Öldürülən iş adamının xanımı prezidentdən kömək istəyir- VİDEO
Venera Rüstəmova: “Elmar Vəliyev mənə bildirdi ki, o torpağı sənin əlindən heç kim ala bilməz, amma...”
“Mənim Konstitusiya ilə qorunan mülkiyyət hüquqlarım icra hakimiyyətləri tərəfindən niyə tapdanır?”
V.Rüstəmova deyir ki, cavabdeh qismində məhkəmədə iştirak edən Gəncə şəhər Nizami RİH nümayəndəsi ona məxsus torpağı satmadıqlarını, heç kimə sərəncam vermədiklərini bildirib: “Amma biz öyrəndik ki, 15 nəfərə yaxın adama sərəncam verilib. Həmin adamlar özləri bizə deyib ki, torpağı icra hakimiyyətindən almışıq, pulu da onlara vermişik. Gəncə şəhər Nizami RİH tərəfindən verilən sərəncamlardan ikisini əldə etmişik, bir nüsxəsi bizdədir”.
Məhkəmə V.Rüstəmovanın iddiasını təmin edib. Gəncə İnzibati-İqtisad Məhkəməsinin 13 avqust, 2012-ci il tarixli qərarı ilə V.Rüstəmovanın mülkiyyətində olan 1 hektar torpaq sahəsinə həbs qoyulub, həmin sahədə hər hansı tikinti işlərinin aparılması cavabdehə və digər şəxslərə qadağan edilib.
V.Rüstəmova isə icra hakimiyyətinin məhkəmənin qərarına məhəl qoymadığını deyir: “Belə görünür ki, Gəncədə qanunlar işləmir. Ona görə də halal mülkümə, “kupça”lı torpağıma kənardan baxa-baxa qalmışam. O vaxt rəhmətlik həyat yoldaşımın Rusiyadan gələn dostları həmin torpağın hamısını almaq istəyirdilər. Mən də satmaq istəyirdim, amma qoymadılar, bələdiyyə sədrini, icra hakimiyyətinin nümayəndələrini, polisi tökdülər. Öz torpağımı satmağa mənə imkan vermədilər. Bir hektar torpağımı zəbt ediblər, məni yiyəsiz görüblər. Pozulmuş hüquqlarımın bərpası üçün Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət etdim. Məhkəmənin Gəncə şəhəri Nizami RİH-ə torpaq sahəmin verildiyi adamların siyahısının və bu barədə verilmiş sərəncamların surətlərinin tələb edilməsi haqda sorğularına məhəl qoyulmadı. Təəccüblüsü odur ki, eyni məzmunlu sorğulara Nizami rayonuna yeni təyin olunmuş icra başçısı Nizami Hacıyev də cavab vermir. Məqsədləri odur ki, özbaşınalıqlarının üstü açılmasın. Dövlət orqanları rəhbərlərinin məhkəməyə bu hörmətsizliyinə nə ad vermək olar? Mənim konstitusiya ilə qorunan mülkiyyət hüquqlarım icra hakimiyyətləri tərəfindən niyə tapdanır və onların haqqında heç bir cəza tədbiri görülmür?”
Şikayətçi deyir ki, Ali Məhkəmə məhkəmənin son qərarını Gəncə İnzibati-İqtisad Məhkəməsinə geri göndərib, hələ də işə baxılır: “Hazırda iş yenidən Gəncə İnzibati-İqtisad Məhkəməsindədir. Nizaminin icra başçısı isə inkar edir ki, biz o torpaqları satmamışıq. İki ildir məhkəmə icra hakimiyyətinə sorğu göndərir ki, sərəncamları üzə çıxarın. Amma məhkəməni də saya salmırlar. Mənim torpağımı satmışdılar, heç olmasa pulumu verəydilər”.
Aidiyyəti orqanlara dəfələrlə məktub göndərdiyini, amma heç bir nəticəsinin olmadığını deyən V.Rüstəmova son ümidinin dövlət başçısına müraciət ünvanlamaq olduğunu bildirir: “Cənab prezident! Sizin çıxışlarınızı dəfələrlə izləmişəm. Hər bir dövlət məmurunun xalqa xidmət etməli olduğunu deyirsiniz. Onların korrupsiyadan uzaq olmasını, heç bir vətəndaşı incitməməsini tələb edirsiniz. Sizin bu tələb və tövsiyələriniz xalqın ürəyincədir. Bütün xalq bu məsələdə sizinlə həmfikirdir. Amma təəssüf ki, yerlərdəki bəzi dövlət məmurları sizin göstərişlərinizi icra etmir. Xahiş edirəm, mənə kömək edəsiniz”.
Sahibkar qadın deyir ki, söylədikləri ilə bağlı ən müxtəlif dövlət orqanlarına müraciətləri də nəticə verməyib. Mətbuatda olayla bağlı yer alan yazılara, səslənən iddialara Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti reaksiya verməyib. V.Rüstəmova prezidentə müraciətindən sonra torpağının özünə qaytarılacağına ümidli olduğunu gizlətməyib.
Yazıda adları hallanan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.