Aqrarkredit “pis” aktivlər ilə “köpüklənib”
“Aqrarkredit” Səhmdar Kredit Təşkilatı 2015-ci ili 288.6 min manat xalis mənfəət ilə başa vurub.
Xeberinfo.com: Ötən il təşkilatın cəmi gəlirləri 5 milyon 152,1 min manat, o cümlədən faiz gəlirləri 4 milyon 470.7 min manat, qeyri-faiz gəlirləri 681.4 min manat təşkil edib. Təşkilatın xalis əməliyyat mənfəəti 1 milyon 147.3 min manat olub və bu məbləğin 858.7 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb.
31 Dekabr 2015-ci il tarixinə”Aqrarkredit”in cəmi aktivləri 3 milyard 185 milyon 869.8 min manat təşkil edib. Aktivlərin 3 milyard 133 milyon manatı 407.8 min manatı ötən il Azərbaycan Beynəlxalq Bankı ASC-dən qəbul olunmuş toksik (pis) aktivlər olub.
Təşkilatın müştərilərə verdiyi kreditlər cəmi 23 milyon 373.3 min manat təşkil edib.
Təşkilatın öhdəlikləri 3 milyard 172 milyon 463.6 min manat, o cümlədən buraxılmış borc qiymətli kağızları (istiqrazlar) 2 milyard 497 milyon 374.5 min manat, Azərbaycan Beynəlxalq Bankı ASC-dən qəbul olunmuş aktivlər üzrə öhdəliklər 662 milyon 529.9 min manat təşkil edib.
Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı 22 oktyabr 1987-ci ildə keçmiş SSRİ Aqrar Sənaye Bankının Azərbaycan Respublikası Bankı kimi yaradılmışdır. Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı 1988-ci il yanvar ayının 1-dən fəaaliyyətə başlamışdır. 1992-ci il oktyabr ayının 26-dan Azərbaycan Respublikası Səhmdar Kommersiya Bankı kimi təsis edilmiş və 2001-ci ilədək Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasında aparılmış bank islahatlarına uyğun olaraq aprel 2001-ci il tarixdən təşkilati hüquqi forması saxlanılmaqla «Aqrarkredit» Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı adı altında fəaliyyət göstərir. (marja)