Eks-deputat Fərhad Qəribovun oğlu bir qrup fəhləni işlədib pulu vermir.
Xeberinfo.com: Zöhrab Qəribov atası deputat olarkən 11 nəfəri işə götürüb, işlədib, sonda isə deyib ki, “pulu vermirəm, gedin kimə istəyirsiz deyin”. Həmin şəxslər də deputat oğlunun sözünü yerə salmayıblar.
2012-ci ildən bu günə qədər halal, əllərinin zəhməti, alın təri ilə qazandıqları pulların onlara verilməsi üçün dövlət qurumlarına yorulmadan şikayət edirlər. Bu şikayətlər Fərhad Qəribovun, onun övladlarının, yaxınlarının böyük yeyintiləri haqda məlumatların ortaya çıxmasına səbəb olub.
Sonuncu dəfə bu günlərdə Kürdəmir Rayon İcra Hakimiyyətində olan 11 işçi icra başçısı Ceyhun Cəfərovla görüşüblər. Başçı işçilərə söz verib ki, məsələnin tez bir zamanda həll edilməsi üçün əlindən gələni edəcək.
Amma işçilər əllərini-əllərinin üstünə qoyub gözləmirlər. Digər dövlət orqanlarına da müraciətlərini davam etdirirlər.
“Ötən il redaksiyanıza şikayətlərdən sonra dövlət orqanları məsələni daha ciddi şəkildə yoxlamağa başladılar. Sadəcə, Fərhad Qəribov yersiz inadkarlıq edir. Guya tərslik edib pulumuzu verməyəcək. Bizə 15 min manatı ödəməmək üçün artıq 200 min manat cərimə ödəyib, oğlu dərbədər düşüb, qardaşı oğlunun ölkədən çıxışına qadağa qoyulub. Biz qazandığımız puldan imtina edən deyilik. 2012-ci ildə deputatın oğlu Zöhrab Qəribov bizləri yol çəkilişində işlədib, əmək haqqı ödəyəcəyini vəd edib. Sonradan isə dedi ki, pulunuzu vermirəm. Düşündük ki, cavan oğlandır, haqq-nahaq məsələlərini bilmir, getdik atası, o dövrdə deputat olan Fərhad Qəribovun qəbuluna. Ona dedik ki, oğlu Zöhrabın ”İpək yolu” layihəsinin Kürdəmir ərazisinə düşən hissəsində yolun çəkilişini həyata keçirən podratçı şirkət “Ekspress-Trans” MMC-nin işçiləriyik. Oğlunun bizə ümumilikdə 15 min manat əmək haqqı borcunun olduğunu, lakin vermək istəmədiyini dedik. Fərhad Qəribov da oğlunun sözlərini təkrarladı. Biz də bundan sonra başladıq şikayətlərə”, -deyə redaksiyamıza gələn şikayətçilərdən biri söyləyib. Onun sözlərinə görə, ölkə rəhbərliyinə şikayət ediblər və məsələni Əmək Müfəttişliyi araşdırıb. Sonda məsələ ilə bağlı məhkəməyə müraciət etməyimizi məsləhət gördülər. Şirvan Məhkəməsində başlayan iş, Ali Məhkəmədə xeyrimizə çıxarılan qərarın təsdiqlənməsi ilə sonunclandı. Məhkəmə yazdı ki, bizə 15 min manat ödənməlidir”.
Qəribovlardan şikayətçilərin sözlərinə görə, icra işi hazırda iş Kürdəmir Məhkəmə İcra Qrupundadır:“kürdəmir İcra Qrupu Fərhad Qəribov deputat olanda deyirdi ki, ona gücümüz çatmır. Fərhad Qəribov 5 aydır ki, deputat deyil, indi də Ali Məhkəmənin qərarını icra etməyə tələsmirlər. Biz ədliyyə naziri Fikrət Məmmədova da müraciət edirik ki, məhkəmə qərarının icrasını təmin etsinlər. Bizim halal haqqımızı versinlər”.
Şikayətçilərin sözlərindən aydın olur ki, Fərhad Qəribov 15 min manatı ödəməkdən yayındığına, məhkəmə qərarını icra etmədiyinə görə 3 min manat, sonradan isə əlavə olaraq 2 min manat cərimə olunub: “Bu adam inad edir, deyir ki, 1 milyon xərcləyəcəyəm, amma sizə 1 qəpik də verməyəcəyəm. Biz də dövlətə arxayınıq. Onun 1 milyonunu alıb, bizim 15 min manatımızı versinlər”.
Şikayətçilər deyir ki, çalışdıqları MMC Zöhrab Qəribovun olsa da, formal olaraq qardaşı oğlu Sarvan Qəribovun adına olub: “Biz Vergilər Nazirliyinə də şikayət edib Qəribovların MMC-sidə yoxlama aparılmasını xahiş etmişdik. Araşdırdılar, məlum oldu ki, Fərhad Qəribov parlamentdə otura-otura faktiki oğluna məxsus olan MMC ”İpək yolu”nun tikintisi zamanı böyük vergi cinayətlərinə yol verib. Məlum oldu ki, “Ekspress-Trans” MMC 2014-cü ilə qədər dövlət qurumlarına fəaliyyətsiz olması haqda yalan məlumatlar verməklə külli miqdarda vergini ödəməyiblər. Buna görə də deputatın qardaşı oğlu Sarvan Qəribovu saxladılar, rəhbəri olduğu MMC 120 min manat cərimə etdilər. Ona 70 min manatı ödətdilər. Yerdə qalan 50 min manatı ödəmək öhdəliyi götürdü. Bundan sonra azad olundu. Bir müddət əvvəl isə Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergi İdarəsi Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək Sarvan Qəribovun ölkədən qaçmaq ehtimalının böyük olduğunu nəzərə almaqla onun ölkədən çıxışının yasaqlanmasını haqda qərar verilməsini xahiş edib. Məhkəmə Sarvan Qəribovun ölkədən çıxışını yasaqlayıb. Bizə məlum olan budur ki, Sarvan Qəribov 50 min manatın 24 minini ödəyib. 26 min manat borcu isə ödəmək istəmir. Hazırda bu rəqəm də dəbbə pulu ilə birgə artıq 36 min 871 manat 98 qəpik olub. Hər gün bu məbləğin üstünə 0.1 faiz dəbbə pulu gəlir”.
Şikayətçilər deyir ki, bir müddət əvvəl Fərhad Qəribovun oğlu Zöhrab Qəribov bir bank işinə görə həbsə alınıb. Digər oğlu Elnur Qəribov isə axtarışa verilib.
Yada salaq ki, Z.Qəribovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması haqda 2014-cü ildə məlumat yayılmışdı. Z.Qəribovun bir sıra banklarda kredit alıb qaytarmadığı iddia olunurdu. İndi məlum olur ki, sabiq deputatın oğlunun həbsi Beynəlxalq Bank işinə görədir.
F.Qəribov 2014-cü ildə oğlunun Beynəlxalq Bank işində adının keçməsini təsdiqləyən açıqlama vermişdi. Demişdi ki, oğlu 8 il əvvəl Cahangir Hacıyevlə şərikli iş qurub.
Həmin açıqlamadan sitat: “Sonradan onların işi alınmayıb. Beynəlxalq Bank işi ilə bağlı cinayət işi başlanıb. İstintaq zamanı onunla birgə işləyən və vaxtilə şərik olan şəxsləri də çağırıb sorğu-sual edirlər. Bu məqsədlə Zöhrab Qəribovdan da bu şəriklik barədə soruşublar. Lakin bu o demək deyil ki, oğlum barədə istintaq başlanıb, yaxud onu saxlayıblar”.
Həmin dövrdə də belə iddialar vardı ki, Fərhad Qəribovun oğlunu istintaqın sonrakı mərhələsində maliyyə xəyanətinə görə həbs edə bilərlər. İndi belə görünür ki, həmin iddialar təsdiqlənib. Deputatın oğlu Beynəlxalq Bank işinə görə həbsdədir.
Bundan başqa F.Qəribovun özünün də adı bank qalmaqlına qarışıb. 2014-cü ildə Fərhad Qəribova məxsus bankdan dövlətə məxsus 2 milyon manat vəsaitin mənimsənilib. Belə ki, F.Qəribova məxsus “Debüt” Kommersiya Bankı vasitəsilə dövlətin 2 milyon 96 min manatı yoxa çıxıb. Bu məsələ 2014-cü ildən bu günə qədər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılır. Bu araşdırmaların başlanmasına isə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material səbəb olub. Həmin material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırma zamanı fonddan daxil olmuş materialda qeyd edilən xüsusatlar təsdiq olunmaqla büdcə vəsaiti hesabına müvəkkil kredit təşkilatı kimi “Debüt” Kommersiya Bankı ASC-yə 2006-2008-ci illərdə ayrılmış 2 milyon 961 min 500 manat güzəştli kreditin bankın vəzifəli şəxsləri tərəfindən qulluq mövqeyindən sui-istifadə etməklə ayrı-ayrı hüquqi və fiziki şəxslərdən saxta biznes planları, hesabat sənədləri qəbul etməklə külli miqdarda güzəştli dövlət kreditinin mənimsənilməsində şübhələr üçün əsaslar müəyyən olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. 2014-cü ildə F.Qəribov deputat olarkən onunla 2 milyonluq yeyintiyə dair söhbət aparılıb. Deputat Fərhad Qəribov pulun tezliklə geri qaytarılacağını vəd edib. Amma vəd yerinə yetirilməyib. Hazırda isə Fərhad Qəribov deputat deyil və 2 milyonluq iş üzrə dindirilməsinə heç bir maneə yoxdur(musavat.com).