Nazir 21 şöbə müdirini cəzalandırdı
Təhsil naziri Mikayıl Cabbarov bir neçə təhsil şöbəsinin müdirini cəzalandırılıb.
"Xeberinfo.com": Məlumata görə, təhsil naziri M.Cabbarovun 2013-2014-cü dərs ilində keçirilmiş məktəblilərin fənn olimpiadalarının nəticələri barədə əmrində qeyd olunub ki, Gəncə və Mingəçevir şəhərləri, İsmayıllı, Şamaxı, Astara, Biləsuvar, Şəki, Ağcabədi, Gədəbəy, Samux, Göygöl, Oğuz, Masallı, Zərdab, Abşeron rayonları üzrə iştirakçıların yekun mərhələdə çox aşağı bal toplayıb. Buna görə də müvafiq yerli təhsili idarəetmə orqanlarının olimpiadaların təşkili və keçirilməsinə məsuliyyətsiz münasibət göstərməsi, şəffaflıq və obyektivliyi təmin edə bilməməsi, istedadlı şagirdlərin seçilməsinə səhlənkar və laqeyd yanaşması, bu vacib məsələdə məqsədli olaraq himayəetmə hallarına yol verməsi kimi qiymətləndirilsin. Adları çəkilən rayon (şəhər) təhsil şöbələri rəhbərlərinə olimpiadaların II mərhələsində yol verilmiş nöqsanlarla bağlı araşdırmaların aparılması və nəticələri üzrə müvafiq intizam tənbehi tədbirlərinin görülməsi tapşırılıb.
Nazirin imzaladığı əmrdə vurğulanıb ki, Şirvan şəhəri, Sabirabad, Xaçmaz, Daşkəsən, Ağdam, Zəngilan, Ucar, Lerik, Qazax, Yardımlı, Qobustan, Salyan, Tovuz, Goranboy, Quba, Yevlax, Siyəzən, Cəlilabad, Şəmkir, Balakən və Ağdaşda bir sıra şagirdlərin rayon mərhələsi nəticələri ilə yekun mərhələdə göstərdiyi nəticələr arasında fərqlər var. Bunları nəzərə alaraq, adı çəkilən rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) müvafiq araşdırmanın aparılması və ayrı-ayrı fənlər üzrə qeyri-obyektivliyə yol vermiş münsiflər heyətinin üzvləri barədə qanunvericiliyə uyğun qaydada intizam tənbehi tədbirlərinin görülməsi tapşırılıb. Akademik Zərifə Əliyeva adına lisey, "Zəngi" liseyi, Fizika-riyaziyyat və informatika təmayüllü lisey, "Ankara məktəbi" məktəb-lisey istisna olmaqla bilavasitə nazirlik tabeliyindəki digər lisey və gimnaziyalar olimpiadaların yekun mərhələsində təmsil edilmədiyi üçün onların istedadlı şagirdlərlə iş sahəsində fəaliyyətinin nizamnamələri ilə müəyyən edilmiş tələblər səviyyəsində qurulmadığı həmin təhsil müəssisələrinin rəhbərliyinin nəzərinə çatdırılıb.
Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinin rəhbərlərinə tapşırılıb ki, bu əmrin müzakirə olunub onun məzmununun məktəb rəhbərlərinə və pedaqoji kollektivlərə çatdırılmasını təmin etsinlər. Əmrdə qeyd olunan problemli məsələlərin, nöqsan və çatışmazlıqların başvermə səbəblərini araşdırmaqla onların aradan qaldırılmasına yönəlmiş fəaliyyət planı hazırlayıb yerinə yetirilməsi üçün təşkilati-pedaqoji tədbirlər həyata keçirsinlər, əmrin yerinə yetirilmə vəziyyəti barədə məlumatı, o cümlədən bu işin təşkilində nöqsanlara yol vermiş şəxslərin izahatlarını və digər aidiyyəti sənədləri iyunun 30-dək nazirliyə göndərsinlər.