""Qanun"dakı "bomba" millətin ictimai fikrini işıqlandıran əsərlərdir"
Xalq yazıçısı qardaşının nəşriyyatındakı axtarışdan danışdı: “Bu olay İlqar Məmmədova, yaxud Əövsət Əliyevə görədirsə...”
Xeberinfo.com: Xəbər verdiyimiz kimi, iyunun 11-də Bakı şəhər Baş Polis İdarəsinin 15 nəfərdən çox əməkdaşı işdən sonra “Qanun” nəşriyyatının binasına girib. Polislər binada bomba olması ilə bağlı məlumat aldıqlarını bildirərək, nəşriyyatın binasını axtarıblar. Təhqiqat aparmaq adı ilə bəzi çap məhsullarını, qəlibləri götürüblər, bəzi çap məhsulları müsadirə olunub. İyunun 12-də də axtarış davam etdirilib. Polis “Qanun”un binasını nəzarətə götürüb. Axşam saatlarında isə axtarış başa çatıb. Axtarış nəticəsində hər hansı şübhəli əşya aşkarlanmayıb.
Lakin hadisə mediada birmənalı qiymətləndirilməyib. Əksəriyyət, “bomba”nın bir bəhanə olduğuna və bu axtarışın “Qanun” nəşriyyatına qarşı təzyiqin ifadəsi olduğuna inanır.
“Yeni Müsavat” qəzeti olaraq, hadisə zamanı nəşriyyatın binasına gəlib qardaşına dəstəyini nümayiş etdirən xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlının məsələyə münasibətini öyrənməyə çalışdıq.
“Kitab arasında bomba olmaz...”
Sabir Rüstəmxanlı kitab vərəqləri arasında bomba axtarışının, həm də bunun sıravi polis əməkdaşları tərəfindən həyata keçirilməsinin absurd olduğunu, əsl məqsədin fərqli olduğunu bildirdi: “Mən dünən də mətbuata açıqlama verərkən demişdim ki, yəqin ortada böyük bir anlaşılmazlıq var. Çünki orada niyyət nə meyit axtarmaq idi, nə də bomba. Amma hər halda gərək polis əməkdaşları bu məsələdə qanunlar çərçivəsində hərəkət eləsinlər. İndiki halda bu hadisənin izahı bir qədər çətindir. Öncə zəng vurub məlumat veriblər ki, guya sizin mətbəədə meyit var. Bu nə deməkdir? Kim məlumat verib, haradan zəng vurublar? Ümumiyyətlə zəng vurublarmı, yoxsa hu bir bəhanədir - bu sualların cavabı yoxdur. Sonra axtarış səbəbi dəyişdirilir ki, guya mətbəədə bomba olması barədə məlumat daxil olub. Bu da iş qurtarandan sonra elan edilir. İş vaxtı hər kəs iş yerində olanda gəlib yoxlamalı idilər ki, orada bomba varmı, yoxmu. Əgər bomba qoyulubsa, oraya bombanı zərərsizləşdirən insanlar gətirilməli idi, onlar axtarmalı idilər. Sıravi polis əməkdaşları qapını açıb içəri girirlərsə, həqiqətən bomba var idisə, o bomba partlaya bilərdi, onların hamısı ölə bilərdi. Bunu da eləmirlər. Sonra binanı bir sutka mühasirədə saxlayırlar, işçiləri içəri buraxmırlar, açarı əllərindən alırlar. Daha sonra mən də işə qarışdım, oradakı yoldaşlara müraciət elədim ki, əgər yoxlamaq istəyirsinizsə, yoxlayın, işçiləri niyə binaya daxil olmağa qoymursunuz. Sonra içəri girib yoxlama apardılar. Yoxlama prosesi də maraqlı idi ki, kitabları vərəqləyirdilər, kağızları, əl yazmalarını o üz-bu üz çevirib baxırdılar. Masaların altındakı kiçik siyirmələri çəkib baxırdılar. Bunların heç birində bomba ola bilməzdi. Kitab arasında bomba olmaz”.
“Qanun”a təşəkkür etmək əvəzinə...”
S.Rüstəmxanlı Azərbaycan hökumətinin “Qanun”a təşəkkür borcu olduğunu vurğulayaraq, vaxtaşırı təkrarlanan bu cür axtarış tədbirlərinin nəşriyyatın işinə ziyan vurduğunu bildirdi: “Qanun” nəşriyyatı 14 ildir Azərbaycanda ən böyük hüquq jurnalı olan “Qanun” jurnalını buraxır. Azərbaycanda hüquq mədəniyyətini yüksəltmək üçün, qanunlarımızı təbliğ etmək üçün çalışır. “Qanun”un bu sahədə misilsiz xidməti var. Lakin heç kim - nə qanunverici orqanımız olan Milli Məclis, nə də rəsmi dairələr buna görə “Qanun” jurnalına bir təşəkkür belə etməyiblər. Elə bir mətbuat orqanı yoxdur ki, həm jurnal buraxır, həm də qanunlar həmin jurnalda çap olunur. Bütün rəsmilərin kitabxanalarında “Qanun” jurnalı yer alır. Əslində dövlət buna vəsait ayırmalıdır. Vəsait isə müəyyən adamlar üçün ayrılıb ki, “Qanun”un gördüyü işi görsünlər, jurnal çıxarsınlar, lakin heç biri o işi görə bilməyib. Ancaq bu çap evi dövlətdən heç nə almadan bu işi görüb. Buna təşəkkür etməkdənsə, əksinə, hər iki-üç ildən bir bəhanə tapıb, ya vergi müfəttişləri, ya polis əməkdaşları vasitəsilə bu nəşriyyatın işçini pozmağa çalışırlar. İndi nəşriyyat yerli ədəbiyyatdan az çap edir. Əsasən xarici ədəbiyyat nümunələrinə buraxır. Klassik ədəbiyyatın ən nadir inciləri, indiyə kimi Azərbaycan dilində olmayan əsərlər, dünya filosoflarının, ictimai-siyasi xadimlərinin əsərləri “Qanun”da dilimizə çevrilir, çap olunur. Bu bir QHT və ya dövlət təşkilatı deyil, bu bir özəl qurumdur. Ancaq millətə, milli işə bu qədər xidmət göstərir. Buna görə onlara təşəkkür düşür. Dünyanın ən böyük kitab sərgilərində “Qanun” ölkənin ən tanınan və fəal nəşriyyatlarından biri kimi iştirak edir. Lakin bu heç kimi maraqlandırmır”.
“O bomba klassiklərin əsərləridir”
Xalq şairi qeyd etdi ki, sözü gedən çap evində heç bir qadağan olunmuş kitabın çapından söhbət gedə bilməz: “Nəşriyyat müəyyən sayda insanların iş yeridir. Onlar orada işləyirlər, gənc adamlardır, çörəkpulu qazanırlar. Bu da ümumi işə xeyirdir. Lakin bunların heç biri nəzərə alınmır. Gəlib deyirlər ki, nəşriyyatda bomba var. Nəşriyyatda bomba nə gəzir? Polis bomba axtarmaqdansa, kitabları vərəqləyir. Görünür axtarışın səbəbi bomba deyil. Mən dünən getdim və dedim ki, sizi maraqlandıran bir kitab və ya vərəqə varsa, onu deyin. Hər halda bu nəşriyyatın başı daşdan-daşa dəyib, ona görə də, prezidentin sərəncamı ilə çapı qadağan olunmuş bir vərəq də burada çap oluna bilməz. Qadağan olunmamış ədəbiyyat çap olunursa bu artıq hansısa məmurun istəyindən asılı deyil. Bu dövlətin apardığı ümumi siyasət çərçivəsində həyata keçirilir və ona heç kim mane ola bilməz.
Mən bu barədə fikirlərimi mətbuata da dedim ki, əgər kitabların içində bomba axtarırlarsa, o bomba klassiklərin əsərləridir, o bomba Azərbaycan ədəbiyyatının ən nəhəng simalarının kitablarıdır, o bomba millətin ictimai fikrini işıqlandıran bədii nəşrlərdir. Bunu bomba sayırlarsa, gəlib axtarsınlar”.
Axtarışda İlqar Məmmədov faktoru...
Axtarışın “Qanun” nəşriyyatında İlqar Məmmədovla bağlı vərəqələrin çap olunması ilə bağlı olmasına gəlincə, S.Rüstəmxanlı bunu əsassız səbəb adlandırdı: “Mən axtarışın nə ilə bağlı olduğunu dəqiq bilmirəm. Ancaq nəzərə alsaq ki, hər gün “Azadlıq” qəzeti və başqa qəzetlər İlqar Məmmədovun şəklini çap edir. Bu qəzetlər isə Prezident Aparatına məxsus “Azərbaycan” nəşriyyatından çap olunur. O zaman nəyə görə, həmin bombanı “Azadlıq” qəzetində və ya “Azərbaycan” nəşriyyatında axtarmırlar.
Səbəb Əlövsət Əliyevdirmi?
Əlövsət Əliyev faktoruna gəlincə müsahibim etiraf etdi ki, qardaşına görə, bütün ailəyə dolayı yolla narahatlıq yaradılır: “Əlövsətin işinə yanaşmanın özü də anormal bir yanaşmadır. Əlövsət hüquq müdafiəçisidir, miqrasiya işi ilə məşğuldur. Ona kimsə müraciət edib ki, mənim ölkədən getməyimə necə yardım edə bilərsiniz, mənə hansı sənədlər lazımdır. Əlövsət də deyib ki, hüquqi baxımdan filan işlər görülməlidir. Əlbəttə, bu tanınmış bir ailə olduğuna görə, kömək etməyə bilərdi. Lakin o, zəng vurub, bu adamı axtarıb, desin ki, həyat yoldaşınla bağlı belə bir vəziyyət var. Calaşdırmayıblar, danışa bilməyib. Bu telefon qeydləri indi də qalır. Ondan sonra məcbur olub, deyib ki, bu sənədlər lazımdır.
Ondan başqa, Əlövsət heç bir kömək etməyib. O da gördüyü işin mahiyyəti ilə bağlı olan məsələdir. indi o adamı xaricə getməyə məcbur edənlər qalıb, ailənin öz problemləri qalıb, gedən qalıb, sənədləri düzəldənlər qalıb, Əlövsət hədəfə çıxarılıb. Əlövsət bir kənara, dolayı yolla bu məsələnin hamımıza təsiri var. Bunu da mən anormal hesab edirəm. Düzdür, heç kim toxunulmaz deyil və bizim də günahımız varsa, cəzamızı çəkməyə hazırıq. Amma eyni zamanda biz bir ailə olaraq, bütün ömrümüzü bu dövlətin inkişafına, bu millətin azadlığa çıxmasına sərf eləmiş adamlarıq. Heç bir vəzifə daşımadan qara fəhləliyini eləmiş adamlarıq. Mən təkcə özümü demirəm, ailə böyükdür, ailə təkcə məndən ibarət deyil. Bunun müqabilində hər hansı səhv olubsa belə, onu bu qədər şişirtməyə, ölkə səviyyəsinə qaldırıb bu cür münasibət göstərməyə dəyməz. Əlövsət Ukraynaya gəlmişdi, Ukraynadan müəyyən sənədlər tələb etmişdilər. Bir gündə Azərbaycandan 60-70 səhifəlik sənəd tərcümə edib göndərmişdilər, buradan Ukraynaya adamlar gedib, bütün qüvvələr sərf olunub ki, bu adam Azərbaycana ötürülsün. Ancaq hər halda orada ədalətli məhkəmə var, bir neçə dəfə məhkəmə oldu. Ukrayna məhkəməsi qərar çıxartdı ki, bu adam Azərbaycana qaytarıla bilməz. Çünki irəli sürülən dəlillər onun Azərbaycana qaytarılması üçün əsassızdır. Ukraynadan Azərbaycana qurultaya gələn adamlardan da soruşurdular ki, siz kömək etmisiniz. Sorğu-sual aparırlar ki, Əlövsətə orada kim kömək edib. Ancaq Əlövsətə Ukrayna qanunları kömək edib. Nə yaxşı ki, o qanunları sorğu-suala çəkmək mümkün deyil”.
Musavat.com