Qarabağ qazisi: ”Gömrük rəisi məni kabinetində döydü” VİDEO
Zakir Əliyev: “Köynəyimi dartıb cırdı, nalayiq söyüşlərlə təhqir edərək boyunuma, boğazıma və üzümə yumruqla vurdu”
Xeberinfo.com: “Qardaşımı zəng edib hədələmişdi, ünvanımıza söyüşlər söyüb, təhqir etmişdi. Demişdi ki, təcili kabinetimə gəlin. Getdik ki, başının dəstəsi də kabinetindədir. Salamımızı belə almayıb məni söydü, köynəyimi cırdı. Bizi sanki rinqə çağırmıdılar, boks oynayırdılar” .
Bu sözləri iki qolu olmayan Qarabağ qazisi Zakir Əliyev deyir. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsinin Yalama Dəmir Yol Yük Stansiyasının rəisi Valid Nəsirov onu öz kabinetində döyüb. Qarabağ qazisi məsələ ilə bağlı dövlət orqanlarına müraciət edib. O, Xaçmaz Rayon Prokurorluğuna, Dövlət Gömrük Komitəsinə, Milli Məclisin sədri Oqtay Əsədova, Xaçmaz və Qubadan olan deputatlar İlham Əliyev və Vahid Əhmədova müraciət edərək, gömrük rəisinin cəzalandırılmasını istəyib.
Qarabağ qazisi Meydan TV-yə deyib ki, özü və qardaşları Rusiyaya meyvə-tərəvəz məhsulları aparıb, orada satırlar. Qolları olmadığından bu işdə qardaşları ona kömək edir.
Zakir Əliyevin sözlərinə görə, başına gələnlərlə bağlı Xaçmaz Rayon Prokurorluğuna müraciət etdikdən sonra prokurorluğun göndərişilə tibbi ekspertizadan keçirilib. Ekspertiza zamanı boyun nahiyyəsində xəsarətlər aşkar olunub: “Mənimlə ermənidən betər rəftar etdilər. Mən bu torpaq uğrunda hər iki qolumdan olmuşam. Buna baxmayaraq, ailəmlə birgə yaşamaq uğrunda mübarizə aparıram. İşimiz rayondan meyvə-tərəvəz məhsulların toplayıb Rusiya Fedarasiyasına Xaçmaz rayon Yalama Dəmiryol Gömrük Məntəqəsindən vaqon vasitəsilə yola salmaqdır. Həmin gömrük məntəqəsində bir çox problemlərlə üzləşirdik”.
Z.Əliyev gömrük rəisinin barəsində ölçü götürülməsini tələb edir: “Valid Nəsirovun azğınlığının qarşısının alınması üçün müraciət edirəm. Hər dəfə meyvə-tərəvəzlə yüklənmiş vaqonların Rusiya tərəfinə buraxılması üçün süni maneələr yaradırlar. Hər vaqona dövlət rüsumlarını ödədikdən sonra bizdən əlavə olaraq özü üçün 300-400 dollar alır və sonra buraxılış göstərişini verirdi. Meyvə-tərəvəzin tez xarab olması təhlükəsi ilə üzləşməməyim üçün çarəsiz qalaraq onun istəyini məcburi həyata keçirirdim. Martın 3-də Valid Nəsirov qardaşıma zəng vuraraq, gözləmədiyimiz halda ünvanımza nalayiq sözlər söyləyərək, öz kabinetinə çağırtdırdı. Valid Nəsirov məndən yola salınan vaqonda pomidor olmasını və ondan xəbərsiz olduğunu bildirdi. Bundan sonra məni bu məntəqədə işləməyə qoymayacağını dedi. Mən bu işdə artıq 20 ildən çox işlədiyimi və dövlət büdcəsinə nə qədər vergi ödəyərək, xeyir verdiyimi bildirdim. Dedi ki, sənin malını vaqonda saxlayıb xarab etdirəcəm”. Bu hədəsi barədə prezident İlham Əliyevə teleqram vasitəsilə şikayət edəcəyimi bildirdim. Bundan sonra isə ayağa qalxıb, “səni yox edərəm, öldürtdürərəm” deyərək, hədə-qorxu gəldi. Üstümə hücum çəkdi, yaxamdan tutub silkələyərək, köynəyimi dartıb cırdı, nalayiq söyüşlərlə təhqir edərək boynuma, boğazıma və üzümə yumruq vurdu. Qollarımın olmamasından istifadə edən Valid Nəsirov müqavimət göstərə bilmədim. Qardaşımı da yanındakı qanunsuz dəstəsinin üzvləri vurdu”.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən isə APA-ya bildiriblər ki, vətəndaş Zakir Əliyev Azərbaycandan Rusiya Federasiyasına apardığı pomidor yükünü gömrük orqanına nar və alma kimi bəyan edib və Rusiya tərəfi ilə həyata keçirilən birgə əməliyyat nəticəsində yük saxlanılıb: “Yoxlama zamanı gömrük orqanı əməkdaşları Zakir Əliyevə yükün mal müşayiət sənədlərinin qaydasında olmadığını irad tutaraq, bəyannamənin qanuna uyğun şəkildə tərtib edilməsini tələb edib. Ancaq Zakir Əliyev bununla razılaşmayıb və əlilliyindən istifadə edərək, qanusuz hərəkətlərə yol verib və asayişi pozmağa çalışıb. Haqsız tələbinə nail ola bilmədikdə isə Zakir Əliyev qardaşı Ramin Əliyev və 2 nəfər yaxın qohumu ilə birlikdə etik qaydalara uyğun olmayan şəkildə ”Yalama” gömrük postunun rəisi Valid Nəsirovun xidməti otağına daxil olaraq zorla tələblərini reallaşdırmağa cəhd göstərib. Valid Nəsirov onlara qanunvericiliyin müddəalarını xatırladaraq, yükün müşayiət sənədlərinin düzgün tərtib olunmasının vacibliyini bir daha xatırladıb. Lakin gömrük postu rəisinin otağına qanunsuz şəkildə daxil olanlar bu dəfə də onu nalayiq ifadələrlə təhqir edib və fiziki təzyiq göstərib. Baş verən hadisə ilə əlaqədar “Yalama” gömrük postunun rəhbərliyi aidiyyatı üzrə polis şöbəsinə müraciət edib və faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.
Meydan TV