“Milli Məclis ağzının üstündən tərs şapalağı vurmalıdır…”
Tanınmış YAP-çı, Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu, deputat Araz Əlizadənin Dövlət himnimizlə bağlı açıqlamalarına sərt reaksiya verib.
Xeberinfo.com: Onun fikrincə, A.Əlizadə bu açıqlamalarilə milli heysiyyatımıza toxunub. E.Sabiroğlu deyib:
Dövlətə, millətə məxsus elə yüksək dəyərlər var ki, ona toxunmaq olmaz. Araz Əlizadənin Dövlət himnimizi təhqir etməsini bu mənada ağıla yerləşdirmək mümkün deyil. Hansı arxayınçılıq və cəsarət onu bu cür davranışa təhrik etmişdir?! Bu, başqa bir mövzunun söhbətidir. Araz Əlizadə bu addımı ilə milli heysiyyatımıza toxunmuşdur, ona gorə də üslubuma tərs mütənasib olan bir tərzdə cavab vermək məcburiyyətindəyəm. O, buna layiqdir! Belə birisi ilə mədəni danışmağı məqbul hesab etmirəm! Dövlət himnimizi məsxərəyə çevirməklə, Əlizadə hansı təfəkkürə malik olduğunu, nə ilə nəfəs aldığını açıqca ortaya qoyur. Fikrimcə, beləsini bağışlamaq, elə onun özü kimi düşünməyə bərabər bir şeydir. Milli Məclis hökmən münasibətini sərgiləməli və sifətinə tərs şapalağı vurmalıdır!”
E.Sabiroğlu hesab edir ki, dünya mədəniyyət tarixinə əvəzsiz töhfələr verən, Azərbaycanın milli fəxri sayılan Üzeyir Hacıbəyov kimi dahi şəxsiyyətə qiymət verməyə A.Əlizadənin nə haqqı, nə də mənəvi ixtiyarı catır. “Bu adamın kafası Şimali Azərbaycanın milli kodları ilə uyuşmur. Dəfələrlə iyrənc baxışları ilə diqqət çəkən Araz Əlizadə, ciddi təpkilərlə qarşılaşmadığına görə ayağı daha möhkəm yer alıb. Artıq o həddə çatıb ki, Dövlət himnimizi təhqir etməkdən çəkinmir. Ağır səslənsə də, deməliyəm ki, qudurğanlıqdır! Beləsinin bayırdan parlamentə buraxılması acı təəssüf doğurur. “Seçildiyi” ərazidə yaşayan vətəndaşların mövqe nümayiş etdirməsi gərəkdir. “Deputatları” dövlətin yüksək məqamında əyləşsə də, müqəddəs atributlara rişxəndlə yanaşır. Himnimizə mədəniyyətsiz və məsuliyyətsiz yanaşan bu kəsin heç şübhəsiz ki, Dövlət bayrağına münasibəti də elə eyni cürdür”.
E.Sabiroğlunun fikrincə, ölkə ictimaiyyəti Araz Əlizadənin bu davranışına laqeyid qalmamalıdır: “Üzeyir Hacıbəyovun ayaqqabısının tozu olmayan Araz Əlizadə, ümumiyyətlə, türk kəliməsini eşidəndə, sanki başına göydən ağır bir daş düşür. Ölkə ictimaiyyəti onun bu saymazyana murdarlığına öz kəskin münasibətini bildirməli, dövrü mətbuat da öz növbəsində ona öz yerini göstərməlidir.Azərbaycan vətəndaşları parilamentə müraciətlər göndərməlidirlər. Araz Əlizadəyə başa salınmalıdır ki, o, başqa bir ölkənin deputatı deyil. Yəqin nə deyəcəyim qaranlıq görünmür. Üzeyir Hacıbəyov əsrlərlə Azərbaycan xalqının ürəyində yaşayacaqdır. Bəzilərinin isə tarixin arxivində üstünü basmış toz-torpağı, kol-kosu təmizləmək mümkün olmayacaqdır…”
AzPolitika.info