Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Jurnalistikaya uzanan qara əllər

 

 

 

Jurnalistikaya uzanan qara əllər

 

 

Yenixeber.org:  Mətbuatda KİV-in dördüncü hakimiyyət olduğunu yaxşı bilirik. Bu səlahiyyətli orqanın fəaliyəti ilə yanaşı, uğurları da  danılmazdır. Amma nəzərə alsaq  ki,  jurnalistlərin gördüyü işlərin qaranlıq tərəfləri var məncə yanılmarıq. Bəlkə bir az araşdırma aparaq:- Diqqət edək görək, dördüncü hakimiyyət dediyimiz orqan hansı işləri ilə özünü ictimaiyyətə təqdim edir? Görəsən, üzü  ağdırmı, qaradırmı ? Elə bu səbəbdən dolayı diqqət çəkən nüansları  sizlərə anlatmaq istərdim. İlk olaraq günümüzdə mətbuatın fəaliyətinə nəzər salsaq,  jurnalistlərin nələrə əmək sərf etdiyinin şahidi olarıq. Sözün əsl mənasında mətbuatın azad olduğu dövrdə yaşayırıq. Görəsən, jurnalistlərimiz söz azadlığını dürüst, qərəzsiz fikirləri ilə dəyərləndirə bilirmi?!... Mənim fikrimə gəldikdə isə deyərdim ki, ƏSLA...Çünki, bu gün televiziya və mətbuatımız  kimlərinsə ciblərinə axacaq biznes mənbəyinə çevrilib. Əslində aramızda elə jurnalistlər var ki, üzərinə düşən məsuliyyəti unudaraq nəfsini maddiyyatdan asılı vəziyyətə salmışdır. Belə ki, mətbuatda yüzlərlə qəzetlərlərin olmasına baxmayaraq çoxlu sayda saytlarmız fəaliyət göstərir ki, maddi maraq naminə sosial şəbəkələrdə yalan, qərəzli,  bəzən şişirdilmiş məlumatlar yayırlar.  Belə olan təqdirdə düşünməyə əsas var ki, vətəndaş Azərbaycanda yayımlanan  bütün önəmli və dürüst xəbərlərdən məlumatsız olur. Vətəndaş dərc edilən xəbərlərin qərəzli olduğunu  dərk etdiyindən  bilmir ki, hansı qəzet və saytların  yaydığı məlumata inansın. Hətta  elə saytlar var ki, şoubiznes xəbərlərində üzdə olan tanınmışların şəxsiyyətinə “əl uzatmaqla”, hiss və duyğularına da söz atırlar. Belə olan təqdirdə bu kimi məsələlərə hansı anlamı vermək olar? Belə  məlumatların yayılması  şəxsin şərəf və ləyaqətinin təhqir edilməsi demək deyilmi?!...(belə demək mümkünsə)

 Çox təəssüf edirəm ki, mediamızda yayılan xəbərlər intihardan başlayır, şou biznes xəbərləri ilə bitir.  Vətəndaşların mətbuatdan, telekanallardan necə və hansı xəbərləri mənimsəməsi məlum məsələdir. Sanki mətbuat və televiziya  yalnız və yalnız şoubiznes əhlinə xidmət edir. Bəs bizim doğru-dürüst yazan, qərəzsiz mövqey nümayiş etdirən  jurnalistlərimizin gözləri hara baxır? Görəsən Azərbaycan  jurnalistləri daşıdığı adın saflığını niyə qoruya bilmirlər? Bu və bu kimi digər hallar  ictimaiyyətdə   birmənalı  qarşılanmadığından insanlarda  ikrah hissi yaradır. Elə bu baxımdan Azərbaycan jurnalistlərinə bir sual ünvanlamaq istərdim: --Deyin görüm, sosial durumu ağır, bir loxma çörəyini əldə edən, bir qarnı ac, bir qarnı tox yatan kasıb insanların nəyinə lazımdır ki, kim, kiminlə evləndi, kim, kiminlə boşandı, ya da kim, kiminlə sevgilidir??? Niyə sizin qələminiz insanların sosial durumundan, qarşılaşdığımız  ağır  vəziyyətlərdən yazmır? Niyə vicdanınızı qabağınıza qoyub düşünmürsünüz? Niyə təhsilin, səhiyyənin və bir çox sahələrin düşdüyü ağır durumlardan ictimaiyyətə xəbərlər vermirsiniz? Nədən xalqımıza dəstək olmaq istəmirsiniz?  Niyə axı kürsüdən dördəlli yapışan məmurların törətdikləri əməlləri ictimaiyyətə çatdırmırsınız? Axı ictimayi qınaq çox söz deyə bilər. Sizlər yazmasanız, məlumat verməsəniz Prezdent hardan bilsin ki, ölkəsində yüksək vəzifələrdə çalışan məmurlar millətin başına hansı oyunları açır. Bilirsimi, sizlər belə məsələlərdə diqqətli olmaqla yanaşı, birbaşa məsuliyyət daşıyırsınız. Axı bütün olanları  olduğu kimi yazmaq sizin vicdan borcunuzdur. Əl çəkin maddiyyat xatirinə  qatbaqat əyilməkdən!... Sizlər elə peşənin sahibisiniz ki, belə işdə pul önəmli rol oynamır. Niyə unudursunuz,  axı sizin vicdanla, qərəzsiz yazılmış fikirləriniz ictimaiyyət üçün daha dəyərlidir. Məgər, sizlər bunu bilmirsiniz? Əgər maddiyyata bu qədər marağınız vardısa, niyə bu peşəni seçirdiniz??? Görün bu gün jurnalistika hansı qara günlərini yaşayır ki, jurnalist adı gələndə ətraf mühitdə  olanlar bu ada qıcıq hissi ilə yanaşır...  

     Uzun illərdir ki,  müharibə vəziyyətində yaşayırıq. Təəccüb doğuran hal budur ki, sözügedən o “ üzüqara” jurnalistlər bu gün cəbhə bölgələrinə də ayaq açmışdır. Bəli, mətbuatda, təsadüfü jurnalist vəsiqəsini daşıyan elə şəxslər dolaşır ki, istədiyi zaman cəbhə bölgəsinə ezam olunur. Belə jurnalistlər əsgərləimizlə görüşür, şəkil çəkdirir və hətta həmin şəkilləri sosial şəbəkələrdə də paylaşırlar. Belə olan halda kim bilir düşmənlərimiz hansı məlumatları əldə edərək hissələrimizə zərbə vurmağı düşünürlər. Bəzən cəbhədə jurnalistlərin ağılagəlməz işləriylə də qarşılaşmaq mümkündür. Belə ki, nədənsə  cəbhə bölgələrinə ayaq açan  jurnalistlər əlindəki fotolarla əsgər ailələrinə yol tapmağa çalışır.  Belə düşüncənin arxasında nələr gizlənir? Təəccüblənməyə ehtiyac yoxdur. ... Məncə məqsəd və məram aydındır. Əlbəttə,  əsgər valideynlərini sevindirmək, yaranmış vəziyyətdən şəxsi maraqları üçün istifadə etmək.

 Bu gün qeyd etdiyim kimi mediamızda acınacaqlı bir durum hökm sürür. Sizcə,  nə dərəcədə doğrudur ki, şəhid cənazəsi torpağa tapşırıldığı vaxtda , valideynlərin harayı yeri- göyü lərzəyə gətirdiyi anda  gözüyaşlı valideyndən müsahibə götürülsün?... Belə bir duruma  hansı adı vermək olar? Bəzən  də onlar şəhid ailələrinin hiss və duyğuları ilə oynayır, hətta öhdəsindən gələ bilməyəcək vədlər versələr də  əməl etmirlər. Eh...daha nə bilim nələr, nələr. Sizcə,  belə odlu-alovlu vədlərə inanan şəhid ailəsi özünü güvənli hiss etməzmi?! Sözsüz ki, faciəvi durumdur:- Deyilmi?!... Bu yaxınlarda qulağıma bir xəbər çatdı və mən əsəbləşməyə bilmədim. Demək, özünü jurnalist hesab edən Sevil adlı xanım(ad şərtidir) bilirdi  ki, tanınmış  qəzet redaktoru , qəzetində şəhidlər  haqqında silsilə məqalələr dərc edir. Sözügedən jurnalist xanım isə, etmə tənbəllik, qəzetin adından və nüfuzundan istifadə edərək,  müəyyən fəndlərlə həmin ailəni tapır. Adıgedən jurnalist həmin ailə ilə danışıqlar apardıqdan sonra  onlar üçün edə biləcəyi işləri açıqlayır.  Qeyd edim ki, həmin ailənin bir çox problemi olduğundan   jurnalist xanımın onlara kömək edə biləcəyinə guman edir və bu münvanla onun bütün verdiyi sözə ümid bağlayırlar.  Məncə onun yalançı  vədləri sizlər üçündə maraqlı olar dəyərli oxucular! Yəni, əməl edə bilmədiyi vədlərindən birində  belə deyirmiş:-  “Sizin  şəhid balanızı Azərbaycan xalqına tanıdacağam”. Sizcə, bir şəhid ailəsi avazı yaxşı səslənən jurnalist sözünə sevinməzmi?! Balası şəhid olan valideyn üçün bundan artıq daha nə ola bilərdi ki?! Jurnalist xanım çox vədlər vermişdi. Lakin ortada heç bir əməli iş nəzərə çarpmırdı. İş elə gətirir ki, boş-boş  vədlər verib, sözündə durmayan o “üzüqara” jurnalist şəhid ailəsinə maddi və mənəvi ziyan vuraraq aradan çıxır. Demək  o, murdar xislətini işə salaraq şəxsi  məqsədləri üçün yararlana bilir. Hətta,  utanıb,  ar etmədən  yayın istisində istirahətini onların kəndində keçirməyi qərara alır. Sözügedən ailənin evindən pansionat kimi  istifadə edərək yaxşıca istirahət edir. Hansı ki, Sevil xanımın adından istifadə edib  karına gələn qəzet zamanında həmin şəhid haqqında sillsilə məqalələr dərc edərək heç bir maddiyyat güdməmişdir. Və yüzə yaxın qəzeti şəhid ailəsinə təmənnasız çatdırmışdır.

 Sizlər deyin:- Heç jurnalistə yaraşarmı ki, şəhidin adından istifadə edərək öz mənfəətini güdsün? Şəhidin Vətən üçün tökdüyü qan, görəsən, onun yatmış vicdanını oyatmadımı?! Belə bir sual yaranır: - Niyə Müdafiə Nazirliyi belə jurnalistlərə inanaraq onların cəbhə bölgəsindəki “ yarıtmaz, üzdəniraq  xidmətinə” zəmin yaradır. Sizcə, belələrinə etibar etmək olarmı? Maraqlıdır... Axı kimlərdir mətbuatda   “Reket” kimi tanınan jurnalistlərin cəbhə bölgələrinə ayaq açmasına  münbit şəraiti yaradanlar?  Bütün bu işlərin arxasında kimlər dayanır?

  Bəs televiziyada jurnalistlərin  fəaliyəti nədən ibarətdir? Telekanallarımızda nələr baş verir?...Hansı proqramlar nəyə və kimlərə xidmət edir?  Yəqin ki, cavablarınız çox sadə  olar dəyərli oxucular! Onu deyə bilərəm ki, insanlar  artıq eyni, mənasız, dəyəri olmayan, heç bir önəm kəsb etməyən  televiziya proqramlardan  bezmişlər.  İlk olaraq diqqətimizi  xəbər alacağımız kanallara yönəldək.   Bəzi aparıcıların  geyimləri açıq-saçıq olmaqla yanaşı,  kəmsavad olmaları  diqqəti  çəkməyə bilməz. Sanki, proqramı aparan yoldan ötən təsadüfü insandır. Hamıya məlumdur ki, Azərbaycanda hər bölgənin öz ləhcəsi var. Bəs nə dərəcədə məqbul sayıla bilər ki, proqramları aparan  jurnalistlər informasiyanı  dil mədəniyyətimizə  məhəl qoymadan  ictimaiyətə öz ləhcəsi ilə çatdırsın? Əlbəttə,  mən heç kimə dərs vermək fikrində deyləm.  Bu gün televiziyamız demək olar ki, biznes mənbəyidir. Hansı kanalın düyməsinə əlimiz toxunsa eyni sifətlərlə, eyni üzlərlə qarşılaşırıq. Artıq insanların gözü yorulub zövqsüz proqramlarda eyni simaları görməkdən. Bəzən, proqlamlara arxivini bildiyimiz, şəxsiyyətini  tanıdığımız  elə xanım və bəylər dəvət edilir ki, insanda ikrah hissi yaranır. Maraqlı məqam budur ki, belələri ictimaiyyətə əxlaq dərsi keçir.

  Görəsən, biz nə vaxt özümüz olacayıq?... Diqqətinizi yönəldirəm telekanallarda yayımlanan yerli seriallara. Əslində dövlətin vəsait ayırdığı  filmlərimiz var ki, bu gün də xalq tərəfindən sevilir. Bizim elə üzdə olan şirkətlər var ki, televiziya kanallarını zəbt edən mənəviyyatı aşılayan,  lazımsız  seriallar üçün küllü miqdarda vəsait  sərf edirlər. Çünki həmin şirkətlərin istehsal etdiyi mallar həmin seriallarda reklam edilir.  Bizlərinsə düşüncəsində belə bir fikir formalaşıb. Reklam edilən mal kefiyyətli ola bilərmi?!... Elə bu baxımdan baxdığınız serialların kefiyyətsiz olması diqqət çəkməyə bilməz. Belə demək mümkünsə, hansının sujet xətti bizim mentalitetə uyğundur? Əksəriyyəti mənəvi baxımdan antitəbliğat xarakterli olduğundan cəmiyyətdə ailə və məişət problemləri baş alıb gedir və boşanmaların sayı-hesabı bilinmir. Sizcə,  bu və bunun kimi məsələlərin gündəmi zəbt etməsində telekanalar rol oynamırmı? Əslində baxdığımız serialların əksəriyyəti xarici filmlərdən götürülmüş ssenarilərin əsasında  qurulur . Sizdən soruşuram mənəviyyatı aşılayan bu baxımsız seriallardan Azərbaycan ailəsi hansı əxlaq və tərbiyəni mənimsəsin? Olmazmı ki, teatr və kinolarımız  üçün dövlət fondundan ayırılan vəsait hesabına  qəhrəmanlarımızdan, onların döyüş yollarından bəhs edən yeni-yeni filmlər çəkilsin. Heç olmasa yeni yetişən gənc nəsil başa düşsün ki, düşmənimiz kimdir, torpaqlarımız niyə illərdir düşmən tapdağı altındadır. İnanıram ki, milli toxumu uşaqların, gənclərin qəlbinə bu yolla səpmək daha məqsədə uyğundur. Məgər Azərbaycanda yazıçı yoxdur??? Axı bizim əsrlərdən bu yana tarixi keçmişimiz var. Zamanında tariximizi əks etdirən çoxlu sayda tarixi filmlərimiz çəkilib. Gəlin yadımızdan çıxarmayaq ki, Azərbaycan oğulları bu gündə döyüş meydanlarında qəhrəmanlıq göstərir. Mən inana bilmərəm ki, bizim Milli Qəhrəmanlarımız haqqında heç nə yzılmasın. Unutmayaq ki, ədəbi mühitdə əli qələm tutan samballı yazarlarımız, şairlərimiz, dramaturqlarımız, kinoşunaslarımız ,ssenarislərimiz var. Niyə yararlanmayaq öz yazıçılarımızın ədəbi mühitə bəxş  etdikləri əsərlərdən?

  Əziz oxucular,  bütün bunları düşünəndə qəlbimdə sanki bir boşluq yaranır. Hərdən özümə sual da verirəm. Görəsən biz Azərbaycanlıyıqmı?!... Axı niyə unuduruq  televiziya  verilişləri Azərbaycanda hər evin qonağıdır. Düşünmədən deyərdim ki, hər ev yiyəsi  də gələn qonağın mənəviyyatca sağlam olmasını arzulayır. Belə olmazsa gələcəkdə hər bir evin güzgüsü ləkələnə bilər, fəsadı isə cəmiyyətdə acı nəticələrə gətirib çıxarar.

 P.S. Çox istərdim ki, jurnalistlər öz qələmlərinə tənqidi yanaşmaqla yanaşı,  bir-birinin də qələminə təhqirlə, qərəzlə yox, tənqidi yanaşsın. Bu gün qərəzsiz jurnalist hansı istiqamə baxsa  orada  yanaşa biləcəyi mövzu var. Yetər ki, DOĞRU ,  DÜRÜST olsunlar.  Verə biləcəyi məlumata öz şəxsi prizmasından yanaşmasınlar. Zənnimcə, aramızda barmaqla sayıla biləcək qədər dürüst və qərəzsiz jurnalistlər var. Belələri qaranı qara, ağı isə ağ görür və heç vaxt da vicdanlarını maddiyyatla üz-üzə qoymazlar!... Gəlin elə edək ki, Azərbaycan jurnalistikasına uzanan o “qara əllərə” qələmimizi süngüyə çevirərək cavab verək!!!

Təranə Şəms (Ajb-nin üzvü) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam