevə də mənzil verilib. Belə məlumatların əsası yoxdur”(Axar.az).
Xatırladaq ki, Gününsesi.info saytı bir neçə millət vəkilinə Ağ Şəhərdə mənzil verilməsi barədə məlumat yayıb. Sosial şəbəkələrdə hətta Oqtay Əsədova, Hadı Rəcəbliyə də ev verildiyi iddia edilib.
Hadı Rəcəbli isə sosial şəbəkədəki səhifəsindən ev alması xəbərini təkzib edib.
***
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Ağ şəhər” də mənzil alması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Deputat Hadi Rəcəbli Facebook səhifəsində yazıb ki, 2016-ci il Azərbaycan mətbuatında bir çox yalan və böhtanlarla dolu, əsassız informasiyaların yayılmasına şahid olub.
“2017-ci ildə nəhayət bu tipli məlumatların olmayacağına, mətbuatın daha dolğun və əsaslı məlumatlar yazacağına inansaq da, yeni il başlayar başlamaz yeni bir qarayaxmanın şahidi olduq. Bu tipli yalanları yayanlar ölkədə olan sabitliyi və əminamanlığı pozmağa, müxtəlif kateqoriyadan olan həssas qrupları,sadə insanları hakimiyyətə qarşı qaldırmağa çalışırlar.
Və bu baş tutmadığı halda niyyətlərindən əl çəkməyərək müxtəlif sahələri əhatə edən yalanlar uydururlar. İndi də fantaziya ona çatıb ki, guya Hadi Rəcəbliyə mənzil veriblər. Özü də Oqtay Əsədovla qonşuluqda.
Tamamilə yanlış olan bu məlumat əksər saytlarda, facebook səhifələrində yayılıb. Hətta etikadan kənar şərhlərlə müşayiət olunub”.