İcra başçısından prezidentə şikayət
Gəncə sakini, şəhid ailəsindən olan Nahib Hüseynov redaksiyamıza müraciət edərək Gəncə Şəhər İcra başçısından şikayətlənib.
Xeberinfo.com: Onun sözlərinə görə, İcra Hakimiyyəti qanunsuz olaraq onun mülkiyyətində olan mağazanı içərisindəki avadanlıqları ilə birgə söküb: “Mən Hüseynov Nahib Xudu oğlu 58 yaşım var. Şəhid ailəsiyəm, 2 məktəbli övladım var. Özüm şəkər xəstəsiyəm, yüksək təzyiqim var. Heç bir yerdə işləmirəm. Gəncə şəhəri Dədə Qorqud küçəsi 36 saylı binanın yaxınlığında şəxsi mağazam var idi. Ailəmi bu mağazadan gələn gəlirlə dolandırırdım. 2015-ci il avqustun 18-də Gəncə şəhər icra başçısı Elmar Vəliyev məhkəmə qərarı olmadan və heç bir səbəb göstərmədən mağazama ağır texnika ilə gəlib, içindəki avadanlıqlarla birlikdə qanunsuz darmadağın etdi. Mağazam bütün standartlara cavab verirdi. Bu mağazadan neçə ailə çörək pulu qazanırdı”.
Nahib Hüseynovun sözlərinə görə, çox saylı şikayətdən sonra İcra Hakimiyyəti ona dəymiş zərəri ödəyəcəyi ilə bağlı zəmanət versə də, vədinə əməl etmək istəmir: “Mən bütün dövlət orqanlarına dəfələrlə teleqram və məktublar göndərdim. Bir neçə aylıq şikayətlərdən sonra qanunsuz dağıdılan mağazama görə Elmar Vəliyev 27 oktyabr 2015-ci ildə mənə zəmanət məktubu verdi. Zəmanət məktubunda qeyd olunurdu ki, mənə dağıdılan mağazanın yaxğınlığındakı məhəllə tərəfdən 120 kv.m-lik torpaq ayrılacaq və üzərində bütün sənədləri qaydasında olan mağaza tikiləcək, içindəki bütün avadanlıqlarla birlikdə tam hazır vəziyyətdə mənə təhvil veriləcək və bütün bu işləri 31.12.2015-ci ilə qədər bitirməli idilər. Lakin Gəncə şəhər icra başçısı söz verdiyi heç bir vədi yerinə yetirməyib. Hər ayın 14-də mən Prezident Administrasiyasında qəbulda oluram. Ancaq bu qəbulların da heç bir nəticəsini görmürəm.
Fevral ayında İcra başçısının müavini Mikayıl Zeynalov mənə zəng edərək bildirdi ki, heç yerə şikayət etməyim və mağazanı tikəcəyini dedi, mən çox sevindim. Həmin vaxtlarda prezident İlham Əliyev Gəncəyə gəlmişdi. Həmin ərəfədə mağazanı tikməyə başlamışdılar. Prezident Bakıya qayından kimi işi dayandırdılar. Dəfələrlə telefonla zəng etdim, telefonuma cavab vermədilər. Hətta tikilən obyektin mənim adıma sərəncam da verilməyib. Ailəmlə birgə çox pərişan vəziyyətdəyik. Yaxın qohumlarımızın sayəsində birtəhər dolanmağa çalışırıq”.
Gəncə sakini məsələ ilə bağlı prezidentə müraciət edib: “Qəzetinizin vasitəsi ilə prezident İlham Əliyevə müraciətlə xahiş edirəm ki, mənim pozulan hüquqlarımın bərpa edilməsinə yardım etsin”.
Məsələ ilə əlaqədar Gəncə şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Şikayət ilə bağlı qurumdan redaksiyamıza göndərilən cavab məktubunda bildirilir: “Gəncə şəhərində aparılan quruculuq və abadlıq işləri çərçivəsində D.Qorqud küçəsi 36 ünvanında yerləşən binanın qarşısında yerləşən, şəhərsalma norma və qaydalarına uyğun olmayan, dövlət mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmiş və N.Hüseynova məxsus olan 20 nömrəli mağazanın sökülməsi zərurəti yaranmışdır.
Bununla əlaqədar vətəndaş N.Hüseynov 27 oktyabr 2015-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətində qəbul edilmiş, ona yeni tikiləcək mağazanın inşası tamamlananadək nəzərdə tutulmuş kompensasiya ödənilmiş, sökülən 70 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə həmin mağazanın yaxınlığında, Gəncə şəhəri, D.Qorqud küçəsi, 36 nömrəli binanın məhəllə hissəsində 120 kv.m qeyri-yaşayış sahəsinin tikilib, istifadəsi üçün tam yararlı vəziyyətdə təhvil verilməsinə, tikiləcək qeyri-yaşayış sahəsinin hüquqverici sənədlərlə təmin edilməsinə, söküntü zamanı yararsız vəziyyətə düşmüş texniki və təhlükəsizlik avadanlıqlarının yenisi ilə təmin olunmasına və arvadı Hüseynova Tamella Hümbət qızının istifadəsində olan Gülüstan yaşayış massivində inşa edilmiş fərdi yaşayış evinin sənədləşdirilməsinə dair zəmanət verilmişdir.
Qeyd olunan razılaşmaya əsasən hazırda Gəncə şəhəri, D.Qorqud küçəsi, 36 nömrəli binanın məhəllə hissəsində 120 kv.m qeyri-yaşayış sahəsinin tikintisi davam etdirilir”.
Musavat.com