Vergi yoxlamaları da dayandırıldı
Azərbaycanda kiçik və orta biznesin inkişafı üçün növbəti addım atılıb. Sadələşdirilmiş vergi ödəyicilərində vergi yoxlamaları müvəqqəti dayandırılıb.
"Xeberinfo.com": Məlumata görə bu barədə Vergilər Nazirliyində keçirilən kollegiya iclasında nazir Fazil Məmmədov elan edib. Eləcə də iclasda kiçik və orta biznesin fəaliyyətinə müdaxilələrin minimuma endirilməsi və yaxın gələcəkdə tamamilə aradan qaldırılması tapşırılıb. Bildirilib ki, bütün yoxlamalar risk meyarlarına əsaslanmalı, yoxlamaların yalnız ciddi nəticələr gözlənilən vergi ödəyicilərində aparılmalıdır, sahibkarlara qarşı əsassız tələblərin irəli sürülməsi isə yolverilməzdir.
«Sərt nəzarətlə yersiz müdaxilələr arasında sərhəd olmalıdır»
Qeyd edək ki, kollegiya iclası prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının nəticələri ilə bağlı iclasında Vergilər Nazirliyinin qarşısında qoyulmuş tapşırıqlara həsr edilib. İclasda F.Məmmədov vergilərin ödənilməsinin hər kəsin konstitusion vəzifəsi olduğunu, sahibkarlıq subyektlərinin öz vergi öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, qeyd edib ki, vergi orqanlarının sərt nəzarət sistemi ilə sahibkarların fəaliyyətinə yersiz müdaxilələr arasında sərhəd olmalıdır.
«Hər bir vergi ödəyicisi vacibdir»
Dövlət büdcəsinin təmin edilməsində hər bir vergi ödəyicisinin rol oynadığını bildirən vergilər naziri, ilk növbədə, lüzumsuz yoxlamaların aparılmasına yol verilməməsini, kiçik və orta biznesin fəaliyyətinə müdaxilələrin minimuma endirilməsini və yaxın gələcəkdə tamamilə aradan qaldırılmasını bildirib. Eləcə də bütün yoxlamaların risk meyarlarına əsaslanmasını, yoxlamaların yalnız ciddi nəticələr gözlənilən vergi ödəyicilərində aparılmasının vacibliyini və əsassız tələblərin irəli sürülməsinin yolverilməzliyi iclas iştirakçılarının nəzərinə çatdırılıb.
Yalnız ehtiyac olanda yoxlayacaqlar
İclasda qeyd edilib ki, ilk növbədə, yoxlamadan əvvəlki hazırlıq işlərinə xüsusi diqqət yetirilməli, vergidən yayınma risklərinin səviyyəsinin və hüquqpozuntularının mövcudluğu faktları dəqiq araşdırıldıqdan sonra vergi yoxlamalarının təyin edilməsi barədə qərar çıxarılmalıdır. Bu həm sahibkarlıq subyektlərində nəticəsiz yoxlamalara yol verilməməsi, vergi ödəyicilərinin ciddi əsaslar olmadan yoxlanılmasının aradan qaldırılmasını, həm də vergi orqanlarının inzibati və insan resurslarından daha səmərəli istifadə olunmasını təmin edəcəkdir.
70 min obyekt yoxlamadan azad edilir
İclasda F.Məmmədov illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verib. Amma bu əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılmasına aid deyil. Nazirlik bildirir ki, təkcə cari ilin 9 ayı ərzində bu qəbildən olan 20 minə yaxın nəzarət tədbirləri keçirilib. Yoxlamaların dayandırılması barədə qərar isə obyekti olan 70 minə yaxın vergi ödəyicisini əhatə eəcək.