VƏLİ ƏLƏSGƏROV KİMLƏRİ HƏDƏLƏYİR?
“Vəli Ələsgərov həmin şəxslərin də adlarını açıqlayacaq”
Xeberinfo.com: “Vəli Ələsgərov məhkəmə prosesində həbsinin əsl səbəblərini açıqlayacaq”. Bu sözləri “Azadlıq”a Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun vəkili Vüqar Xasayev deyib. Vəkil bildirib ki, Vəli Ələsgərov barəsində Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə yanlış məlumatlar verilib.
Vüqar Xasayevin sözlərinə görə, Vəli Ələsgərova bu məlumatları kimlərin verdiyi bəllidir:“Vəli Ələsgərov həmin şəxslərin də adlarını açıqlayacaq. Həmçinin həbs olunan zaman onun və ailəsinin başına gətirilənlərdən danışacaq”.
Vüqar Xasayev Vəli Ələsgərovun məhkəməsinin qapalı keçirilməsinə də münasibət bildirib. Vəkil bildirib ki, işdə ailə-məişət sirrinin olduğunu əsas gətirərək belə qərar qəbul ediblər:“Əslində isə orada bir sirr yoxdur. Məhkəmənin qapalı keçirilməsi proses zamanı üzə çıxacaq məlumatları ictimaiyyətdən gizlətməyə xidmət edir. Əgər ailə-məişət sirrinin yayılmasından bu qədər narahatlıq varsa, prosesi həmin hissədə qapalı keçirə bilərdilər. Söhbət özlərinin istəmədikləri məlumatların ictimaiyyətdən gizlədilməsindən gedir”.
Vüqar Xasayev deyib ki, hələ də cinayət işinin materiallarındakı sənədlərin surətlərini onlara verməyiblər: “Naxçıvan Prokurorluğunda olduğu kimi Naxçıvan Hərbi Məhkəməsində də vəsatətlərimizi təmin etmədilər. Cinayət işinin materiallarındakı sənədlərin surətini bizə vermədilər. Biz iyunun 7-də rəsmi müraciət etmişdik ki, müdafiəni qurmaq üçün həmin sənədlərin surətini versinlər. Çox təəssüf ki, vəsatətimiz heç bir əsas gətirilmədən təmin olunmadı.
Bundan başqa, dedilər ki, işlə ancaq əllə qeydlər götürmək şərti ilə tanış ola bilərsiniz. Yəni bizə sənədlərin surətini çıxarmağa imkan vermirlər. Sanki 17-18-ci əsrdir. Bizi orta əsrlər qaydasında işlə tanış olmaq məcburiyyəti ilə üz-üzə qoydular. 3 cildlik işdir. Bu qeyri-mümkün məsələdir ki, biz işlə tanış olub qeydlərimizi götürək, sənədlərdə yazılanları bizə lazım olan hissələrdə köçürək. Bizim Vəli Əsgərovun müdafiəsini tam qurmaq üçün imkanlarımız son dərəcə məhdudlaşdırılıb”.
Vəkil deyib ki, məhkəmənin qapalı keçirilməsinə etiraz olaraq vəsatət qaldıracaqlar. “Lakin detalları açıqlamaq istəmirəm. Bizim də sürprizlərimiz var”, – deyə Vüqar Xasayev bildirib.
Vəli Ələsgərov barədə qanunsuz dinləmə gəlincə, vəkil deyib ki, burada söhbət boşanmış bir şəxsin dinlənilməsindən gedir: “Guya həmin adamın dinlənilməsi həyata keçirilib. Həmin məsələ ilə bağlı ittiham veriblər. Amma ortada konkret fakt yoxdur. İttiham aktında rəhbər şəxslərdən kimsənin dinlənilməsi haqda məlumatlar yoxdur. Çünki Vəli Ələsgərov ifadə verməyib. İstintaq orqanı onu ifadə vermək hüququndan məhrum edib”.
Xatırladaq ki, Vəli Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci – mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə, 308.1-ci – vəzifə səlahiyyətlərindən sui-istifadə və 309.1-ci vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunub. Bir neçə gün əvvəl isə bu maddələrlə yanaşı, V.Əsgərova telefon danışıqlarını qanunsuz dinləməyə görə CM-in 302.2 – əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma maddəsi ilə də ittiham elan edilib.
Istintaq qısa müddətdə yekunlaşdırılaraq baxılması üçün Naxçıvan Hərbi Məhkəməsinə göndərilib. Artıq hazırlıq iclası keçirilib. Qasım Əliyevin rəhbərlik etdiyi proses iyunun 13-də, 10:00-da keçiriləcək.