Nərimanov rayonunda gül bayramı keçirilib
"Xeberinfo.com": Bu gün Koroğlu Rəhimov küçəsi 3 ünvanda yerləşən yeni salınmış parkda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə gül bayramı keçirilib.
Ulu Öndərimizin əziz və parlaq xatirəsinə hörmət və ehtiram əlaməti olaraq ənənəvi şəkildə qeyd edilən və rayonun rəhbərliyi, ziyalılar, sakinlər və paytaxtımızın qonaqlarının iştirak etdiyi gül bayramında Nərimanov rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin şagird kollektivlərinin, uşaq tərbiyə müəssisələri nümayəndələrinin müxtəlif növ dekorativ güllərdən, dibçək və kəsilmə güllərdən, qurudulmuş gül və bitki kollarından, göz oxşayan eksponatlardan ibarət sadə və eyni zamanda, orijinal üslublu kompozisiyalaröz görünüşü və ifadəliliyi ilə seçilərək göz oxşayıb.
Bayram libasına bürünmüş parkda təbiəti sevən, təsviri sənətə həvəs göstərən uşaqlar öz istedadlarını birbaşa nümayiş etdirmək imkanı qazanmışdılar. Ümummilli Liderimiz Heydər Əliyevin tər çiçəklərdən “toxunmuş” portret xalçası tədbirə qatılan insanlarda duyğulu hisslər oyatmışdır. Fidan balaların gülləri xatırladan müxtəlif libaslarda parka gəlişi isə bayram ovqatını daha da artırıb.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bahar çiçəkləri ilə anılması əlbəttə ki, Ulu Öndərin xatirəsinə xalqımızın dərin hörmət və ehtiramını nümayiş etdirir. Artıq ölkəmizin hər yerində olduğu kimi Nərimanov rayonun da ənənə halını alan gül bayramı dünyanın ən nadir gözəlliklərini bir arada toplamaqla Ulu Öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, dahi şəxsiyyətin doğum gününün bu cür mötəbər formada keçirilməsi ilə yadda qalır.
Axşam saatlarınadək davam edən tədbirdə sərgilənən və müsabiqədə iştirak edən sənət əsərləri Bakı Şəhər İcra Hakimiyyətinin qiymətləndirmə komissiyası tərəfindən müxtəlif nominasiyalar üzrə dəyərləndirilib.