Borc içində batan şirkət Özbəkistana getdi
Özbəkistan hökuməti strateji əhəmiyyətli avtomobil yolunun tikintisini həyata keçirmək üçün yeni podratçını seçib.
Xeberinfo.com: Virtualaz.org xəbər verir ki, bu, Azərbaycanda bir sıra iri yol-nəqliyyat layihələrini həyata keçirən, ancaq son vaxtlar ciddi maliyyə böhranı ilə üzləşən “Evrascon” şirkətidir.
Starteji əhəmiyyətli Daşkənd-Oş avtomagistralının bir hissəsi olan və Kamçıq dağ aşırımından keçən yolun tikintisi bundan əvvəl İspaniyanın “Corsan Cоrviam Construction” şirkətinə həvalə edilmişdi. Şirkətlə 2012-ci ildə müqavilə bağlanıb. Lakin özbək tərəfi İspaniya şirkətinin yolun layihədə göstərilən texniki parametrlərini pozduğunu və nəticədə tikintinin keyfiyyətinin ciddi şəkildə aşağı düşdüyünü əsas gətirərək müqaviləni pozub.
Özbəkistan Milli Yol Fondu bildirib ki, İspaniya şirkəti barədə beynəlxalq məhkəməyə müraciət edilib. Fond yeni tender elan edib və Azərbaycan şirkəti “Evrascon” tenderdə qalib olub.
Özbəkistan tərəfinin şirkətin qarşısında qoyduğu şərtə əsasən yolun tikintisi ən qısa müddətdə həyata keçirilməlidir. Çünki yol Özbəkistan paytaxtını və ölkənin əsas hissəsini Fərqana vadisinin yaşayış məntəqələri ilə birləşdirir. “Kamçıq aşırımdan hərəkət maksimal sürətli və təhlükəsiz olmalıdır. Azərbaycan şirkəti bütün işləri 2017-ci ilin birinci yarısında başa çatdırmağı planlaşdırır”-mənbə deyib.
Layihəyə əsasən Daşkənd-Oş magistralının 116-190-cı kilometrləri təşkil edən yolun tikintisinin 210 milyon dollara başa gəlməsi nəzədə tutulub. Asiya İnkişaf Bankı vəsaitin 167 milyon dollarını kredit kimi ayırıb, qalanını Özbəkistan hökuməti verir. Kamçıq aşırımı Özbəkistanın materik hissəsini Fərqana vadisi ilə birləşdirən yeganə yoldur.
Xatırladaq ki, bu, “Evrascon” şirkətinin Orta Asiyada girdiyi birinci yol-tikinti layihəsi deyil. Bundan əvvəl şirkət QazaxıstandaAlmatı-Kokpek-Çunca-Koktal-Xorqos yolunun rekonstruksiyasına dair layihəni həyata keçirib. Lakin bu layihə şirkət üçün uğursuz olub və “Evrascon” 15 milyon manat ziyana düşüb. Şirkətin İdarə Heyətinin rəhbəri Manaf Şirinov bildirmişdi ki, buna səbəb Qazaxıstanın Kızıl Orda vilayətində qışın çox sərt keçməsi və nəticədə tikinti texnikasının sıradan çıxmasıdır.
Qazaxıstanda həyata keçirilən layihə zamanı şirkət ciddi qalmaqallarla üzləşib. Məlum olub ki, Azərbaycandan aparılan fəhlələrə Qazaxıstanın miqrasiya xidmətindən müvafiq sənədlər alınmayıb və onlar qeyri-leqal işçi statusunda olub. Nəticədə fəhlələrdən bir neçəsi saxlanılıb. Habelə fəhlələr aylarla əmək haqlarını ala bilməyiblər və işi yarımçıq qoyub geri dönməli olublar.
Elə Azərbaycanda da “Evrascon” şirkətinin həyata keçirdiyi layihələrdə işləyənlər əmək haqlarının verilməməsindən dəfələrlə narazılıq ediblər. Şirkətin Ələt-Astara magistralı layihəsində işləyən fəhlələləri ötən il bir neçə dəfə əmək haqlarının verilməməsinə görə aksiyalar keçirmişdi. Şirkət isə bildirir ki, əmək haqlarının gecikməsinin səbəbi layihəyə ayrılan vəsaitin onlara vaxtında verilməməsidir.
“Evrascon” şirkətinin səhmlərinin 51 faizi İsmayıl Əfəndi İsmiyevə məxsusdur. Əslində isə şirkətin baş nazirin müavini Abid Şərifova bağlılığı məlumdur.