Vaqif Axundov MTN-ə rəhbər gətirilir?
MTN işi ilə bağlı ilginc məlumatlar; 50-dən çox sahibkar istintaqa çağırılıb
Xeberinfo.com: Milli Təhlükəsizlik Nazirliyinə (MTN) yeni təyinat həyata keçirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Eldar Mahmudov işdən çıxarılandan sonra bu qurumda rəhbər vəzifə tutan demək olar ki, bütün şəxslər vəzifəsindən azad edilib. Onların bir hissəsi həbs olunub, digəri isə nəzarətə götürülüb. Hazırda boş qalmış vəzifələrə təyinatlar da həyata keçirilməkdədir. Belə ki, təyinatların əksəriyyəti isə Xüsusi Dövlət Mühafizə Xidmətindən (XDMX) MTN-ə transferlər nəticəsində baş tutur.
Bu günlərdə isə MTN-in baş idarə rəisi vəzifəsinə XDMX-dən polkovnik rütbəli İlqar (soyadını dəqiqləşdirmək mümkün olmayıb) adlı şəxs gətirilib.
Son proseslərdə MTN rəhbərliyində cinayətkar şəbəkənin aşkarlanması, bu qurumda işləyən yüksək vəzifəli şəxslərin şəbəkə üzvü kimi ifşa olunması, eyni zamanda həmin şəxslərə qarşı etimadı sarsıdıb. Indi MTN-ə dəvət olunan şəxslər daha inamlı yerlərdəndir və etibarlı kadrlardır. Bu mənada isə yaxın günlərdə XDMX-dən bir qrup şəxsin də MTN-ə transfer olunacağı labüddür.
“Azadlıq”a daxil olan məlumata görə, MTN-ə XDMX-dən transferlər səbəbsiz deyil. İddia olunur ki, bu XDMX-nin rəisi general Vaqif Axundovun MTN rəhbərliyinə gətirilməsi ilə bağlıdır. Bildirilir ki, XDMX-dən MTN-ə transferlər Vaqif Axundov üçün komanda formalaşdırmağa xidmət edir. Başqa məlumatlarda isə bildirilir ki, “MTN işi”nə görə qurumun bəzi rəhbər şəxslərinin, o cümlədən Eldar Mahmudovun özünün hələ də həbs olunmaması onlarla bağlı ciddi araşdırmaların aparılması ilə bağlıdır. Onların həbsiləhansısa məlumatların kənara çıxara biləcəyindən ehtiyat edilir. Həmin şəxslər hazırda xüsusi nəzarət altında saxlanılır. Digər tərəfdən bu şəxslərin ölkədən külli miqdarda pul çıxardığı bildirilir. Həmin vəsaitlərlə bağlı da ciddi araşdırmalar aparılır.
Əldə etdiyimiz daha bir məlumatda isə deyilir ki, “Sədərək” Ticarət Mərkəzində çalışan 50-dən çox sahibkar “MTN işi” ilə bağlı istintaqa çağırılıb. Buna səbəb MTN-dəki şəbəkənin vaxtaşırı “Sədərək” Ticarət Mərkəzindəki sahibkarları şantaj edərək onlardan xərac alması ilə bağlıdır. İstintaq bu məsələnin bütün detallarını üzə çıxarmaq üçün sahibkarların dindirilməsi zəruri sayıb.