MÜXALİFƏT MİTİNQ KEÇİRDİ - FOTOLAR
Bu gün Bakıda Azərbaycan müxalifətinin uzun fasilədən sonra ilk etiraz aksiyası keçirilib.
Xeberinfo.com: “Məhsul” stadionunda təşkil olunan etiraz aksiyası nəzərdə tutulduğu vaxtda – 17:00-da başlayıb. Aksiyada müxalifət fəalları – Eldəniz Quliyev, Gültəkin Hacıbəyli, Vidadi Mirkamal, Nurəddin Məmmədli digərləri, o cümlədən AXCP sədri Əli Kərimli çıxış ediblər. Milli Şuranın sədri Cəmil Həsənli isə ölkədə olmadığından aksiyada iştirak etməyib.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli çıxışında deyib: “Dözümə son qoyulmalıdır. Dözüm zəncirlərini qırıb atmamız lazımdır. Bütün problemlərin hamısına son deməyi bacarmalıyıq . Bizim gözləntilərinimiz ünvanı sizsiz. Bizim Sizdən başqa müraciət ünvanımız yodur”.
G.Hacıyeva Azərbaycanla Gürcüstan arasında müqayisə aparıb. “Qonşu Gürcüstanın nə nefti, qazı, nə də zəngin təbiəti var. Böyük sərvəti var – xalq. Məhz xalqın qəhrəmanlığı ilə Avropanın parçasına çevrilib. Biz isə yeraltı-yerüstü sərvətlərimizlə korrupsiya içində itib-batırıq. Milli iradə qarşısında heç kim dura bilməz. Biz Məmməd Əmin Rəsulzadənin nəvələriyik. Xalq 1918-ci ildəki kimi öz güçümüzü göstərməliyik”, deyə G.Hacıbəyli vurğulayıb.
AXCP sədri Əli Kərimli çıxışna siyasi məhbuslara salam söyləməklə başlayıb. “Bu mitinq xalq hərəkatının başlanğıcıdır. Monarxiyaya yox, talana son bizim ümumi şüarımızdır. Bizim yox dediyimiz başqa məsələlər də var. Büdcənin talan edilməsinə, dövlət ehtiyatlarının tükədilməsinə, neft pullarının oğurlanmasına yox deyirik. Bir tərəfdə səfalətə düçar etdikləri xalq var, digər tərəfdə bir qrup harın var. Biz bu soyğunçuluğa, bu harınlığa yox deyirik. Biz dövlət orqanlarımızın xalqa xidmət etməsini istəyirik. Xəstəxanaya yaxınını aparan qorxu içindədir. Biz sağlamlıq vermək əvəzinə qatilə çevrilmiş səhiyyə sisteminə yox deyirik. Bu gün ölkənin təhsil sistemi təhsilsizliyə xidmət edir. Biz balalarımızı təhsilsiz qoyan təhsil sisteminə yox deyirik. Biz repressiya aparatına çevrilmiş polis işgəncələrinə yox deyirik. Dünyanın hər yerində insanlar ədaləti məhkəmələrdə axtarır. Bizdə də belə olacaq. Biz bazara çevrilmiş məhkəmə sisteminə yox deyirik. Əziz həmvətənlər torpaq bizim üçün müqəddəsdir. Amma biz Azərbaycan əsgərlərə, qazilərə, şəhid ailələrinə olan biganəliyə, insafsızlığa yox deyirik. Bizim gənc balalarımız yalnız torpaq uğrunda şəhid ola bilərlər. Amma biz daha çox qanunsuzluğun, özbaşnalığın qurbanı olan şəhidləri görürük. Biz əsgər ölümünə yox deyirik”.
Ə.Kərimli çıxışında növbəti mitinqin vaxtını da elan edib – 17 sentyabr saat 15.00.
***
Bu gün Bakıda Azərbaycan müxalifətinin uzun fasilədən sonra ilk etiraz aksiyası keçiriləcək. Milli Şuranın təşkil etdiyi aksiyada Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına etiraz ediləcək.
Aksiya saat 17.00-dan 19.00-a qədər elan olunub.
Milli Şura hesab edir ki, dəyişikliklərdə məqsəd respublikadan monarxiyaya keçidi və hakim ailə üzvilərinin hakimiyyətdə təmsilçiliyini təmin etməkdir.
Hakimiyyət rəsmiləri isə Konstitusiya dəyişiklərini zamanın tələbi adlandırıblar. Onların fikrincə, bu dəyişikliklər dövlətin təhlükəsizliyinə, islahatların sürətləndirilməsinə xidmət edir.
Mitinqin deyilən vaxtda və ünvanda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin razılığı var və Bakı polisi aksiyanın təhlükəsizliyini təmin edir.
Sentyabrın 9-da isə Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mitinqinin təşkilatçıları Vahid Məhərrəmli, Eldəniz Quliyev və İbrahim İbrahimli sentyabrın 9-da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar.
Polis generalı aksiya iştirakçılarının qanuna zidd hərəkətlərə yol verməməsi barədə təşkilatçılara xəbərdarlıq edib.