Baş nazir kim olacaq?
Keçmiş kənd təsərrüfatı naziri Ismət Abbasov hazırda müavini olduğu baş nazir postuna sahiblənə bilər. Bu barədə “Azadlıq”a hökumətdəki mənbələrdən daxil olan məlumatda bildirilir ki, Artur Rasizadənin postuna ən şanslı namizəd onun müavini Ismət Abbasovdur.
"xeberinfo.com": Hakimiyyətdaxili qruplar arasında baş nazir postu uğrunda uzun müddətdir mübarizə gedir. Bu posta əsas iddialıların sırasında əsasən fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, nəqliyyat naziri Ziya Məmmədov və Milli Məclisin sədri Oqtay Əsədovun adı çəkilirdi. Məlumatlarda deyilirdi ki, artıq əmək qabiliyyətini demək olar ki, itirmiş 79 yaşlı Artur Rasizadənin əvəzlənməsi məhz amansız mübarizəyə görə illərdir düyünə düşüb. İlham Əliyev ölkənin rəsmi ikinci şəxsi postuna birinciliyə can atmayan, sözəbaxan və açıqlamalarında Artur Rasizadə kimi “duzlu xiyardan” o yana keçməyən bir fiqurun gətirilməsinə çalışır. Ona görə də ehtimal olunurdu ki, nəhayət, 3 məmurdan biri - ya Ziya Məmmədov, ya Oqtay Əsədov, ya da Rövnəq Abdullayev baş nazir postuna gətiriləcək.
Yeri gəlmişkən, Ziya Məmmədov və Rövnəq Abdullayevin ikinsindən birinin baş nazir təyinatı barədə bir müddət əvvəl məlumatlar yayılmışdı. Hökumətdəki Nurçu savaşında Ziya Məmmədovla Rövnəq Abdullayevə hücumlar da bununla izah edilirdi. Görünən odur ki, bu hücumlarla onların baş nazir postuna yüksəlişinin qarşısı alındı.
Oqtay Əsədovun da şansı, onun idarəçilik bacarığının olmaması barədə Milli Məclisdə ayrı-ayrı oliqarxlara yaxın deputatların yaratdığı rəylə sıfıra endi.
Kəmaləddin Heydərova gəlincə, ona bu postun veriləcəyi inandırıcı görünmür. “Fövqəlnazir”in iddialı şəxs olması, eyni zamanda, Rusiyaya bağlılığı barədə son günlər yayılan məlumatlar onun da bu posta gedən yollarını bağlayıb.
İsmət Abbasovun adı isə baş nazir postuna iddialılar sırasında yenidir və göründüyü kimi, onun şansı daha çoxdur. Doğrudur, İsmət Abbasov barədə də onun üçün arzuolunmaz məlumatlar yayılıb. Lakin onun heç bir qruplaşmaya daxil olmaması, iddiasızlığı və ən əsası, İlham Əliyevlə şəxsi münasibətləri Artur Rasizadənin onunla əvəzlənməsinə yaşıl işıq yandırıb.