Paytaxt bazarında bahalığı kimlər yaradır?
Rəsmi “Azərbaycan” qəzeti paytaxtda yerləşən bazarlarda kənd təsərüfatı mallarının baha olmasının səbəbini araşdırıb
"Xeberinfo.com": Həmin araşdırmanı təqdim edirik:
Rəsmilər bunun əsas səbəblərindən birini fermerin öz məhsulunu bazara gətirən kimi bir çox hallarda möhtəkirlərin onu bir yerdən dəyər-dəyməzinə alaraq dəfələrlə şişirdilmiş qiymətlə satışını həyata keçirmələri ilə əlaqələndirirlər.
Son illər respublikamızda istehlak bazarının qorunması, satış məntəqələrində süni qiymət artımının qarşısının alınması istiqamətində əhəmiyyətli addımlar atılır. Bu baxımdan ölkədə yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması vacib şərtlərdəndir. Qeyd olunanlar əsas götürülməklə kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə nail olunması aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətləri kimi diqqətdə saxlanılır.
Bununla belə, məhsulun istehsalçıdan istehlakçıya çatdırılması mərhələsində mövcud maneələrin aradan qaldırılması da vacib məsələlərdəndir. Ərzaq bazarında süni qiymət artımının qarşısının alınması, kənd təsərrüfatı və ərzaq məhsullarının qəbulu üzrə ixtisaslaşdırılmış terminalların və onların saxlanılması üçün anbarların yaradılması da gündəlikdədir. Paralel olaraq həmin məhsulların daşınmasına xidmət edən nəqliyyat infrastrukturunun təşkili, xüsusi ərzaq mağazaları şəbəkəsinin genişləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsinə də ehtiyac var.
Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir-birinin davamı olaraq məntiqi ardıcıllıqla imzaladığı fərman və sərəncamlar xüsusi qeyd olunmalıdır. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası sahəsində əlavə tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı məhsulları ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması və ərzaq bazarının səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014 cü il tarixli sərəncamı proqram xarakterli olmaqla icraçı strukturların qarşısına yeni vəzifələr qoyur. Sərəncamda ölkədə şişirdilmiş qiymətlərin olması, özəl “fermer mağazaları”, “yaşıl marketlər” və topdansatış mərkəzlərinin yaradılması zərurəti əksini tapır. Eyni zamanda, sərəncamda Kənd Təsərrüfatı Nazirliyinin və digər müvafiq dövlət qurumlarının işinin effektsizliyi, ona görə də qiymətlərin yuxarı olması məsələsi yer alırdı. Qiymətə təsir etmək üçün bolluq yaradılması isə bu sənədin əsas məğzini təşkil edir.
Sərəncamın imzalanmasından ötən müddət ərzində onun icrası ilə əlaqədar həyata keçirilən tədbirlər haqqında məlumat əldə etmək üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etdik. Bildirildi ki, Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarının normal fəaliyyət göstərməsinin təmin edilməsi, rayonlardan məhsul gətirən istehsalçılara normal şəraitin yaradılması daim nazirliyin diqqət mərkəzindədir. İstehsalçıların bazarlara çıxış imkanlarını məhdudlaşdıran hər cür süni maneələrin aradan qaldırılması üçün tədbirlər görülür. Bundan başqa, yarmarkalara göndərilən məhsulların çeşidlərinin və həcminin artırılmasında dönüş yaradılması istiqamətində ardıcıl işlər görülür.
Kənd rayonlarında (rayon mərkəzlərində, qəsəbələrdə, əhalisi çox olan kəndlərdə) kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarının keçirilməsi, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması da diqqətdə saxlanılan məsələlərdəndir. Ona görə də kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi məqsədilə kənd rayonlarının icra hakimiyyəti başçılarına məktublar göndərilib.
“Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq kənd rayonlarında kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsinə və eyni zamanda Bakı şəhərində keçirilən yarmarkalarda əlverişli ticarət mühitinin və məhsul bolluğunun yaradılmasına dəstək verilməsi məqsədilə respublikanın şəhər və kənd rayonlarının icra hakimiyyəti başçılarına göstəriş verilməsi üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasına, bundan başqa, möhtəkirliyin qarşısının alınması və yarmarkaların normal fəaliyyətinin təmin olunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə və Daxili İşlər Nazirliyinə də müraciət olunub. Həmin müraciətlərdə yarmarkalar keçirilən ərazilərin sanitar-gigiyenik normalara uyğun olmasının təmin edilməsi də əksini tapıb.
Nazirlik kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarında təşkilati işlərin səmərəliliyinin artırılması, nəzarətin gücləndirilməsi və məhsulların satışında qarşıya çıxan problemlərin vaxtında həll edilməsinə də həssas yanaşır. Bu məqsədlə baş verən neqativ halların, xüsusən də qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması üçün Kənd Təsərrüfatı Nazirliyinin yarmarkalara təhkim edilmiş əməkdaşlarından ibarət işçi qruplarının üzvlərinə ciddi tapşırıqlar verilib.
Ötən bir il ərzində yarmarkalarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması, dövlət baytarlıq və fitosanitar nəzarətinin gücləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Həmçinin ekspertiza işlərinin vaxtında aparılması məqsədilə yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunub.
Görülmüş tədbirlər nəticəsində Bakı şəhərinin Nərimanov, Xətai və Yasamal rayonlarının ərazilərində xüsusi olaraq metal konstruksiyalı, rahat sökülüb yığıla bilən, texniki normalara, müasir tələblərə cavab verən nümunəvi yarmarkalar təşkil edilib. Həmin yarmarkalarda rayonlardan məhsul gətirən istehsalçılara normal, lazımi şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşması təmin olunub.
Bakı şəhərində cari ildə 108 yarmarka keçirilib və yarmarkalarda 25 min 533 ton müxtəlif kənd təsərrüfatı məhsulları, o cümlədən 304 ton ət, 191 ton süd, 10 min 78 ton tərəvəz, 3518 ton kartof, 10 min 274 ton meyvə, 921 ton bostan, 70 ton konserv, 174 ton taxıl məhsulları və 1.523 min ədəd yumurta satılıb.
Sərəncamdan irəli gələn tələblərin yerinə yetirilməsi ilə əlaqədar icraçı strukturlardan biri də İqtisadiyyat və Sənaye Nazirliyidir. Qurumdan verilən məlumatda bildirildi ki, respublikanın regionlarında və Bakı şəhərinin ətraf ərazilərində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistik mərkəzlərin, yüksək baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə uyğun müasir ət kəsimi və meyvə-tərəvəz emalı müəssisələrinin yaradılmasına olan ehtiyacların müəyyənləşdirilməsi üzrə hərtərəfli araşdırmalar aparılıb. Paralel olaraq müvafiq sahələr üzrə nümunəvi investisiya layihələri hazırlanaraq Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) rəsmi internet səhifələrində yerləşdirilib.
Bununla yanaşı, SKMF tərəfindən sahibkarlıq subyektləri arasında stimullaşdırıcı tədbirlər də reallaşdırılıb. Bu məqsədlə 2014-cü il ərzində “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forumlar keçirilib. Forumların nəticəsi olaraq sahibkarlıq subyektlərindən konkret investisiya layihələrinin, o cümlədən logistik mərkəzin, ixtisaslaşdırılmış “yaşıl market”lərin yaradılması ilə bağlı investisiya təkliflərinin qəbulu üçün kütləvi informasiya vasitələrində elanlar verilib və müvafiq təşviqat tədbirləri həyata keçirilib.
Eyni zamanda, SKMF-nin vəsaiti hesabına 2014-cü il ərzində tutumu 152 min ton olan 6 logistik mərkəzə 32,7 milyon manat və 3 ixtisaslaşdırılmış “yaşıl market”ə 1,8 milyon manat güzəştli kreditlər verilib. Maliyyələşdirilmiş layihələr hesabına 500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
İstehsalçıların artan tələbatının daha dolğun ödənilməsi, onların seçim imkanlarının genişləndirilməsi məqsədilə Bakı şəhərində Novruz bayramı ilə əlaqədar 5 gün ərzində 7, Yeni il bayramı ilə əlaqədar 5 gün ərzində 8 müxtəlif yerdə bazarla müqayisədə daha ucuz qiymətə ərzaq və kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları təşkil olunub.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov da məsələyə münasibət bildirərək dedi: “Biz “yaşıl marketlər”lə bağlı məsələni “Kooperasiya haqqında” qanuna da daxil etmişik. İdeya ondan ibarətdir ki, hər yerdə belə marketlər, xüsusən də bazar yaradılsın. Bu məsələdə bələdiyyələrin də üzərinə böyük vəzifələr düşür. Belə ki, şəhər yerlərindəki bələdiyyələr meyvə-tərəvəz istehsalı ilə məşğul olan kənd rayonlarındakı fermerlərlə müqavilə bağlayıb həmin məhsulların şəhərdə satışını təmin etməlidirlər”.
Komitə sədrinin sözlərinə görə, belə analoqlar Avropa ölkələrində mövcuddur və özünü yüksək səviyyədə doğruldur da... Deyək ki, Bakı şəhərinin istənilən rayonunun aidiyyəti qurumu həmin rayonda yaşayan insanların sayını və onların ərzaq məhsullarına tələbatını öyrənir. Bundan sonra ona lazım olan ərzağın istehsalı ilə məşğul olan fermeri müəyyənləşdirir. Ardınca “yaşıl market” təşkil olunmalı və fermer də öz məhsulunu gətirib orada rahat şəkildə satmalıdır.
İndiki halda isə fermer öz məhsulunu bazara gətirən kimi bir çox hallarda möhtəkirlər onu bir yerdən dəyər-dəyməzinə alaraq dəfələrlə şişirdilmiş qiymətlə satışını həyata keçirirlər. Bu da, sözsüz ki, paytaxt bazarlarında bahalığın meydana gəlməsinə şərait yaradır. Belə halların qarşısının alınması, zəruri tədbirlər görülməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin müvafiq strukturu səylərini daha da artırmalıdır. O zaman fermer öz məhsulunu daha münasib qiymətə satmaqla növbəti il üçün də bol məhsulun təməlini qoya bilər.
Bütün qeyd olunanlardan da göründüyü kimi, sərəncamın verilməsindən ötən dövr ərzində fermerlərin istehsal etdikləri məhsulları istehlakçılara çatdırmalarında aidiyyəti strukturlar tərəfindən məqsədyönlü tədbirlər görülüb. Bu da, heç şübhəsiz ki, süni qiymət artımı hallarının azalmasına təsirsiz ötüşməyib. Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı ərəfəsində təşkil olunmuş 5 günlük yarmarkalarda bu hal özünü daha aydın şəkildə göstərdi. Bayramlarda bazarlarda süni qiymət artımına adət etmiş vətəndaşlar bu dəfə onun tam əksi ilə rastlaşdılar. Düşünürük ki, aidiyyəti dövlət strukturları tərəfindən yarmarkalara və ümumilikdə istehlak bazarına nəzarətin hazırkı şəkildə davam etdirilməsi, sözsüz ki, həm müştərini razı salar, həm də məhsulun satışını həyata keçirən istehsalçını...