Yeni Seçki Məcəlləsi:nələr dəyişib?
Akif Qurbanov: “Seçki prosedurlarının icrası baxımından heç nə dəyişmir, amma…”
Yenixeber.org: 11 apreldə növbədənkənar prezident seçkisi keçirilməsi ilə bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. Xatırladaq ki, ötən il Seçki Məcəlləsində də müəyyən dəyişiklik edildi. Bəs mövcud dəyişikliyə əsasən bu il keçirilən prezident seçkilərinin 2013-cü il seçkilərindən fərqi nə olacaq?
Ekspert Akif Qurbanov bildirib ki, əslində seçki prosesində heç bir ciddi dəyişiklik olmayacaq: “Sadəcə olaraq seçkilərin vaxtı dəyişir. Əvvəl növbəti seçkilər olurdu, indi isə növbədən kənar seçkilər keçiriləcək. Seçki prosedurlarının icrası baxımından heç nə dəyişmir. İki ay qalmış seçkilərə start verilir, namizədlərin irəli sürülməsinin, namizədlərin qeydə alınmasının, təşviqat dövrünün və seçkilərin elan olunmasının hamısının vaxtı var. Növbədən kənar seçkilər də konstitusiyaya edilən son dəyişikliklərin nəticəsinə istinadən elan edilib. Konstitusiyada son referendumda 101-ci maddəyə dəyişiklik edilib. Bundan sonra Seçki Məcəlləsinin 179-cu maddəsinə də dəyişiklik edildi. Bu dəyişikliyə görə də növbədənkənar seçkilərin təyin olunması prezident tərəfindən istənilən dövrdə həyata keçirilə bilər”.
Lakin söylənənlərlə bərabər ötən ilin dekabr ayında Seçki Məcəlləsində Müşahidəçilərin hüquq və vəzifələri, Seçki qutuları və Seçki məntəqəsində səslərin hesablanması və digər maddələrə dəyişikliklər edilib.
Həmin dəyişikliklər aşağıdakılardır:
Dəyişikliyə əsasən, 42.2.9-cu maddədə “möhürləndiyi” sözü “kilidləndiyi” sözü ilə əvəz edilib.
Dəyişilən 42.2.9-cu maddədə deyilir ki, seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə başladığı və seçki qutularının kilidləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara daxil olmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə çıxarmaq və ya almaq (müşahidəçinin tələbi ilə seçki komissiyası adı çəkilən sənədlərin surətlərini təsdiq etməlidir), səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq.
Digər bir dəyişikliklə 103.4-cü maddənin birinci cümləsində “möhürlənir” sözü “kilidlənir” sözü ilə, ikinci cümləsində “Möhürlər” sözü “Kilidlər” sözü ilə əvəz edilib. Dəyişilən variantda deyilir ki, səsvermə günü seçki qutuları məntəqə seçki komissiyasının sədri tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada kilidlənir. Kilidlər plastikdən hazırlanmalıdır və hər birinin öz nömrəsi olmalıdır.
103-cü maddə Seçki qutuları adlanır.
Digər bir dəyişikliklə 104.5-ci maddədə “möhürləyir” sözü “kilidləyir” sözü ilə əvəz edilib.
Bildirilir ki, seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib kilidləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir.
Digər dəyişikliklə 106.1-ci maddənin beşinci cümləsindən “və zərf” sözləri çıxarılıb, yeddinci cümləsində “möhür və plomblarının” sözləri “kilidlərinin (daşınan seçki qutusunda isə həmçinin yarığın üzərindəki möhürün)” sözləri ilə əvəz edilib.
Bildirilir ki, seçki bülleteni almış seçicilərin imzalarının sayı səsvermənin yekun protokoluna daxil edilir. Eyni zamanda, səsvermə vəsiqəsi ilə səs verən və ayrıca seçki məntəqəsindən kənarda, daşınan seçki qutusundan istifadə etməklə səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının kilidlərinin (daşınan seçki qutusunda isə həmçinin yarığın üzərindəki möhürün) salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır.
106-cı maddə Seçki məntəqəsində səslərin hesablanması adlanır.
Dəyişikliklər müzakirə olunan zaman Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirmişdi ki, ümumilikdə məcəlləyə 55 dəyişiklik təklif edilib.
O qeyd etmişdi ki, dəyişikliklərin bir qismi son referendumda Konstitusiyaya edilən dəyişikliklərlə əlaqədardır. Komitə sədri eyni zamanda bildirib ki, məcəllədə 162, 164, 195 və 197-ci maddələrin ləğv edilməsi pulsuz efir vaxtının ləğv edilməsi demək deyil: “Seçkilərdə namizədlər üçün pulsuz efir vaxtı qüvvədə qalır”.
Sonda onu da qeyd edək ki, ölkədə növbədənkənar seçkilərin keçirilmə müddəti Konstitusiya ilə tənzimlənir. Bunun üçün 60 gün müəyyən edilib. Bu müddət ərzində seçki keçirilməlidir. Seçki Məcəlləsinə bununla bağlı edilən dəyişiklik isə texniki xarakterlidir(musavat.com).