Xətaidə "yaşıl soyqırım"
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasdakı çıxışından sitat:
«Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir»
Xətainin icra başçısı Razim Məmmədov Gəncə prospekti 39 ünvanındakı ərazidə olan yaşıllıqları yandıraraq Şərurlu İsfəndiyarla birlikdə hündür mərtəbəli binalar tikmək istəyir.
"Xeberinfo.com": Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti 39 ünvanında yaşıllıq sahəsi və ağaclar kütləvi şəkildə yandıralaraq məhv edilir. Bu barədə məlumatı və yanğını əks etdirən video görüntüləri rayon sakinləri tərəfindən mətbu orqanlara göndərilmişdi. Sakinlər iddia edirdilər ki, yaşıllıqların yandırılaraq məhv edilməsinə səbəb orada tanınmış iş adamlarından birinin yeni hündürmərtəbəli bina tikmək istəyidir. Ərazidə yaşayan şəxslər baş verənlərə dəfələrlə etiraz etsələr də, onlara dinləyən olmayıb. Baş verənlərdən icra başçıısnın marağı olduğu da iddia edilir.
PİA.AZ-a Xətai rayon Gəncə prospekti 39 ünvanında yaşıllıq sahəsinin və ağacların kütləvi şəkildə yandırılması, qırılması məsələsi ilə bağlı ilginc informasiya daxil olub.
Mötəbər mənbə bildirir ki, rayon icra başçısı Razim Məmmədov Gəncə prospekti 39 ünvanındakı ərazidə Şərurlu İsfəndiyar kimi tanınan və adı bir çox dələduzluq qalmaqallarında hallanan İsfəndiyar Axundov və başqa bir neçə tanınmış iş adamı ilə (həmin iş adamlarının adlarını dəqiqləşdirməyə çalışırıq. pia.az.) birlikdə hündür mərtəbəli binalar tikəcək. Daxil olan məlumata əsasən ərazi Razim Məmmədovun yaxın adamlarından birinin adına sənədləşdirilib.
Məlumatlı mənbə qeyd edir ki, Xətai rayonundakı ərazinin alınması məsələsində Bakı şəhər icra başçısı Hacıbala Abutalıbovla da razılaşdırılıb. Amma Bakı meri ağacların qırılması və yandırılması məsələsinə qarşı çıxıb. Razim Məmmədov ərazini yandırılması işini ilk əvvəl Xətai rayon Mənzil kommunal Təsərrüfat Birliyinin işçilərinə tapşırıb. Ancaq yanğını və ağacların kütləvi şəkildə qırılmasını İsfəndiyar Axundovun adamları ilə Bakı Yaşıllaşdırma İdarəsinin işçiləri həyata keçiriblər.
Mənbə bildirir ki, iş adamı İsfəndiyar Axundov bir neçə iş adamı ilə və Razim Məmmədovla birlikdə ərazidə 4-5 hündürmərtəbəli bina tikmək niyyətindədir. Ərazinin isə qiymətinin təxminən 4-5 milyon manatdan çox olduğu bildirilir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü ilin iyul ayının 1-də “Yaşıllıqların mühafizəsi haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.
Həmçinin onu da xatırladaq ki, ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında müxtəlif yerlərdə ağacların kəsilərək yerində ev tikilməsi ilə bağlı olduqca sərt çıxış edib:
“Nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Vəziyyət əvvəlki illərə nisbətən daha müsbətdir, ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”.
Ağackəsmənin tam şəkildə dayandırılmasını zəruri sayan prezident İlham Əliyev deyib ki, aidiyyəti qurumlar təklif versin:
“Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir”.
Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq…