“İcra Hakimiyyəti yaşadığımız əraziyə göz dikib” - ŞİKAYƏT
Nizami rayonunun sakinləri evlərinin yerində hündürmərtəbəli binalar tikmək istəyənlərə etiraz edir
Xeberinfo.com: Bakının Nizami rayonu, Q.Qarayev, T.Abbasov və Özbəkistan küçələrinin sakinləri dövlət başçısı Ilham Əliyevdən kömək istəyir. Prezidentə üz tutan vətəndaşlar ona ünvanladıqları müraciətin surətini “Azadlıq” qəzetinə də göndəriblər. Narazı vətəndaşlar məktubda yazır:
“Bəzi şəxslər şəxsi mənafeləri üçün çalışırlar ki, biz daş binalarımızı keyfiyyətsiz hündürmərtəbəli binaya dəyişək. Yəni möhkəm olan binamızı söküb yerində yeni bina tikmək istəyirlər. Onlar Nazirlər Kabinetinin binaların sökülməsi ilə bağlı sərəncamını bəhanə edirlər. Lakin həmin sərəncamda istifadəyə yararsız və qəzalı binalardan bəhs edilir. Bizim ikimərtəbəli binalar isə tam qəzasız və çox yararlıdır. Binalarımız bundan sonra 50-100 il də davam gətirə bilər. Sadəcə olaraq, binalarımız öz yeri ilə inşaat firmaları və onların arxasında gizlənən məmurları cəlb edir. Bu ərazi Qara Qarayev metro stansiyasına yaxın uşaq bağçası və ”Sputnik” stadionunun həyətləridir.
Nazirlər Kabinetinin sərəncamında deyilmir ki, mülk kağızı olan evlərdən zorla didərgin salmaq məqsədilə sakinlərə qarşı təxribatlar aparılmalıdır. Bizim suyumuz, işığımz, qazımız niyə kəsilməlidir ki?! Yaşlı və kimsəsiz sakinlər dəlixanaya göndərilməli deyil. Bunlar hamısı 8 km. qəsəbəsində hündürmərtəbəli evlər tikilən vaxt baş verən hadisələrdir. Qanunsuz işlərin qarşısı alınmasa, həmin hadisələr bizi də gözləyir. Çünki etiraz edən sakinlərə qarşı onların dəst-xətti eynidir.
Millətimiz övladlarını torpaq uğrunda şəhid verir, Bakıda isə torpaq alveri gedir. Bakıda sökülməli yerlər çoxdur. Niyə söküntüyə aid olmayan ərazimizə göz dikiblər?
Cənab prezident! Göstəriş verin ki, icra hakimiyyəti orqanı bizi narahat etməsin. Nizami rayon icra hakimiyyətinin əməkdaşları hər gün həyətimizə gəlib dava salırlar. Onlar istəyir ki, sakinlər bezib evlərindən çıxsınlar. Hamımızın evi mülk kağızlıdır və biz evimizdən çıxmaq fikrində deyilik. Yaşadığımız ev betondan deyil və bizi qane edir. Inanırıq ki, bu məsələ ilə bağlı düzgün qərar verəcəksiniz”.