Elmar Vəliyevdən müdhiş qanunsuzluq
Elmar Vəliyev vətəndaşın xüsusi mülkiyyətində olan torpaq sahəsini satıb; Məsələ ilə bağlı İlham Əliyevə müraciət edildi
Xeberinfo.com: Bakı şəhəri, Həsənoğlu küçəsi, ev 10, mənzil 100-də yaşayan Venera Rüstəmova ölkə başçısı Ilham Əliyevə müraciət edib. O, müraciətin bir surətini də Azadlıqa göndərib. Venera Rüstəmovanın müraciətində Gəncənin icra başçısı Elmar Vəliyevin görünməmiş qanunsuzluğundan bəhs edir. Müraciəti olduğu kimi təqdim edirik:
“Gəncə şəhəri, Nizami rayon icra hakimiyyətinin qanunsuz sərəncamları ilə mülkiyyət hüququm pozulub. Etdiyim şikayətlərə uzun müddətdir baxılmır. Gəncə şəhər icra hakimiyyəti qanunsuz sərəncamlarla bağlı heç bir tədbir görmür.
Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisində yerləşən 1,0 ha torpaq xüsusi mülkiyyət hüququyla adıma qeydiyyata alınıb və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən mənə çıxarış verilib. Həyat yoldaşım Rövşən Rüstəmov 2011-ci ildə deputatlığa namizəd Nadir Orucov tərəfindən qətlə yetiriləndən sonra ailəmizin və yaxınlarımızın başı hadisəyə, yas mərasiminə qarışdı. Həmin vaxt Gəncədən mənə zəng edərək dedilər ki, adıma olan torpaq sahəsini icra hakimiyyəti hərraca çıxarıb satır. Əlimdə dövlətin qanuni sənədi olduğundan məlumata inanmadım. Sonra gedib torpaq sahəmə baş çəkəndə gördüm ki, sahənin müxtəlif yeri təbaşirlə işarələnib. Mənə dedilər ki, Gəncə şəhər Icra Hakimiyyəti və Nizami rayon Icra Hakimiyyəti tərəfindən torpaq sahəm müxtəlif ölçülərdə ayrı-ayrı vətəndaşlara ev tikmək üçün satılıb.
Dərhal Gəncənin Nizami rayonunun o vaxtkı icra başçısı Məharət Mustafayevin və Gəncənin icra başçısı Elmar Vəliyevin qəbulunda olub torpağın məndən səbəbsiz satılmağının səbəbini öyrənmək istədim. Onlara həyat yoldaşımın faciəli şəkildə həlak olduğunu, himayəmdə xəstə uşağımın olduğunu, dul qadının çörəyilə dolanmağın yaxşı hərəkət olmadığını dedim. Elmar Vəliyev dedi ki, torpaq sənindir, onu heç kim sata bilməz və onu mənə pay verdiyini söylədi. Lakin icra başçılarıyla görüşdən sonra torpaq sahəmdə vətəndaşlar müxtəlif tikililər ucaltmağa başladılar. Icra hakimiyyətinə etdiyim müraciətlər isə cavabsız qaldı. Elmar Vəliyevin qəbluna getsəm də, o məni qəbul etmədi. Tikinti işi aparan vətəndaşlar isə pulu verib icra hakimiyyətindən torpaq aldıqlarını, əllərində sərəncamlar olduğunu dedilər.
Mən Gəncə şəhər Icra Hakimiyyəti tərəfindən aldadıldığımı görüb məhkəməyə üz tutdum və vəkillərim vasitəsilə Gəncə şəhər Nizami rayon icra hakimiyyəti başçısının qanunsuz sərəncamlarının ləğv edilməsi haqqında Gəncə Inzibati-Iqtisadi məhkəməsində iddia qaldırdım. Məhkəmə prosesi zamanı Gəncə şəhər Icra Hakimiyyəti haqsız mövqe tutaraq hər vasitəylə prosesi uzatmağa cəhd etdilər. Torpaq sahəmə aid olan sərəncamların təqdim edilməsi barədə məhkəmə sorğusuna 3 ildən sonra məsələni ictimailəşdirəndən sonra cavab verildi. Məktubda yalandan göstərilirdi ki, torpaq sahəmdə tikinti işinin layihələndirlməsi barədə heç bir sərəncam verilməyib. Həmin qanunsuz sərəncamlardan səkkiz ədədini mən özüm vətəndaşlardan əldə etmişdim.
Gəncə şəhər Inzibati-Iqtisadi və Apellyasiya məhkəməsi iddia tələbimi təmin etsə də, sonda Gəncənin Nizami rayon Icra Hakimiyyətinin verdiyi kassasiya şikayəti əsasında Ali Məhkəmə aşağı məhkəmənin qərarını ləğv edərək işi yenidən baxılmaq üçün geri qaytardı. Iş hazırda Gəncə Inzibati-Iqtisadi Məhkəməsinin icraatındadır. Prosesin ilk mərhələsindən məhkəmə qərar çıxararaq torpaq sahəmdə hansısa bir tikinti işinin aparılmasını qadağan etsə də, qərara əhəmiyyət verən olmadı. Qanunsuz sərəncamlar alan vətəndaşlar icra hakimiyyətinə arxayın olaraq torpaq sahəmdə istədikləri tikilini inşa edərək başa çatdırdılar. Qərarın icrasına cavabdeh olan icra şöbəsi isə bu cür qanunsuz hərəkətlərlə bağlı heç bir tədbir görmədi.
Gəncə şəhər Icra Hakimiyyətiylə aramda olan mübahisənin hüquqi tərəfi çox sadədir. Xüsusi mülkiyyətimdə olan torpaq sahəsində vətəndaşlar tərəfindən yaşayış evlərinin layihələndirlməsinə Nizami rayon icra hakimiyyəti başçısının sərəncamıyla icazə verilib. Qanunsuzluğu aşkar etmək üçün mənim xüsusi mülkiyyət hüququmun qeydiyyatı barədə olan daşınmaz əmlakın dövlət reyestr məlumatları ilə dövlət torpaq kadastrının məlumatlarını müqayisə etmək yetərlidir. Bunun üçün uzunmüddətli məhkəmə araşdırmasına ehtiyac yoxdur. Gəncə icra hakimiyyəti orqanlarının ədalətsiz və qanunsuz mövqeyi sayəsində mən uzunmüddətli məhkəmə prosesinə məruz qalmışam.
Cənab prezident! Siz dəfələrlə qeyd etmisiniz ki, hər bir dövlət məmuru xalqa xidmət etməli, vətəndaşları incitməməli və korrupsiya hallarına yol verməməlidir. Xahiş edirəm, məsələnin məhkəmədən kənar araşdırılmasına və Gəncə şəhəri, Nizami rayon icra hakimiyyəti başçısının torpaq sahəmlə bağlı verdiyi qanunsuz sərəncamların ləğv edilməsi məsələsinə baxılması üçün göstəriş verəsiniz”.