Böhran “Səba” toyuqlarının “belini qırıb”
Azərbaycanın ən iri quş əti istehsalçısı son 2 ili 4,1 milyon manat zərərlə başa vurub
Xeberinfo.com: İki il öncə yemin bahalaşması, ötən ilsə manatın dəyərsizləşməsi «Səba» ASC-ni -Dəvəçi broyler fabrikini ard-arda zərərə uğradıb.
Azərbaycanın ən iri quş əti istehsalçısı son 2 ildə 4,1 milyon manat zərər edib.
Material xərcləri 4,3 milyon manat artıb
Şirkətin mühasibatlığında AzadlıqRadiosuna deyiblər ki, yemin əsas hissəsi, eləcə də dərman və vaksinlər xaricdən alındığından, bahalı dollar və avro belə xərcləri 4,3 milyon manat artırıb.
Ötən il şirkətin satış həcmi 13,2 faiz artıb. Toyuq əti satışından 45,8 milyon manata yaxın gəlir götürülüb. Di gəl, satışın artımı xərcləri də yüksəldib. Xərclərdəki artım gəlirin yüksəlişini 242,3 min manat üstələyib. Nəticədə, «Azərbaycan İnvestisiya Şirkəti» ASC səhmlərinin 25 faizinə sahib olan bu broyler müəssisəsi il ərzində 2,1 milyon manatdan çox zərər görüb. Şirkətin açıqladığı hesabatda göstərilir ki, ilboyu quş əti satışı 1408,1 ton artaraq, 15 min 747,9 tona çatıb. Məhsulun hər kiloqramının satışından 2 manat 91 qəpik – maya dəyərindən 4,8 faiz az gəlir götürülüb.
İşçi sayı da azalıb
Ötən il Dəvəçi broyler fabrikində çalışanların sayı da azalıb. İki il öncə müəssisədə 917 nəfər işləyirdisə, 2015-ci ildə bu rəqəm 840 nəfərə düşüb.
2008-ci ildə «Azərbaycan İnvestisiya Şirkəti» ASC (AİŞ) «Səba» ASC səhmlərinin 25 faizini almaqdan ötrü 12 milyon manat ödəmişdi. Hər səhm 20 manat dəyərində qiymətləndirilmişdi.
Ötən ilin nəticəsinə görə, hər səhmə düşən xalis aktivlərin dəyəri daha 88 qəpik azalaraq, 12 manat 36 qəpik olub. Başqa sözlə, 2013-cü ilədək mənfəətdən dividend götürən AİŞ iki ildir ki, «Səba» ASC-dəki akvirindən bir manat da gəlir qazana bilmir.
«Səba» ASC-də AzadlıqRadiosuna onu da bildiriblər ki, bu, «Səba» şirkətlər qrupuna daxil bircə müəssisəsinin göstəriciləridir. Ancaq qrupa daxil digər şirkətlərin də ümumi maliyyə göstəriciləri qan qaraldıb. Məbləğ açıqlanmasa da, şirkətlər qrupu ötən ili böyük zərərlə başa vurub.
Birləşmə qərarı tamamlanmayıb
2014-cü ildə “Dəvəçi Broyler” ASC-nin səhmdarları bu broyler fabrikinin təsisçisi olduğu digər şirkətlərin də ona birləşməsi haqqında qərar vermişdi. Lakin qərarın icrası hələ tamamlanmayıb. Bu dövrdə «Abşeron Damazlıq» MMC «Səba» ASC-yə qoşulub.
«Al-Chicken» restoranı və «Səbalı» fastfud köşklərini yönəldən «Baku Food Company» MMC paytaxtda yüksək icarə haqları ucbatından fəaliyyətini dayandırmağa məcbur qalıb. Bu məlumatı da şirkətdən veriblər.
Hazırda qrupa «Biləsuvar Aqro», «Qarabağ Taxıl», «Qarabağ Toxum» və «Dəvəçi Broyler Dərin Emal» MMC-ləri daxildir.
«Səba» ASC səhmlərinin 37,31 faizinin sahibi «Baku İnvestment Company» MMC-dir. Bu şirkət «Bank Respublika» ASC-nin əsas nəzarətçiləri olan Saday Quliyevə və onun ailə üzvlərinə məxsusdur.