Nazir oğlunun yeraltı biznesinə ağır zərbə
Yeraltı keçidlərdə söküntü işləri davam edir
"Xeberinfo.com": Məlumata görə, yanvarın 13-dən etibarən şəhərin Akademik Milli Dram Teatrı ilə üzbəüz yeraltı keçiddə və metronun "28 may" stansiyasına bitişik ticarət mərkəzindəki alış-veriş köşkləri sökülüb.
Akademik Milli Dram Teatrı ilə üzbəüz yeraltı keçiddəki söküntü ilə bağlı reportaj hazırlamışdıq. Bu dəfə söküntülərlə bağlı metronun "28 may" stansiyasına bitişik ticarət mərkəzinə baş çəkdik.
Burada da vəziyyət digərindən fərqlənmirdi. Satıcıları xəbərdarlıq etmədən keçiddən çıxarıblar. Və onların hər birinə buna görə, maddi ziyan dəyib.
28 May ticarət mərkəzinin xüsusi mülkiyyətçisi “Royal İsteyt” MMC şirkətidir. Sökülən ticarət köşklərinin sahibləri burada çalışmaq üçün adı çəkilən şirkətlə müqavilə imzalayıblar. Və onların hər biri 3-4 kvadratmetr yer üçün şirkətə 15-20 min manat arasında pul ödəyiblər. Bundan əlavə aylıq icarə haqqı da ödəyən satıcılar, hazırda çarəsiz durumdadırlar: "Biz burada özbaşına işləməmişik. “Royal İsteyt” MMC şirkəti buranı satıb, biz də almışıq. Mən şəxsən özüm 3 kvadratmetr yerə görə, 13 min manat pul vermişəm. İndi isə bizi buradan çıxartdılar. Şirkət də özünü məsələdən uzaq tutur. Bizə cavab vermir. Sadəcə deyirlər ki, bu məsələ onlara aid deyil".
Şahin adlı satıcı deyir ki, söküntüdən bir neçə gün öncə yanvar ayının icarə haqqını verib: "Hər şey cəhənnəmə olsun. Söküləcəyini bilə-bilə bizdən aylıq icarə haqqını da alıblar. Hazırda işsizəm, satmalı olduğum malları evimdə saxlamışam. Amma bu ayın pulunu vermişəm. Təkcə mən yox, hamı verib. Üstəlik ödədiyimiz pullar az da deyil. Mən 400 manat ödəyirdim. Amma 500, 600, 800, 1000 manat verən də var idi".
Satıcılara söküntünün səbəbi kimi, bunları deyiblər: "Qanunsuzdur. Buna görə də, sökülməlidir". Amma məsələ bununla bitmir. Akademik Milli Dram Teatrı ilə üzbəüz yeraltı keçiddəki söküntünün səbəbi Avropa Oyunlarına görə idi. Çünki şəhərə gələn qonaqlar, bu keçidlərdən istifadə edəcəklər. Bu zaman səliqəsiz köşkləri görmələri yolverilməzdir. "28 may" stansiyasına bitişik ticarət mərkəzindəki ticarət köşklərinin sökülmə səbəbi də eynidir. Əgər məsələ qanunsuz tikili olması ilə bağlıdırsa, “Royal İsteyt” MMC şirkəti də məsuliyyətə cəlb edilməlidir. Axı bu qanunsuz tikilən köşkləri sahibkarlara adı çəkilən şirkət satıb. Həm də yaxşı qiymətlərə...
“Royal İsteyt” MMC şirkətinin adı bu məsələdə yetərincə hallanır. Qeyd edək ki, adı çəkilən şirkət nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbəri olduğu "Qarant Holdinq"ə daxildir. Bu haqda şirkətin rəsmi saytında da qeyd edilib (http://www.garant.az/az/%C5%9Eirk%C9%99tl%C9%99r/0301-33). Adı çəkilən şirkətin yerləşdiyi ünvan da çətin yerdə deyil, Ziya Məmmədovun tabeliyində olan Bakı Beynəlxalq Avtovağzaldadır...
Satıcılar hazırda öz pullarını tələb edirlər. Şirkət isə onlara cavab vermir. Əgər verdikləri pulları geri ala bilməsələr, Prezident Aparatının, Nəqliyyat Nazirliyinin qarşısına yürüş edəcəklərini deyirlər.
Qeyd edək ki, adı çəkilən yeraltı ticarət mərkəzində öncədən planlaşdırılaraq tikilən dükanlara toxunulmayıb. Onlar öz fəaliyyətlərinə davam edirlər.
Müsavat.com