Təhsil İdarəsində “direktor” qalmaqalı - “Bəhruz Mehdiyev gözdən pərdə asmaqdan ötrü...” -İLGİNC
Yenixeber.org: Məlumata görə, yerdəyişmə prosesində İdarə ictimai qaydada elan etdiyi qaydaları özü pozub. İmtahandan keçənlər kənarda qalıb, imtahanda iştirak etməyən 64 yaşlı kadr direktor təyin olunub.
İddia edilir ki, müsabiqəyə 16 nəfər direktor müraciət edib, imtahandan 12 nəfər keçib, sonda isə 6 nəfər qalıb: "Onların arasında ballar eyni olarsa, məktəblərinin nəticələri yuxarı olanları nəzərə alırlar və daha üstünü götürdülər. Lənkəran üzrə tam bütün müsabiqələrdən keçən 3 məktəb direktorunu çağırıb seçim təklif etdilər. Direktorlar isə narazılıq edirlər ki, onlara təklif olunan məktəblər vakant yer kimi müsabiqəyə çıxarılmamışdı. Əvvəldən müsabiqədə şagird sayı 650 nəfərlik olan Hirkan qəsəbə tam orta məktəbinin adı yazılıb, namizədlər də sənədlərini verib imtahandan keçiblər. İmtahandan sonra isə onlara bildirilib ki, artıq həmin məktəb vakant siyahısından çıxarılıb. Təklif edilən məktəblə heç kim razı deyil. Sonradan məlum oldu ki, Hirkan məktəbinə şagird sayı 500-dən aşağı olan digər məktəbin direktoru təyin edilib. Halbuki həmin direktor imtahandan keçməyib, rotasiya qaydasında ora düşüb. 64 yaşı var, o, məktəbdə direktor kimi cəmi 1 il işləyə biləcək. Faktiki olaraq Hirkan məktəbində 4 ildir, direktor yox idi. 4 ildir, hamı imtahandan keçir, amma hansısa bəhanələrlə “olmaz” deyirlər. Bəs indi 64 yaşlı adamı o məktəbə hansı səbəblə direktor qoymusunuz? Belə əsaslandırırlar ki, guya 64 yaşlı direktorun öz məktəbi, yəni 9 saylı məktəb 7 nömrəli məktəbə birləşib. Əslində, hazırda Rövşən Bədəlov adına 9 nömrəli tam orta məktəb öz fəaliyyətini yalnız tam orta təhsil səviyyəsi - X-XI siniflər üzrə davam etdirir. Niyə məhz vakansiyaya çıxardığınız məktəbə imatahandan keçməyən şəxsi vermisiniz? Regional İdarənin ərazisinə 6 rayon - Cəlilabad, Yardımlı, Masallı, Lənkəran, Astara, Lerik daxildir. Müsabiqəyə həmin rayonlarda işləyən direktorlar, müəllimlər qatılıblar. Məsələn, Yardımlıdan gələn müəllimə müsabiqədən keçib. Halbuki əvvəlcədən hansı məktəbdən gəldiyini də qeydə alıblar. Son anda isə ona deyiblər ki, sən Yardımlıdansan, orada şagird sayı 500-dən yuxarı məktəb yoxdur. Müəllim də deyir ki, yox idisə, məni niyə imtahana buraxdın? Lənkəran-Astara Regional Təhsil İdarəsi heç bir mövqe bildirmir. Gizlənirlər, zəng edirik, telefonu açmırlar. Uğur qazanmış gənc kadrların haqqına girirlər. Adı olub, özü olmayan İdarənin müdiri Bəhruz Mehdiyev, görəsən, gözdən pərdə asmaqdan ötrü keçirdiyi imtahan zamanı uğur qazanmış gənc direktorlara hansı vədləri verməklə onları "başından edib?" İdarənin tabeçiliyində olan müəssisələrdə 65 yaşı tamam olmuş işçilərin hələ də işləməsi kimlərin marağındadır? Bu, sual altındadır. Burada əsas fiqur Lənkəran-Astara Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rəhim Rəhimovdur..."
Məsələni aydınlaşdırmaq üçün Pravda.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanlasa da, heç bir mövqe bildirilməyib.
Aytəkin Qardaşova, (pravda.az)