Seçkidən sonra bəzi məmurlar gedəcək
Nöqsana yol verən məmurlara vəzifə qapıları bağlanır...
"Xeberinfo.com": Məlumata görə, parlament seçkilərindən sonra ölkədə ciddi kadr dəyişikliklərinin olacağı ehtimal edilir. Bildirilir ki, fəaliyyətində nöqsanlara yol verən məmurlar işdən azad olunacaq, onlar yeniləri ilə əvəz ediləcək. Ölkə başçı da çıxışlarında dəfələrlə bu məsələyə toxunaraq özbaşnalıq edən vəzifə sahiblərinin cəzalandırılacağının mesajını verib.
Xatırladaq ki, ölkə başçısı jurnalistlərlə görüşündə bu istiqamətdə mətbuatın üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Dövlət başçısı çıxışlarında məmurlara ciddi xəbərdarlıqlar da edir: "Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən də mən".
Prezident vəzifəsini ancaq xalqa xidmət etmək üçün icra etdiyini bildirən dövlət başçısı qeyd edib ki, hər bir vəzifəli şəxs öz məsuliyyətini dərk etməli və xalq üçün çalışmalıdır: "Bax, əgər hər bir yerdə, hər bir səviyyədə bu prinsiplər tam üstünlük təşkil etsə, onda ölkəmiz daha da sürətlə qabağa gedəcək. Bəzi hallarda yerli icra orqanlarının nümayəndələri öz vəzifə borclarını yerinə yetirə bilmirlər. Bəzi hallarda özlərini apara bilmirlər. Onların özləri, onların yaxınları insanları incidirlər, qıcıqlandırırlar, yersiz hərəkətlər edirlər və özlərini təvazökar aparmırlar. Belə olan halda əlbəttə ki, ciddi tədbirlər görülür və görüləcək.".
Millət vəkili Zahid Orucun fikrincə, seçkidən sonra dəyişikliklərin olması labüddür. Deputat azvision.az-a açıqlamasında bildirib ki, dəyişiklik dedikdə, söhbət süni şəkildə hansısa komitələri, qurumları ləğv etməkdən getmir.
Z.Orucun fikrincə, etiraf etmək lazıdmır ki, Azərbaycanda xeyli `şişmiş` aparatlar, buna adekvat xərclər, bürokratik təkrarçılıqlar var: “Əhalinin hər 100 min nəfərinə düşən məmur sayı haqqında kvotalar var. Bu məsələləri bizdən əvvəl kəşf edib qurtarıblar. Bu məsələdə yeni menecerliyə, işin effektiv qurulması üçün hazırlanmış dəqiq proqramlara baş vurmadan demək olar ki, Azərbaycanın 9 milyonluq əhalisinə hökumət strukturları nə qədər olmalıdır və onun ştat tərkibi nədən ibarət olmalıdır.
Etiraf etmək lazımdır ki, bizdə bürokratik təkrarçılıqlar və vətəndaşların incidilməsi halları var. Bunların aradan qaldırılması üçün hökumətin daha dəqiq işləməsi tələb olunur”.
Z.Orucun fikrincə, Prezidentin verdiyi bəyənatlar, anonslar, açıqlamalar bizdə o qənaəti yaradır ki, bu islahatlar davam edəcək: “Ölkə başçısı bu yöndə addımlarını keçmişdə də atıb və inanırıq ki, gələcəkdə də atacaq. Bütün bunların hamısı prezidentin səlahiyyətlərində olan məsələlərdir”.
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov dəyişikliyin prezidentin səlahiyyətində olduğunu deyib. Bildirib ki, əgər kimsə öz işinin öhdəsindən gələ bilmirsə, tutduğu vəzifədən azad olunur. Bunu ölkə başçısı İlham Əliyev də dəfələrlə bəyan edib.
“Məmur vəzifəyə xalqa xidmət etmək üçün təyin olunur, xalqı hakimiyyətdən narazı salmaq üçün yox. O baxımdan kim bu işləri layiqincə yerinə yetirməsə, nöqsanlara yol verəcəksə, nəinki həmin adam vəzifədən azad olunacaq, hətta məsuliyyətə cəlb olunacaq. Hərdən ortaya belə bir fikir atırlar ki, gələn ay hakim komandada kütləvi dəyişiklikllər olacaq. Azərbaycan öz stabil xətti ilə inkişaf edir və kifayət qədər ciddi iqtisadi göstəriciləri var, sosial və siyasi islahatlar həyata keçirilir. Bu islahatlarda kim mövcud ictimai-siyasi proseslərə, gedən islahatlara cavab verməyəcəksə, maneçilik törədəcəksə, o adam haqqında ölkə başçısı tərəfindən qərar qəbul olunacaq”.