Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Gözlənilən polkovnik məhkəməyə gəldi -Suallar isə cavabsız qaldı/FOTOLAR

 

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti cinayətinə görə mühakimə edilən general Nizami Məmmədov və daha üç zabitin birgə məhkəmə araşdırması davam edir.

Yenixeber.org-un məlumatına görə, müttəhimlərin çoxdan gözlədikləri polkovnik Rafail Xələfov təkrar şahid kimi hakim qarşısında dayanıb.

Xələfov bu dəstənin işində şahid qismində tanınıb. Amma özü də 143 milyonluq yeyintinin iştirakçılarından biri kimi ittiham olunur. O, 19 ay keçmiş rəisi Nizami Məmmədov və digərləri ilə birgə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında həbsdə qalıb. Sonradan onun işi ayrıca icraata götürülüb, barəsindəki həbs qətimkan tədbiri başqa yerə getməmək haqda iltizam qətimkan tədbiri ilə dəyişdirilib. 

Rafail Xələfov cinayət baş verən dövrdə Nizami Məmmədovun rəisi olduğu maliyyə və büdcə idarəsinin, Nəzarət-Təftiş şöbəsinin rəisi işləyib. Müxtəlif şahidlərin dediklərindən belə görünür ki, təftişdən toplanan pullar onun əlinin altından keçib. O, bu iş üzrə məhkəmənin ilk iclaslarında da ifadə vermişdi.

Fotoda: Nizami Məmmədov

Bu dəfə isə təqsirləndirilən şəxslərin israrı ilə təkrar sorğu-suala çağırılıb. Polkovnik Xələfov məhkəməyə gəlib, amma tərəflər ondan istədikləri cavabı ala bilməyiblər. Daha dəqiq desək o, verilən əksər suallara cavab verməkdən imtina edib.

Xələfovun keçmiş rəisi, hazırkı prosesdə şüşə qəfəs arxasında əyləşən general Məmmədovla arasında sərin sular axdığı keçəndəfəki üzləşmədə aydın olmuşdu. Onlar bəzi məsələlərdə bir-birinə qarşı ziddiyyətli danışırlar. 

Xələfov budəfəki iclasın əvvəlində cinayəti lakonik olaraq belə təsvir edib: “Hamımız birgə işləyib, birgə mənimsəmişik. Sadəcə kimi az, kimi daha çox mənimsəyib”.

Nizami Məmmədovun müdafiəçisi Rəşad Mirmehdizadə Xələfovdan onlara maraqlı olan məsələlərə aydınlıq gətirməsini istəyib. Burada isə əsas məsələlərdən biri şahidin ibtidai istintaqın əvvəlində dedikləri ilə sonradan dedikləri arasındakı ziddiyyətlərdir. 

Vəkil də ilk bu məsələnin aydınlığını istəyərək şahidə, “təftişçilər müəyyən edib ki, siz yüksək pullar almısınız, bu pulların aqibəti necə olub?” - şəklində sual ünvanlayıb. 

Xələfov bu barədə əvvəlki ifadələrində hər şeyi danışdığını deyərək geniş izahdan imtina edib: “İstintaq dövründə bütün suallara cavab vermişəm. Onu deyə bilərəm ki, çox şey danışa bilərəm, amma susuram. İlkin istintaqın əvvəlindəki ifadələrimi çıxmaqla, sonra danışdıqlarım hamısı doğrudur”.

Generalın vəkili daha sonra bütün məhkəmə heyətinə bəyan edib ki, şahid bir dəfə hərbi hissələrin birindən 700 min manat pul alıb. Həmin pulu da heç kimə vermədən bilinməyən yerə sərf edib. 

Müdafiəçi general Namiq Poladova (Nizami Məmmədovdan əvvəlki idarə rəisi-red) kurasiya pulu üçün verilən 4 milyon 600 manatdan da söz açıb, Xələfovdan bu ziddiyyətlərə aydınlıq gətirməsini istəyib. Onlar hesab edir ki, həmin məbləğ Poladovun dövrünə aiddir: “Mənim məqsədim müvəkkilimin ifadəsində nə dərəcədə səmimi olduğunu göstərməkdir. Nizami Məmmədov ilk gündən nə deyibsə, indi də eyni sözləri deyir. Siz amma bir neçə dəfə fərqli-fərqli ifadələr vermisiniz. Bundan başqa, təftişçilərin əksəriyyəti də məhkəmədə sizə əks ifadə verdi”, - deyə vəkil əlavə edib. 

“Üstümə çox gəlirsiniz, amma bilirəm məqsədiniz nədir. Məndən söz almaq istəyirsiniz. Kurasiya adı ilə toplanan pulları Nizami Məmmədova vermişəm, o da bilmirəm Namiq Poladova verib, yoxsa yox. Çünki Namiq Poladovla münasibətim yox idi. O, maliyyə-büdcə idarəsinə rəis gələndə məni sürgün etmişdi”, - Rafail Xələfov qısa cavab verib.

Məlumat üçün deyək ki, Müdafiə Nazirliyinin Katibliyinin rəisi işləmiş Namiq Poladov bu yaxınlarda təqaüdə göndərilib. Əvvəlki iclasların birində vəkillər onun şahid qismində məhkəməyə çağırılmasını istəmişdi.

Fotoda: Namiq Poladov

Müttəhim kürsüsündə əyləşən polkovniklər Bayram Bayram və Cəlal Kazımov da öz epizodları üzrə Rafail Xələfovun ifadəsində ziddiyyətlər olduğunu deyirlər. 

Məsələn Bayram Bayramov hesab edir ki, Həsən Paşayevə (Nəzarət-Təftiş şöbəsinin əməkdaşı-red) 1 milyon 263 min manat pul verib. Amma Rafail Xələfov müstəntiqə deyib ki, Həsən Paşayevə cəmi 950 min manat verib: “Ortada 313 min manatlıq ziddiyyət var. O məbləğ niyə mənim boynumda qalmalıdır?!” - Bayramov şahid polkovnikə üz tutub. 

Amma Xələfov yenə əvvəl dediyini təkrarlayıb. Qeyd edib ki, Həsən Paşayevə 1 milyon 263 min deyil, 950 min manat verib. Bundan əlavə, 140 min, 210 min və 70 min manatlıq mənimsəmə epizodunda da Xələfovla Bayram Bayramov və Cəlal Kazımovun açıqlamaları üst-üstə düşmür.

Cəlal Kazımov ümumi ittihamın üzərlərinə düşən hissəsinin də tamı ilə razı deyil. Deyir ki, 143 milyonun 7 milyon 555 min 216 manatını Rafail Xələfov özü üçün xərcləyib. Həmin vəsait isə özü də daxil olmaqla, dörd nəfərin ayağına yazılıb. 

Ümumilikdə təqsirləndirilən şəxslər bir çox epizod üzrə Rafail Xələfovu ittiham ediblər. Bu yerdə Xələfovla birgə məhkəmədə iştirak edən vəkili Xəyal Bəşirov da sükutu pozub: “Biz o biri məhkəmədən bu günə 800 min manat ziyan ödəmişik, amma bunlar təqsiri bir-birinin üstünə atırlar”-, vəkil müvəkkilini günahlandıranlara münasibətdə deyib.

Dövlət ittihamçısı isə şahiddən Nizami Məmmədovdan əlavə kiməsə pul verib-vermədiyi barədə maraqlanıb. Xələfov başqa heç kimə pul çatdırmadığını deyib. Əlavə edib ki, Nizami Məmmədovun dediyinə görə, o da Namiq Poladova verib.

Qeyd edək ki, təqsirləndirilən zabitlər 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi general Nizami Məmmədov, quru, hava və dəniz qoşunlarının maliyyə xidmətlərinin rəisləri - polkovniklər Bayram Bayramov, Cəlal Kazımov və kapitan Vüsal Əlizadə hər biri həbsdə mühakimə olunur.(Qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam