Sıfırdan zənginliyə:Böyük pullar kiçik ideyalardan doğur

Bir vaxtlar kim inanardı ki, telefonla taksi sifariş etmək üçün sadəcə bir düyməyə toxunacağıq?
Startaplar və İnnovasiyalar: İnkişafın əsas maneələri və həll yolları
Yenixeber.org: Startaplar sadəcə yeni texnologiyalar yaradan şirkətlər deyil. Onlar iqtisadi artımın hərəkətverici qüvvəsi, innovasiyaların katalizatoru və sahibkarlığın gələcəyidir. Azərbaycanda startaplara maraq artır, lakin onların inkişafı ciddi maneələrlə qarşılaşır. Əsas problemlər arasında ənənəvi olaraq vençur kapitalının çatışmazlığı, qanunvericilik maneələri və investorların azlığı qeyd olunur. Niyə belə olur və bunun həlli yolları nələrdir?
Maliyyəni haradan tapmaq olar?
Vençur kapitalı, xüsusilə də ilkin inkişaf mərhələsində, startapların “yanacağı” sayılır. Bəs vençur kapitalı nədir? Bu, investorların (vençur kapitalistlərin) yüksək inkişaf potensialına malik, eyni zamanda yüksək riskli olan gənc şirkətlərə və startaplara maliyyə yatırdığı investisiya növüdür. Bu zaman investorlar kredit vermir, əksinə, şirkətin müəyyən payını alır və gələcəkdə onu daha yüksək qiymətə sata bilərlər. Lakin əsas risk ondadır ki, startapların əksəriyyəti uğur qazanmır və investorlar yatırdıqları vəsaiti itirə bilərlər. Bununla belə, uğurlu layihələr böyük qazanc gətirir və uğursuz investisiyaların itkilərini kompensasiya edir.
Vençur kapitalı hesabına inkişaf edən uğurlu startaplara misal olaraq Uber, Airbnb, Tesla, Facebook kimi şirkətləri göstərmək olar.
Vençur kapitalı təkcə IT sektorunda deyil, istehsalat sahəsində də mühüm rol oynayır. Bunun bəzi nümunələrini göstərək:
- SpaceX – İlon Maskın kosmik raket və gəmilər istehsal edən şirkəti
- Impossible Foods – bitki əsaslı alternativ ət məhsulları istehsalçısı
- Formlabs – sənaye məqsədli 3D printerlərin istehsalçısı
Bu nümunələr göstərir ki, vençur kapitalı müxtəlif sahələrdə innovasiyaların inkişafına təkan verir. Lakin investorlar həmişə riskə hazır olmalıdır.
Azərbaycanda vençur kapitalının vəziyyəti
Azərbaycanda vençur kapitalı bazarı hələ formalaşma mərhələsindədir. Bu isə startapların lazımi maliyyəni cəlb etməsini çətinləşdirir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən verilən startap sertifikatları üç il müddətinə mənfəət vergisindən azad edir və mikro sahibkarlara 20 000 manatadək kreditlər təqdim edir. Lakin bu, iri layihələrin genişləndirilməsi üçün kifayət deyil.
Məsələn, 2023-cü ilin ilk yarısında Azərbaycanın iqtisadiyyatına yatırılan investisiyalar 21% artsa da, bu vəsaitlərin böyük hissəsi iri müəssisələrə və ənənəvi sahələrə yönəldilib. Bunun nəticəsində bir çox perspektivli startaplar bağlanıb və ya xaricə köçüb.
İnnovativ ideyaların əhəmiyyəti
Bir məsələni anlamaq vacibdir: startap yalnız adi məhsullar istehsal etməklə inkişaf edə bilməz. Həqiqi artım yalnız yeni texnologiyaların yaradılması və tətbiqi ilə mümkündür. Lakin Azərbaycanda vençur kapitalının zəif inkişaf etməsinin bir səbəbi də həqiqətən innovativ ideyaların az olmasıdır.
İnvestorlar yaxşı işlənmiş konsepsiyalar və perspektivli texnologiyalar olmadan bazara maliyyə yatırmağa meylli deyillər. Buna görə də, dövlət səviyyəsində maliyyələşdirmə proqramı yaradılması çıxış yolu ola bilər. Bu proqram çərçivəsində ayrılan vəsaitlər yalnız patentlərin alınmasına, müasir avadanlıqların tədarükünə və startaplara bazara çıxış üçün təlim və dəstək proqramlarında iştirak etməyə sərf edilməlidir.
Bu cür təşəbbüslər startapların inkişafına, investorların cəlb olunmasına və ölkədə innovasiya ekosisteminin güclənməsinə töhfə verə bilər.
Bürokratiya və qanunvericilik maneələri
Mürəkkəb bürokratik prosedurlar və inzibati maneələr kiçik bizneslərin və startapların fəaliyyətini çətinləşdirir. 2008-ci ildə tətbiq edilən "Bir pəncərə" sistemi biznesə başlamaq üçün tələb olunan prosedurların sayını 15-dən 1-ə, müddəti isə 30 gündən 3 günə qədər azaltsa da, sahibkarlar hələ də lisenziyaların və icazələrin alınmasında çətinliklərlə üzləşirlər. Bu cür maneələr potensial investorları çəkindirə və startapların inkişafını ləngidə bilər.
Kadr və infrastruktur problemi
Startaplar yeni iş yerləri yaradır, lakin bu iş yerlərini kim tutacaq? Azərbaycanda texnologiya və idarəetmə sahəsində ixtisaslı kadrların çatışmazlığı hiss olunur. Bundan əlavə, gənc şirkətlər mentorluğa, təlimlərə, tərəfdaş şəbəkələrinə, inkubatorlara və texnoparklara ehtiyac duyur, lakin bu sahələr hələ tam inkişaf etməyib.
Digər ölkələrin uğurlu təcrübələri
Estoniya: Ölkə "Elektron rezidentlik" proqramını tətbiq edib. Bu proqram sayəsində dünyanın istənilən yerində yaşayan sahibkarlar Estoniyada şirkət qeydiyyatdan keçirə və uzaqdan biznes idarə edə bilərlər. Bu təşəbbüs 181 ölkədən 100 000-dən çox elektron rezidenti və 27 000-dən çox yeni şirkət cəlb edib. Bundan əlavə, Estoniya Skype və Bolt kimi 1 milyard dollardan çox dəyərə malik “unikorn” startapları ilə tanınır.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ): Ölkə azad iqtisadi zonalar (AİZ) yaradıb və biznes üçün vergi güzəştləri, sadələşdirilmiş qeydiyyat prosedurları təklif edir. Məsələn, Rəs-əl-Xaym (RAKEZ) Azad İqtisadi Zonasına aid Biznes Park və Texnologiya Parkı müxtəlif sahələrdə sahibkarları cəlb edir.
Sinqapur: İstedadları cəlb etmə strategiyası
Sinqapur istedadları cəlb etmə strategiyasının ən uğurlu nümunələrindən biridir. Dövlət dünyanın ən yaxşı mütəxəssislərini cəlb etmək üçün qrantlar, vergi güzəştləri və rahat həyat və iş şəraiti yaradır. Tech.Pass kimi proqramlar sayəsində texnologiya sahəsində çalışan xarici mütəxəssislər və sahibkarlar yaşayış icazəsi alaraq öz layihələrini həyata keçirə bilirlər. Bu strategiya Sinqapuru qlobal texnologiya mərkəzinə çevirib.
Azərbaycanda startap ekosisteminin inkişafı üçün təkliflər
- Vençur bazarını inkişaf etdirmək: Investorlar üçün vergi güzəştləri təqdim etmək, vençur fondlarının yaradılmasını təşviq etmək.
- Bürokratiyanı sadələşdirmək: Administrativ prosedurların sayını azaltmaq və şəffaflaşdırmaq.
- Təhsil və infrastruktur sahəsinə sərmayə qoymaq: Texnologiya və sahibkarlıq sahələrində mütəxəssislər yetişdirmək, yeni texnoparklar və akseleratorlar yaratmaq.
- Beynəlxalq istedadları cəlb etmək: İdeya və elmi nailiyyətləri ölkəyə gətirmək üçün xarici mütəxəssislərə qrantlar və dəstək proqramları təqdim etmək. Öz mütəxəssislərimizi dəstək proqramları ilə ölkədə saxlamaq.
Beynəlxalq təcrübədən uyğun şəkildə istifadə etməklə Azərbaycanda dinamik və dayanıqlı startap ekosisteminin formalaşmasına nail olmaq mümkündür. Unutmaq olmaz ki, inkişaf sərmayələrdən deyil, ideyalardan başlayır…(pressklub)