Nazir yeni təyin etdiyi kadrını "vuracaq"
Üç ay əvvəl Şahmar Abdullayevi Bakı şəhər Baş Baytarlıq İdarəsinin rəisi vəzifəsində əvəz edən Aslan Aslanov da vəzifədən alına bilər.
"xeberinfo.com": Bu barədə məlumat verən mənbə bildirir ki, Aslan Aslanov yeni təyin olunan kənd təsərrüfatı naziri Heydər Əsədov tərəfindən bu vəzifəyə gətirilsə də, o bu vəzifəyə 3 aylıq sınaq müddətinə təyin olunub. Martın 4-də 3 aylıq zaman dolsa da, nazir Heydər Əsədov Aslan Aslanovun rəis vəzifəsinə təyin etmək barədə əmr imzalamayıb. Bunun səbəbi isə Aslan Aslanovun ona göstərilən etimadı doğrulda bilməməsi və Bakı şəhər Baş Baytarlıq İdarəsində qayda yarada bilməməsi ilə bağlıdır.
Məlumatda göstərilir ki, üç ay müddətində Bakı şəhər Baş Baytarlıq İdarəsində baş verən qanunsuzluqlarla bağlı nazirə məlumat verilib və bu üzdən də Heydər Əsədov Aslan Aslanovun təyinatını təsdiqləməyib. Onun yerinə isə, kimin gəlməsi hazırda maraq doğurur.
Mənbə bildirir ki, üç ay müddətində Bakı şəhər Baş Baytarlıq İdarəsinin rəis müavini Adil Usubovla iş birliyi içində olan Aslan Aslanovun "kadr islahatları" ciddi narazılıq yaradıb. Belə ki, nazirin işdən azad etdiyi baş mühasib Mina Daşdamirovanı müqavilə əsasında yenidən işə alıb, diplomu saxta olduğuna görə işdən azad olunan Rəna Rzayevanı yenidən işə götürüb, həmçinin 30-dan artıq baytarlıq mütəxəssisini işdən azad edərək onların yerinə təsadüfi adamları işə alıb. Bu isə Aslan Aslanovun müavini Adil Usubovun təzyiqləri nəticəsində qərarlar verməsi haqqında fikir formalaşdırıb. Çünki istər Mina Daşdəmirova, istərsə də Rəna Rzayeva Adil Usubova yaxın olan şəxslərdir. Həmçinin yeni işə alınan şəxslərin böyük hissəsi də Adil Usubovun təzyiqləri nəticəsində işə alındıqları qeyd olunur.
Bildirilir ki, Aslan Aslanovun işə aldığı təsadüfi şəxslərdən biri öz qızıdır. Belə ki, Aslan Aslanov Bakı şəhər Baş Baytarlıq İdarəsinin rəisi vəzifəsinə gətirilməmişdən əvvəl çalışdığı 20 saylı Baytarlıq-Sanitar idarəsini öz qızına tapşırıb. Üçüncü mikrorayondakı bazarda fəaliyyət göstərən 20 saylı Baytarlıq-Sanitar idarəsinə qızını təyin edən Aslan Aslanov hələ də qızını həmin vəzifəyə təsdiq etməsə də, bazardakı Baytarlıq-Sanitar idarəsini hazırda Aslan Aslanovun qızı idarə edir.
Bundan başqa Aslan Aslanov başqa bir təyinatı ilə Respublika Baytarlıq İdarəsinin rəisi Sialə Rüstəmovanın həyat yoldaşını baytar həkim vəzifəsinə alıb və faktiki olaraq Bakının bir neçə rayonunda Baytarlıq-Sanitar idarələrinin fəaliyyətini Sialə Rüstəmovanının həyat yoldaşının nəzarətinə verib.
Mənbə bildirir ki, hazırda Bakı şəhər Baş Baytarlıq İdarəsinin fəaliyyətindən nazirliyə ünvanlanan şikayətlər həddindən artıq çoxdur və bu üzdən də Heydər Əsədov bu qalmaqallı idarədə qayda yaradılmasını istəyir.