Deputat Fərhad Qəribov ölkədən niyə qaçıb?
Deputat Fərhad Qəribovun bankı vasitəsilə dövlətin 2,96 milyon manatı mənimsənilib.
"Xeberinfo.com": Bu haqda Baş Prokurorluq məlumat yayıb. Qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, “Debüt” Kommersiya Bankı ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırma zamanı fonddan daxil olmuş materialda qeyd edilən xüsusatlar təsdiq olunmaqla büdcə vəsaiti hesabına müvəkkil kredit təşkilatı kimi “Debut” Kommersiya Bankı ASC-yə 2006-2008-ci illərdə ayrılmış 2 milyon 961 min 500 manat güzəştli kreditin bankın vəzifəli şəxsləri tərəfindən qulluq mövqeyindən sui-istifadə etməklə ayrı-ayrı hüquqi və fiziki şəxslərdən saxta biznes planları, hesabat sənədləri qəbul etməklə külli miqdarda güzəştli dövlət kreditinin mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan, faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, 2010-cu il dekabrın 2-də Azərbaycan Mərkəzi Bankı “Debüt” Bank ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyanı ləğv edib. “Yeni Müsavat”a daxil olan məlumata görə, məsələ ilə bağlı F.Qəribov da qeyri-rəsmi olaraq dindirilib. O, baş verənlərdən xəbərsiz olduğunu deyib. İstintaqçıların deputatın dediklərinə inanıb-inanmadığı haqda məlumat yoxdur. Amma bu qədər büdcə pulunun deputatın xəbəri olmadan bankından götürülərək “yeyilməsi” inandırıcı görünmür. Belə məlumatlar var ki, həmin vəsait F.Qəribovun xeyir-duası ilə müştəriyə verilib.
Ondan buna görə külli miqdarda “şapka” da alınıb. Bu məsələlər qeyri-rəsmi həyata keçirildiyindən istintaq zamanı rəsmiləşdirilməyib. Məsələ ilə bağlı deputatın özünün də fikirlərini öyrənməyə cəhd etdik. Lakin F.Qəribovun telefonu qapalı olduğundan onunla danışa bilmədik. Deputata yaxın mənbədən öyrəndik ki, F.Qəribov bankında baş verən yeyinti ilə bağlı qeyri-rəsmi sorğu-sual olunandan sonra səhhətində problem yaranıb. Bir neçə gün əvvəl isə müalicə olunmaq üçün Türkiyəyə gedib. Qeyd olunur ki, deputatın səhhətində əvvəldən də problemlər olub və zaman-zaman ağırlaşma halları baş verib. Onun xaricə getməsi əlavə sorğu-sualdan yayınmaq istəyi ilə əlaqələndirilir.