Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Millət vəkili icra başçısının həbsini istədi

 

Fəzail Ağamalı: “Bəzi icra başçıları ölkə prezidentinin dəfələrlə etdiyi xəbərdarlıqdan nəticə çıxarmırlar; görünür, onları öyüd-nəsihətlə çəkindirmək mümkün deyil”

  "Xeberinfo.com": Xəbər verildiyi kimi, metronun “Koroğlu” stansiyasının yaxınlığındakı asma körpüdən özünü atmaq istəyərək intihara cəhd edən sahibkar Fəqan Nəsibovu çətinliklə də olsa, fikrindən daşındıra biliblər. F.Nəsibovun intihara cəhd etməsinin səbəbi Mingəçevirin keçmiş icra başçısı, hazırda Zərdab rayonunun icra başçısı olan Lütfəli Babayevin onun 65 min dollarını mənimsəməsidir.

F.Nəsibovun dediklərinin doğru olduğunu Zərdab Rayon İcra Hakimiyyətinin adının açıqlanmasını istəməyən nümayəndəsi də təsdiq edib. Belə ki, o bildirib ki, problemin Zərdab Rayon İcra Hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur və bu, Lütfəli Babayevlə həmin şəxsin arasında olan problemdir: “Problem Lütfəli Babayev Mingəçevirdə İcra Hakimiyyətinin başçısı olanda baş verib”.

Qeyd edək ki, Lütfəli Babayev haqqında ən çox şikayətlər olan, qanunsuz əməlləri barədə haqqında mediada ən informasiya yayılan icra başçılarından biridir. Həm Mingəçevirdə icra başçısı işlədiyi dövrlərdə, həm də Zərdabdakı fəaliyyəti sanki əsasən qanunsuzluqlardan ibarət olub. Onun nəinki sıravi sakinlərlə, hətta müavini ilə də münasibətinin gərgin olduğu haqda bir müddət əvvəl mediada xəbər yayılmışdı. Müavini Tofiq Abdullayevlə münasibətləri o həddə çatmışdı ki, T.Abdullayev ondan məhkəməyə müraciət etmişdi.

L.Babayevin rayonun poçt rəisi, “Azərenerjinin ”İmişli Regional Enerji Şəbəkəsi"nin elektrik üzrə satış müdiri Əkbər Məmmədovla da münasibətlərinin müharibə həddində olduğu haqda bir neçə dəfə mediada xəbər yayılıb.

İcra başçısından sadə rayon sakinlərinin şikayətləri isə saysız-hesabsızdır. Haqqında bu qədər şikayətlər olan bir icra başçısının hələ də vəzifəsində saxlanması isə təəccüb və suallar doğurmaya bilmir.

Bu mövzuda danışan hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında icra başçısının vətəndaşı intihar həddinə çatdırmasının xoşagələn hadisə olmadığını və bu cür məmurlarla bağlı ciddi tədbirlərin vaxtının çatdığını bildirdi: “Vətəndaşı öz həyatına qəsd etməyə vadar eləyən məmurun hərəkəti nifrətə layiqdir. Cənab prezident İlham Əliyev dəfələrlə məmurlara özünü nümunə gətirib və məmurların işinin xalqa xidmət etməkdən ibarət olduğunu bəyan edib, xalqa xidmət etməyin böyük şərəf olduğunu məmurların diqqətinə çatdırıb. Ancaq çox təəssüflər olsun ki, bu gün yerində olmayan məmurlar var. Əlbəttə, bu cür hadisələri bütün məmurlara, bütün icra başçılarına şamil etmək ədalətsizlik olardı. Lakin bəzi icra başçıları ölkə prezidentinin dəfələrlə etmiş olduğu xəbərdarlıqdan nəticə çıxarmırlar. Deməli, artıq onlar haqqında çox ciddi tədbirlər görmək lazımdır.

Görünür ki, bu cür icra başçılarını sözlə, öyüd-nəsihətlə çəkindirmək mümkün deyil. Mən çox istərdim ki, avqustun 21-də vətəndaşın özünü körpüdən atmağa cəhd hadisəsi ilə bağlı Respublika Prokurorluğu çox sərt addımlar atsın və vətəndaşı həyatına qəsd fikrinə düşməyə vadar edən adam Qobustanda, quru səhrada daş daşısın ki, özünə nəticə çıxarsın”.

Deputat bəyan etdi ki, kim daha yüksək səviyyədə yaşamaq istəyirsə, Azərbaycanda biznes imkanları var. İstehsal müəssisəsi qursun, bizneslə məşğul olsun və sair. Pulu bu cür qanuni yollarla, zəhmətlə qazansın. Lakin məmur olaraq ona verilmiş olan vəzifə səlahiyyətlərindən istifadə edərək, insanların haqqını pozaraq, haram yollarla pul qazanmaq istəyənlərin yeri azad dünya deyil: “Onlar məhz haqq etdikləri yerə göndərilməlidirlər. Mən düşünürəm ki, belələri barədə ciddi addımlar atılacaq”.

Qeyd edək ki, baş prokuror Zakir Qaralov özünə qəsd etmək istəyən Fəqan Nəsibovu qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətinin olayla bağlı məlumatında bildirilir ki, Fəqan Nəsibovun şikayəti dinlənilib. Fəqan Nəsibovun müraciəti Baş prokuror tərəfindən nəzarətə götürülməklə, şikayət ərizəsində göstərilən xüsusatların qanunamüvafiq qaydada araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam