Saleh Məmmədov Tərtərdə villasına kimi çağırır, kimi yox?!
Vaxtilə milyardlar toplamış, topdağıtmaz biznes imperiyasına malik sabiq nəqliyyat naziri Ziya Məmmədov və onun hesabına karyera yüksəlişi yaşamış komanda var idi.

Yenixeber.org: Sonra ona dönük çıxan komanda üzvləri vəzifələrində yüksəlsələr də, keçmiş naziri yarı yolda qoydular. Hətta kim bilir, nə ona bir dost kimi zəng edirlər, nə görüşürlər. 

Amma hərəsi ölkənin nəqliyyat infrastrukturunda mühüm postlara yiyələnmiş həmin məmurlar indi azı Z.Məmmədov qədər var-dövlətə, sərvətə sahiblənməkdədirlər. 

Bu da azmış, “Şakir Şəkəroviç”in aqibətini yaşayan Ziya Məmmədovu axtarıb-aramayan keçmiş silahdaşları, onun sayəsində vəzifələr qalxmış məmurlar tez-tez bir araya gəlir, ziyafətlər təşkil edir, yeyib-içib gələcək günlərin sağlığına badə qaldırırlar. 

 Belə bir iddia dolu məlumatla çıxış edən sosial şəbəkə istifadəçiləri şərhlərin birində yazıblar ki, söhbət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sədri Saleh Məmmədov və Azərbaycan Dəmir Yolları QSC sədri Cavid Qurbanovdan gedir. 

Həqiqətən də vaxtilə “Azəryolservis” ASC-də sədr müavini olan S.Məmmədovun indi Avropadakı biznesi üzə çıxır, milyonluq səltənətləri aşkarlanır. Bütün bunlar həm də Ziya Məmmədovun ona açdığı cığırın nəticələridir. 

Məlumatlı qaynağın sözlərinə görə, S.Məmmədovun kəhkəşanı Tərtər rayonuna qədər gedib çıxıb. Agentlik sədrinin bu sərhəd rayonunda tikdirdiyi villası dostları ilə ziyafət, məclis ünvanlarından biridir. 

Belə iddialar var ki, S.Məmmədov baş dəmiryolçu C.Qurbanovu və digər vəzifəli dostlarını vaxtaşırı başına toplayaraq, Tərtərdəki villasında qonaqlıq məclisi təşkil edir. 

Amma bu ziyafətə dəvətlilər arasında istərsə S.Məmmədovun, istərsə C.Qurbanovun irəliləməsində əməyi olmuş Z.Məmmədov olmur. Daha doğrusu, dəvət edilmir. 

Ustadına kəm baxan S.Məmmədovun etinasızlığından, lovğalığından əlavə, Z.Məmmədovla əlaqə saxlamaması qorxudan irəli gəlir. 

Artıq “vurulmuş” keçmiş nazir yuxarıların qəzəbinə tuş gəlmiş şəxsdir. Agentlik sədri tərəddüd edir ki, Tərtərdəki villasına dəvət eləsə, birdən yuxarıların qulağına çatar, “qələmi qırılar”. Odur ki, başını aşağı salaraq işini görür, Avropadakı biznesini idarə edir. 

Anaxeber.info qeyd edir ki, bu ölkədə bir şəhid övladı yoxdur ki, Avropada təhsil alsın. Bu ölkənin bir köçkünü yoxdur ki, özünə malikanə ucaltsın. Bu ölkədə bir Qarabağ əlili görməzsiniz ki, Qərb dövlətlərində şirkət qursun.

Amma siz zülmətə qərq olmuş, sərvətlərlə dolu məmləkətdə zirzəmilərdə məşəqqət içində yaşayan, nəmiş, soyuq divarlar içində ümidsiz sabahını gözləyən minlərlə həmvətən görə bilərsiniz.

Siz torpağı əlindən alınan qazi, təhsil haqqını ödəmək üçün böyrəyini satan tələbə, uşağını təcili əməliyyat etdirmək üçün nişan üzüyünü satan valideyn görə bilərsiniz.

Siz onu da görə bilərsiniz ki, hava haqqında məlumat verən keçmiş nazir Hüseynqulu Bağırovdan tutmuş, əkin sahələrini suvaran Əhməd Əhmədzadəyə, yol idarəsi müdirliyindən Qubanın icra başçısı vəzifəsinə qədər irəliləyən Ziyəddin Əliyevə qədər hər biri övladına Böyük Britaniyada, Avstriyada, Çexiyada mal-mülklər, şirkətlər qurublar, biznes imperiyası sahibi olublar.

Görəsən, bu ölkədə bir şəhid ailəsinin ya da Qarabağ qazisinin Qərb dövlətlərində niyə firması, hamamı, şəxsi bank hesabı yoxdur? Yoxdur, ola da bilməz.

Amma Qərb dövlətində Quba “xanı” Ziyəddin Əliyevin, onun vaxtilə böyüməsində müstəsna xidməti olan indiki Azərbaycan Avtomobil Yollar Agentliyi sədri Saleh Məmmədovun oğlunun ölənə qədər bəs edəcək varidatı var.

Bir zamanlar “Azəryolservis” ASC-də “qaz vurub, qazan dolduran”, Cavid Qurbanovun patronajlığı altında neftin neft vaxtında dövlətin büdcəsini zorlayan, tar-mar edən bu məmurlar özlərinə ortabab vəzifə sığortaladıqdan sonra Avropada məskunlaşmaq üçün şirkətlər yaratmağa başladılar.

Onlar təkcə Qərbdə biznes qurmayıblar, həm də gələcəklərinə zəmanət qazanıblar. S.Məmmədov da yol agentliyinin müvəqqəti olduğunu anlayır, Z.Əliyev də Qubada ömürlük icra başçısı olmayacağını başa düşür. 

Ona görə övladlarına Avropada biznes qururlar. Xatırladaq ki, jurnalist Cavanşir Həsənli növbəti faktda Ziyəddin Əliyevin Avstriyanın paytaxtı Vyanada Sübhan Məmmədli adlı şəxslə şərikli şirkət açdığı barədə məlumat açıqlayıb.

Sənədlərə əsasən adıçəkilən şəxslər 22 iyul 2017-ci il tarixdə Vyana ədliyyəsində 30 min avro nizamnamə kapitalı və FN 457017 i saylı lisenziya ilə S.M.A.N Business Solutions GmbH şirkətini qeydiyyatdan keçiriblər.

Hazırda şirkət Kaiser-Ebersdorfer Straße 81/1 Wien ünvanında qeydiyyatdadır. Demə 56 yaşlı icra başçısının şəriki 22 yaşlı gənc imiş. Şirkət açarkən isə onun 20 yaşı vardı.

20 yaşında Avstriyada, 21 yaşında İngiltərədə şirkət açır, Londonun zənginləri sırasında ən gənc milyonerlərdən biri kimi tanınır. Təbii ki, o nə Şpiegel, nə Zukerberq, nə də "Stripe"nin sahibidir.

O, korrupsiyanın əsas subyektlərindən biri kimi cəmiyyətdə haqlı şübhələr doğuran Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğludur.

Təəccüb doğurmur. Saleh Məmmədovla Ziyəddin Əliyev uzun illərdən bəri "Azəravtoyol"da işləyiblər və yaxın dostluq münasibətləri var. Bu da nəticəsi!

Saleh Məmmədovun oğlu Sübhan Məmmədli 2015-ci ildən indiyə kimi Londondakı King's College-də təhsil alır. Təbii ki, digər məmur balaları kimi məmur atalarının geniş imkanları hesabına...

Bəli, uşaqlar Avropada biznesi idarə edir, özləri də Tərtərdə villaya toplaşıb bahalı məclislər qururlar, ustadlarını yada salmadan...(cahan.info)