Baş redaktorun xanımı prezidentə müraciət etdi
Jam.Az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun (İbişbəyli) xanımı Faiqə İbişbəyli prezident İlham Əliyevə müraciət ünvanlayıb
Xeberinfo.com: Onun şəxsi feysbuk səhifəsindən yaydığı müraciətdə deyilir:
"Cənab Prezident!
30 iyun 2016-cı il tarixdə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin 4 əməkdaşı yaşadığımız evə gələrək həyat yoldaşım, "Jam.az" saytının baş redaktoru Fikrət İbişbəylinin (Fərəməzoğlu) həbs olunduğunu deyərək evdə araşdırma apardılar. Bizə onun hansı qurum tərəfindən və niyə həbs olunduğu barədə heç bir məlumat verilmədi.
Yoldaşıma məxsus kompüteri, evimizin bütün sənədlərini, toy disklərimizi müsadirə edərək apardılar. Onlar evə daxil olarkən mən və iki azyaşlı körpə uşağım evdə idik. Bizə qarşı olduqca kobud davrandılar, hətta qapını da qırdılar. Biz bir neçə gündür ki, qorxu altında yaşayırıq.
Cənab Prezident, yoldaşım İbişbəyli Fikrət iyun ayının 30-da saxlanılıb. Sonradan öyrəndik ki, onun barəsində iyulun 2-də Nərimanov Rayon Məhkəməsində 4 ay həbs-qətimkan tədbiri seçilib. Hədə-qorxu ilə rüşvətalmaq da ittiham olunur, ancaq mən onun rüşvət almasına inanmıram. Əgər belə bir fakt varsa, əməliyyatın çəkilişini, video-görüntüsünü ortaya qoysunlar. Onun vəkildən və apellyasiya şikayətindən imtina etməsi də müəmmalıdır və hesab edirik ki, o, təzyiq altındadır.
Artıq 12 gündür ki, qanunsuz olaraq, MCQMİ-də saxlanılır. Bu da qanun pozuntusudur. Dəfələrlə müstəntiq Hacı Əfəndiyevlə əlaqə saxlayıb onun niyə hələ də orada saxlanmasını soruşsam da, heç bir məlumat vermir. Məgər rüşvət ittihamı ilə saxlanılan şəxsləri məhkəmənin qərarından sonra 12 gün MCQMİ-də saxlayırlarmı? Bu cür davranış ancaq terrorçu və dövlət çevrilişinə cəhd edən şəxslərə qarşı ola bilər. Mənim həyat yoldaşım isə tanınmış jurnalistdir, söz adamıdır.
Qeyd edim ki, Fikrət Fərəməzoğlu həbs olunduğu gündən sonra şəxsi avtomobilinin də harada olduğunu bilmirik. Özü ilə isə ümumiyyətlə, əlaqə saxlaya bilmirik.
Bu problemlə bağlı Baş Prokurorluğa və Ombudsman Aparatına etdiyimiz müraciətlərə də cavab verilmir. Mən həyat yoldaşımın müəmmalı həbsindən və hələ də MCQMİ-də saxlanmasından narahatam.
Əldə etdiyimiz son məlumata görə, Fikrət Fərəməzoğlu bu gün Kürdəxanı təcridxanasına aparılıb. Amma bir neçə saatdan sonra yenidən oradan çıxarılaraq harasa aparılıb. Onu da qeyd edim ki, şəxsi mobil telefonu (0552107647) bir neçə gündür işləkdir. Amma zənglərimizə cavab verilmir.
Cənab Prezident, hesab edirəm ki, həyat yoldaşımın həbsi hansısa məmurların sifarişidir. Ona görə də bu məsələni nəzarətinizə götürüb obyektiv araşdırılmasını təmin etməyinizi xahiş edirəm.
Hörmətlə, İbişbəyli Faiqə".