“Baltika-Bakı” istehsalı dayandırır
“Baltika-Bakı” şirkəti avqustun 15-dən istehsalatı müvəqqəti dayandıracaq.
Xeberinfo.com: Şirkətdən “APA-Economics”ə verilən xəbərə görə, Azərbaycanda pivə bazarında ağır vəziyyətin yaranması nəticəsində 2015-ci il ərzində bazarın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20%, 2016-cı ilin ilk rübü ərzində isə daha 35% azalıb və bu tendensiya davam etməkdədir.
Bildirilir ki, bu ilk növbədə ölkədə yaranmış makro-iqtisadi vəziyyətlə və milli valyutanın üzləşdiyi iki devalvasiya ilə bağlıdır, hansı ki əhalinin alıcılıq qabiliyyətinə kritik şəkildə təsir göstərib. “Bütün bunların fonunda şirkətin biznesinə eyni zamanda qanunvericiliyin nizamlaması da təsir göstərir: cari ilin ikinci rübündə suyun tarifikasiya sistemi dəyişilib, bu isə yalnız 2016-cı il ərzində istehsalat xərclərinin 500 min manat artmasına gətirib çıxaracaq. Eyni zamanda, sentyabrın 1-dən aksiz markası ilə markalanmalı olan malların nağd vəsait ilə dövriyyəsini qadağan edən və mütləq şəkildə öncədən ödəmə tələb edən qanun qüvvəyə minir, bu isə şirkət üçün öz məhsulunun realizasiyasını olduqca çətinləşdirir. Qanuna tabe olan və Dövlətin “vergi partnyoru” statusuna malik olan “Baltika-Bakı” dövlətin hesablaşmalar və məhsul dövriyyəsinin şəffaflığını artırmaq üzrə səyini dəstəkləyir. Lakin hazırki şəraitdə əlavə nizamlama metodları və şirkətlərin iqtisadi azadlığını məhdudlaşdırma ölkədə biznesin inkişafına olduqca neqativ təsir göstərəcək, və xüsusilə də, pivə dövriyyəsi sahəsinin katastrofik ixtisarına gətirib çıxaracaq”, – deyə şirkətdən bildirilir.
Bununla bağlı olaraq, şirkət tərəfdən 15 avqust 2016-cı ildən “Baltika-Bakı” zavodunda anbardan yük boşalmalarının davam edilməsi ilə pivə istehsalatının və süzməsinin iki ay müddətinə dayandırılması və əməkdaşların boşdayanma rejiminə keçirilməsi haqqında qərar qəbul edilib. Bu addım şirkətin istehsalat xərclərini azaltmağa və 2016-cı ilin nəticələrinə əsasən şirkətin Azərbaycanda biznesinin rentabelliyini saxlamağa imkan verəcək, o cümlədən də kütləvi ixtisarların qarşısını almağa və maksimal dərəcədə iş yerlərinin qorunub saxlanmasını mümkün edəcək.
Qeyd edək ki, dünyada ən iri pivə istehsalçılarından olan “Carlsberg Group”un bir hissəsi və Azərbaycanda pivə bazarının 75%-dən çox hissəsinə malik olaraq pivə istehsalı sənayesinin lideri olan “Baltika-Bakı” Azərbaycanın qeyri-xammal sektorunun ən iri müəssisələrindən biri və yüzlərlə Azərbaycan vətəndaşının iş yeridir. “Baltika-Baku” pivə zavodu Xırdalan şəhərində Azərbaycanın paytaxtından 10 km məsafədə yerləşir. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Şirkətdə 250 işçi və 400 vasitəçi (distributor, agentlik, icraçı) çalışır. “Baltika-Bakı” şirkətinin dövlət büdcəsinə illik ödəmələri 20 mln. manat, zavodun inkişafına ayırdığı ümumi investisiya isə 47 mln. manat təşkil edir.