170 min dollarlıq qalmaqal davam edir
Adəm Məmmədov: «Məsələ ilə bağlı ciddi araşdırma aparılır»
Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın da adı hallanan 170 min dollarlıq qalmaqalla bağlı araşdırmalar davam edir.
Xeberinfo.com: Bu barədə “Azadlıq”a vəkil Adəm Məmmədov bildirib. Adəm Məmmədov bu qalmaqalda zərərçəkən kimi tanınan Eynur Kərimovun vəkilidir. Vəkil bildirib ki, müdafiə etdiyi şəxs istintaqa ifadə verib. “Qarşı tərəfdən kimlərin dindirilməsi barədə isə məlumatım yoxdur. Onu bilirəm ki, məsələ ilə bağlı ciddi araşdırma gedir”, – deyə Adəm Məmmədov bildirib.
Qeyd edək ki, AQUPDK sabiq Aparat rəhbəri Səfər Imanovun Eynur Kərimovdan 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir. Lakin qarşı tərəf, həmçinin Səfər Imanovun özü bu məsələdə komitə sədri Hicran Hüseynovanı da ittiham edir.
Komitənin mətbuat xidmətinin fevralın 17-də yaydığı məlumata görə isə sabiq aparat rəhbəri Səfər Imanov komitədə işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs komitəyə müraciət edib: “Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl Səfər Imanova pul vəsaiti təqdim edib. Eyni zamanda, rəqəmlər şəxs tərəfindən dəyişdirilərək hər dəfə fərqli ifadə edilib və bu 4 il müddətində həmin şəxs Səfər Imanovla yaxın əlaqədə olub. Burdan sual ortaya çıxır ki, niyə bu 4 il ərzində həmin vətəndaş tərəfindən rəsmi şəkildə komitəyə və digər hüquq-mühafizə orqanlarına müraciətlər edilməmişdir?! Biz məsuliyyətlə qeyd edirik ki, həmin şəxslə komitə sədri xanım Hicran Hüseynovanın işlə təmin edilməsi və hər hansı pul vəsaitinin verilməsi ilə bağlı heç bir əlaqəsi və danışıqlar olmayıb. Qeyd etmək istərdik ki, dövlət komitəsinin sədri xanım Hicran Hüseynova kimisə vəzifəyə təyin etmək üçün inzibati və rəsmi səlahiyyətlərə malik deyil. Onu da əlavə edək ki, bir sıra kütləvi informasiya vasitələrində Səfər Imanovun xanım Hicran Hüseynovanın dayısı oğlu olması ilə bağlı məlumatlar yer alıb və biz bunu təkzib edərək nəzərinizə çatdırmaq istərdik ki, bu məlumat yanlışdır”.