“EVRASCON”da etiraz
“EVRASCON” şirkətinin direktorlar şurasının sədri Mənaf Şirinov Salyanda aylardır əməkhaqqı almadıqlarına görə aksiya keçirən və yolu bağlayan işçilər qarşısında çıxış edərək onları “yola gətirib”.
"Xeberinfo.com": Məlumata görə, M.Şirinov işçilərə bildirib ki, hazırda şirkətin vəziyyəti olduqca ağırdır, maliyyə baxımından müflis vəziyyətindədir.
Bununla belə o, işçilərin aksiya keçirməsinin “düzgün hərəkət olmadığını” bildirib. M.Şirinov vəd edib ki, iki aylıq əməkhaqqının yaxın vaxtlarda ödənilməsinə çalışacaqlar.
Onun vədinə əsasən şirkət gələn həftə bir aylıq əməkhaqqını ödəməyə çalışacaq. Gecikdirilmiş maaşlardan daha bir aylığı isə gələn ay veriləcək.
Bununla belə işçilər bu vədlərə o qədər də inanmırlar. Xatırladaq ki, “EVRASCON” şirkətinin Ələt-Astara yolunun tikintisində işləyən işçiləri aylardır əməkhaqqı almır. Bu yol tikintisi layihəsi Nəqliyyat Nazirliyinin sifarişi ilə həyata keçirilir və büdcədən maliyyələşir. Ona görə də podratçı şirkətin əmək haqlarını gecikdirməsinin səbəbləri aydın deyil.
“EVRASON” şirkətinin kreditor borcları 235 milyon manatdan çoxdur, bu borcların bir hissəsi banklara olan borclardır.
* * *10:32
Bu gün səhər saat 08:15-də Ələt-Astara avtomobil yolunu inşa edən “EVRASCON” şirkətinin 400 nəfərə yaxın fəhləsi etiraz aksiyası keçirərək Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində Kür çayı üzərindəki körpüdə avtomobillərin hərəkətini dayandırıb.
Virtualaz.org saytının Şirvan bürosu xəbər verir ki, yolçəkən fəhlələrin tələbi 5 aydır ki, almadıqları əmək haqlarının ödənilməsidir. Aksiya 1 saatdan artıq davam edib. Hadisə yerinə gələn Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının etirazçılarla apardıqları danışıqlardan sonra onlar yoldan çəkiliblər.
Aksiya iştirakçılarından saxlanılan olmayıb. Fəhlələrlə görüşən şirkət nümayəndələri isə gün ərzində onların əmək haqlarının ödənilməsinə başlanacağına söz verib. Aksiya 1 saatdan artıq davam edib.
Xatırladaq ki, “EVRASCON” şirkəti baş nazirin müavini Abid Şərifovun ailə şirkətidir. Abid Şərifov şirkətin qardaşına məxsus olduğunu mətbuata aşıqlamasında özü də təsdiqləyib.
Qeyd edək ki, virtualaz.org saytı hələ bir neçə ay öncə “EVRASCON” şirkətinin böhran keçirdiyi haqda yazmışdı. İyul ayında saytımızda dərc olunan məqalədə bildirilirdi ki, işçilər maaş tələbi ilə tətilə başlayacaqlar.
Bu firma Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan “Azərkörpü” ASC-dir, adını dəyişib. Bildirilir ki, ASC-nin fəaliyyətində ciddi maliyyə maxinasiyalarına yol verilib, milyonlarla vəsait təyinatı üzrə xərclənməyib. Bu ilin əvvəlində “EVRASCON” ASC-nin 232,7 milyon manat kreditor borcu olub. Bunun 67,5 milyonu banklardan cəlb edilib.
Şirkətin fəaliyyəti Azərbaycanla məhdudlaşmır və ölkə hüdudlarından kənarda da, məsələn, Rusiya, Qazaxıstan, Özbəkistan və sair kimi ölkələrdə infrastruktur obyektlərinin inşası ilə məşğuldur. Şirkət 2013-cü ildə adını dəyişərək “Avro-Asiya İnşaat Korporasiyası” - “EVRASCON” ASC olub.
“EVRASCON” ASC-nin nəzarət səhm zərfi (51,2 faiz) cəmiyyətin Müşahidə Şurasının sədri İsmayıl Əfəndi İsmiyevə məxsusdur. İsmiyevin Türkiyədə “Effendi İnternational Group” inşaat-sənaye şirkətinə, eləcə də vaxtilə “Texnomost” adını daşıyan “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC-yə sahib olduğu bildirilir. Bu şirkət həm də “EVRASCON” ASC-nin 16,89 faizinə nəzarət edir.
Virtualaz.org