Yenixeber.org xatırladır ki, ötən ilin dekabr ayında Milli Məclis növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qaydalara dəyişiklik edib.

Bu dəyişiklik Seçki Məcəlləsində həyata keçrilib. Belə ki, Seçki Məcəlləsinin 179-cu (növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsinin əvvəlki variantına əsasən növbədənkənar prezident seçkiləri barədə qərar verilərsə Mərkəzi Seçki Komissiyası bu seçkini elan edildikdən sonrakı 3 ay ərzində keçirməliydi. Lakin yeni varianta əsasən bu müddət iki aya (60 gün) endirilir. Yəni indiki halda prezident növbədənkənar seçkilər barədə qərar verərkən həmin dəyişikliyə əsaslanıb.

***11:10

Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıb ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.