Nərimanov rayonunda beynəlxalq əlillər günü qeyd olunub
3 dekabr 2014-cü il tarixdə Beynəlxalq Əlillər Günü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
"Xeberinfo.com": Rayon rəhbərliyinin və rayon ərazisində yaşayan müxtəlif kateqoriyadan olan əlillərin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov BMT tərəfindən təsis olunan və dekabrın 3-də bütün dünyada keçirilən Beynəlxalq Əlillər Gününün xalqımızın ümummilli lideri Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, 1994-cü ildən Azərbaycanda da hər il qeyd edildiyini, ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi, əlillərin də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu, onların bütün problemlərinin həlli üçün zəruri tədbirlərin həyata keçirildiyini bildirib.
Daha sonra tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova və İlqar Mirzəyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov əlillərin rifahının yaxşılaşdırılması, onların problemlərinin həllinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın daim diqqət yetirdiyi əsas məsələlərdən olduğunu vurğulayaraq, bu qəbildən olan insanların sosial problemlərinin həlli, mənzil şəraitinin daha da yaxşılaşdırılması və pensiya müavinətlərinin artırılması sahəsində atılan məqsədyönlü
addımların bunun bariz nümunəsi olduğunu xüsusilə diqqətə çatdırıb.
Ölkəmizin hər yerində olduğu kimi, Nərimanov rayonunda da əlillərin diqqət və qayğı ilə əhatə edildiyi, rayonda fəaliyyət göstərən fiziki və sağlamlıq imkanları məhdud şəxslərin müalicə olunduğu, təhsil aldığı təhsil və səhiyyə müəssisələrində onların bu və ya digər problemlərinin həlli, cəmiyyətə fəal inteqrasiya olunması istiqamətində müvafiq işlərin görüldüyü qeyd edilib.
Çıxış edən əlillər sürətlə inkişaf edən ölkəmizdə əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından ətraflı söhbət açıb, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda əlillərə İcra Hakimiyyəti tərəfindən ərzaq yardımları paylanmışdır.