DSX-dən xüsusi əməliyyat
2015-ci ilin avqust ayı ərzində Azərbaycanın dövlət sərhədini 23 halda pozan 28 nəfər saxlanılıb.
"Xeberinfo.com": Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, onlardan 19 nəfər Azərbaycan, 2 nəfər İran İslam Respublikası, 2 nəfər Özbəkistan, 2 nəfər Malaziya, hər ölkədən bir nəfər olmaqla Rusiya Federasiyası, Qırğızıstan və Qazaxıstan vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 10 nəfər, Xəzər dənizində 20 halda 28 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 428 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 10 kiloqram 575,9 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
5 avqust tarixində Cəlilabad rayonunun Zəhmətabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində saat 02:00 radələrində İran İslam Respublikasından Azərbaycana keçmək istəyən 2 nəfər sərhəd pozucusunun qarşısı alınıb. Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucuları geri qaçmağa müvəffəq olublar. Hadisə yerinə baxış zamanı iki ədəd bağlamada 5 kiloqram tiryək aşkar olunaraq götürülüb.
15 avqust tarixində Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində əməliyyat məlumatı əsasında sərhəd zolağında qabaqcadan gizlədilmiş 4,6 kiloqram qurudulmuş marixuananı götürərkən 1967-ci il təvəllüdlü Bakı şəhər sakini Səfərov Həsrət Əliağa oğlu saxlanılıb.
Ağstafa rayonu ərazisində sərhədboyu zonada “Qarayazı” dövlət qoruğunda 1 hektar sahədə aşkar olunmuş ümumi çəkisi 975 kiloqram olan 1760 ədəd çətənə kolları toplanaraq yandırılıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 59 halda ümumi dəyəri təqribən 513 min manat olan qaçaqmal, o cümlədən 6 413 000 Rusiya rublu, 7501 ABŞ dolları, 7411 ədəd pirotexniki maddə, pnevmatik tapança üçün 76 ədəd lülə, 1 kiloqram barıt, 1 ədəd beşbarmaq, 4125 qutu siqaret, 1 ədəd qayıq, 58 ədəd mobil telefon, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.