Səhiyyəmiz səviyyəsinə görə 55 ölkə içində 53-cüdür
Azərbaycan səhiyyə sisteminin durumuna görə dünyanın ən axırıncı ölkələri sırasındadır.
Xeberinfo.com: «Bloomberg» agentliyi səhiyyə sisteminin effektliliyini əks etdirən yeni reytinq cədvəlini dərc edib. Cədvəldə əhalisi 5 milyondan artıq olan ölkələrin – 55 ölkənin adı çəkilir, Azərbaycan 53-cüdür. Azərbaycandan geri qalanlar yalnız Braziliya, bir də Rusiyadır.
ADAMBAŞINA 470 DOLLAR
«Bloomberg» səhiyyə sisteminin effektliliyi indeksini müəyyən edərkən ölkə əhalisinin orta ömrünün uzunluğu, səhiyyəyə xərclənən vəsaitin miqdarını (başqa xərclərə nisbətən və bütövlükdə) da nəzərə alıb.
Azərbaycanda səhiyyənin səmərəliliyi indeksi 30.9-dur. Azərbaycan sakinlərinin orta ömrü 70 yaş göstərilib. Ölkənin ÜDM-sinin cəmi 6%-nin səhiyyəyə xərcləndiyi müəyyən edilib, bu isə adambaşına düşən xərcin ildə 470 dollara bərabər olması deməkdir.
Səhiyyəyə çəkilən xərc dedikdə, agentlik xəstəliklərin önlənməsi və müalicə tədbirləri, ailə planlanması, qida və təcili yardımla bağlı xidmətlərə ayrılan vəsaitləri nəzərdə tutduğunu bildirir.
Siyahıya başçılıq edənlər Honkonq, Sinqapur, İspaniyadır. Honkonqda əhalinin orta ömrü 83-84 ildir, səhiyyəyə xərclənən vəsait adambaşına 2 min dollardan çoxdur.
ABŞ 50-Cİ YERDƏ
Birləşmiş Ştatlar adambaşına səhiyyə xərclərinə görə birincilərdən olsa da (9 min 400 dollar), səhiyyənin effektivliyi indeksi 32.6 olduğundan ölkə siyahıda xeyli aşağı düşüb (50).
Qonşu ölkələrdən Türkiyə həm səhiyyə sahəsində aparılan islahatlara (10), həm də səhiyyənin effektliliyi indeksinə (49.8) görə 25-ci yerdədir. İran 30-cudur, islahatların göstəricisi 22, səhiyyənin effektivliyi indeksi 47.6-dır. Rusiya sonuncudur (55), islahatların əlaməti yoxdur, səhiyyənin effektivliyi indeksi 24.3-dür.
«Bloomberg» agentliyi reytinq cədvəlini Dünya Bankı, Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Honkonq Səhiyyə Departamenti və Tayvanın Sağlamlıq və Rifah Nazirliyinin məlumatlarına əsasən hazırlayıb.