Sentyabrın 1-də səhər saatlarında məktəblərdən birinin direktoru bıçaqlanıb.
Yenixeber.org: Daha dəqiq desək, Astara rayonundan əldə etdiyimiz təcili məlumata görə, 6 saylı tam orta məktəbinin direktoru Ülviyyə Bayramova, məktəbin gözətçisi tərəfindən bıçaqlanıb. Münaqişənin, haqsızlıq zəminində baş verdiyi deyilir.
Hadisə ilə bağlı rayonun “Gənc Alimlər” təşkilatının yaydığı təcili bəyanatda deyilir:
“Xüsusən də son 1.5 ildə ataman direktor Ülviyyə Bayramovanın, katibə Validə Məmmədovanın başına min cür oyunlar gətirməsi məlum idi və katibənin haray səsi, Elm və təhsil nazirliyinin qarşısından tutmuş, saytlara qədər hər yerdə əks-səda verirdi. Lakin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərliyi, bütün faktları, şikayətləri görməzdən gəlmiş və nəyinsə müqabilində, direktora toxunmaq bir yana, hətta fəxrnamə də vermişdi. Yeni gələn müdir Bəhruz Mehdiyev də, problemli direktoru, niyəsə yerində saxlamaq qərarı verdi.
Xatırladaq ki, rayonun alimləri olaraq, bu günkü faciəvi hadisədən bir neçə gün öncə, bir daha cənab Mehdiyevə müraciət edərək, “barıt çəlləyi”nə dönən 3 Astara məktəbi ilə bağlı dərhal tədbir görməyə çağırmışdıq və həmin məktəblərdən biri də məhz 6 saylı idi.
Bu məlumat, nədənsə mediadan gizli saxlanılsa da, biz ilk dəfə açıqlayaq: direktor, bir neçə ay öncə, katibənin montaj edilmiş “pis videosu”nu yaydırmışdı! Material, saxta olsa belə, sözsüz ki, qadının nüfuzunun sarsılmasına səbəb olmuşdu və bıçaqlanma faktına gətirib çıxaran əsas amil də, fikrimizcə, bu, olub. Məhz bu porno şantaj hadisəsindən sonra, Validə Məmmədova ağır psixoloji-sarsıntı keçirmiş, səhhəti pozulmuş və 16 aprel 2024-cü ildə Ülviyyə Bayramovanın tələbini qəbul edərək, işdən çıxmağa məcbur qalmışdır.
Validə Məmmədovaya qarşı edilmiş inanılmaz şantaj, təzyiq və dərəbəyliklərə qarşı təəssüf ki, rayonun hüquq-mühafizə orqanları, səssiz qalmış və ən son 27 avqust tarixində, Astara Rayon Məhkəməsi, Ülviyyə Bayramovanın xeyrinə anlaşılmaz bir qərar çıxarmışdır. Nəticədə, katibənin həyat yoldaşı, məktəbin gözətçisi işləyən Nəcəfov Halik Əli oğlu, affekt vəziyyətinə düşmüş və 2024-cü il sentyabrın 1-də məktəbdə olarkən, direktor Ülviyyə Bayramovaya münaqişə zəminində bıçaqla xəsarət yetirmişdir. Direktor, Astara Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardımdan alandan sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Hələki onun sağlıq durumu barədə dəqiq məlumat verilmir.
Yekun olaraq bildirməliyik ki, gözətçinin etdiyi bu cinayət əməlinə bəraət qazandırmaq olmaz və heç bir şey, kiminsə sağlamlığına xəsarət yetirməyə əsas verə bilməz. Lakin, gözətçinin fiziki hücumu ilə yanaşı, Ülviyyə Bayramovanın katibəyə qarşı aylardır davam edən mənəvi-psixoloji hücumu, onu işdən çıxarması da qınanmalıdır deyə düşünürük”.
“Astaranın Gənc Alimləri”nin media üçün yaydığı press-relizdə belə deyilir.