Qadının həbsdəki ərinə zəng etmişdi, özü də həbs edildi
Noyabrın 7-də Qəbələ rayonunda qadına qarşı xuliqanlıq etmiş 36 yaşlı S.Səlimov həbs edilib.
Yenixeber.org-un məlumatına görə, Qəbələ Rayon Məhkəməsinin qərarı ilə S.Səlimova 12 sutka inzibati həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, Qəbələnin kəndlərindən birində yaşayan S.Səlimov digər kənddə yaşayan Vüsalə (şərti) ilə münasibət qurub və gizli sevgi yaşayıblar. Bir müddət sonra evli şəxslər arasındakı münasibət pozulub və Vüsalə S.Səlimovla görüşməkdən imtina edib.
Bundan sonra qadın ondan əl çəkməyən şəxsdən polisə şikayət edib və onun barəsində inzibati tənbeh tədbiri görülüb.
Amma S.Səlimov qadını narahat etməyə davam edib, Vüsalə bu barədə onun ailəsinə bildirib. 3 uşaq atası olan S.Səlimov isə əsəbiləşərək Vüsalənin həbsdə olan ərinə zəng edib, arvadı ilə sevgi münasibəti yaşadığını deyib.
Bundan sonra Vüsalə qonşu kəndə gedərək S.Səlimovun ailəsi ilə məsələni müzakirə edib aydınlaşdırmaq, baş verənlərə son qoymaq istəyib. Bu zaman S.Səlimov evdən çıxaraq Vüsaləni söyüb və küçədə səs-küy salaraq xırda xuliqanlıq əməli törədib.
Vüsalənin polisə növbəti şikayətindən sonra S.Səlimov barəsində protokol tərtib edilib və məhkəməyə göndərilib.(Qafqazinfo)